Sizin reklam burada

Dəniz Yılmaz “Bursaspor”da qaldı

Baxış Sayı:590

Dəniz Yılmaz “Bursaspor”da qaldı
Dəniz Yılmazın “Bursaspor”dan ayrılmaq üzrə olduğunu yazmışdıq. Son mövsümdə “Çaykur Rizəspor”a məlum darmadağından sonra əsas komandadan uzaqlaşdırılan hücumçunun mövsümlərarası fasilədə “timsahlar”la birdəfəlik üzülüşəcəyi gözlənilirdi. Ancaq “ağ-yaşıllar”ın yeni baş məşqçisi Pol Le Quen yığmamızın üzvünə etimad göstərib. Belədə hücumçu “Bursaspor”da qalıb. Həm forvard, həm də fransalı mütəxəssis mətbuat nümayəndələri qarşısına çıxaraq açıqlama verib.
Dəniz bunları deyib: “Keçmişə baxan və özünü tənqid etməyi bacaran hər kəs yeni şansa, yeni başlanğıca layiqdi. Keçmişdə ilişib qalmağın heç kimə bir faydası yoxdu. Bu forma üçün savaşmaq istədim və baş məşqçi mənə bu şansı verdi. Bəli, hamı kimi mənim də səhvlərim oldu. Həmçinin mənə qarşı edilən səhvlər də. Əsas bir-birimizi başa düşməkdi. Azarkeşləri anlayıram. “Bursaspor”a xeyir vermək istəyirəm və azarkeşlərdən xoşagəlməz günlərin ardından məni başa düşmələrini gözləyirəm. Məni yenidən burda görmək istədikləri üçün baş məşqçimizə və komanda yoldaşlarıma təşəkkür edirəm. Bu geridönüş hekayəsinin qapısını onlar açdı. Həmin qapıdan girdiyim andan etibarən yeganə düşüncəm azarkeşlərimizi sevindirəcək nəticələrdə pay sahibi olmaq və qısamüddətli ayrılıqdan sonra onların könlünü almaqdı”.
“Bursaspor”un çalışdırıcısının məsələ ilə bağlı fikirləri isə belə olub: “Bir neçə gün əvvəlki mətbuat konfransında Dənizlə klub arasındakı münasibətlərin düzəlməsinin çətin olduğunu söyləmişdim. Həqiqətən də çətin görünürdü. Ancaq bu gündən etibarən hər şeyin keçmişdə qaldığını, klubun mənafeyinin daha vacib olduğunu düşünürəm. Hesab edirəm ki, Dəniz komandamıza xeyir verə biləcək oyunçudu. Hazırda bizim üçün ən önəmli məqam dialoq və qarşılıqlı münasibətdi. Bunu ən yaxşı şəkildə qurmağa çalışırıq. Dəniz bu gün kollektivlə birlikdə ilk məşqinə çıxacaq. Əminəm ki, o da başverənləri keçmişdə qoyacaq və komandaya müsbət mənada xidmət edəcək. Rəhbərlik onunla bağlı məsələdə qərarsız qalmışdı. Mən məsuliyyəti üzərimə götürdüm. Çünki kimsə bunu etməliydi. Dənizin kollektivə qoşulmasını istədim. Ümid edirəm ki, bu, “Bursaspor” üçün doğru qərardı. Ona bir növ yeni transferimiz gözü ilə də baxmaq olar. Dənizə uğurlu mövsüm arzulayıram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR