Sizin reklam burada

Göyçə mahalı divizionda təmsil olunacaq

Baxış Sayı:1 010

Göyçə mahalı divizionda təmsil olunacaq
Bəhmən Həsənov: “İranlılarla anlaşa bilməsəm, təklifi dəyərləndirəcəm”

Növbəti mövsümdən premyer-liqada neçə komandanın medallar uğrunda mübarizə aparcağı dəqiq bilinsə də, eyni sözləri birinci divizion haqda söyləmək qeyri-mümkündü. Demək olar ki, hər mövsüm aşağı dəstənin sakinlərinin sıyahısında dəyişikliklər olur. Bir sözlə, peşəkar statusu daşıyan, ancaq peşəkarlıqdan əsər-əlamət olmayan birinci divizion sanki yeni tikilmiş, Fövqəladə Hallar Nazirliyinin hələ texniki pasport vermədiyi çoxmərtəbəli binadı. Kənardan bina çox yaraşıqlı görünsə də, bir mənzilə baş çəkmək kifayət edir ki, sakinlərin hansı problemlərlə baş-başa qaldığını biləsən.
Son illər aşağı dəstədə çıxış etmək istəyən, ancaq çox keçmədən mübarizədən çəkilən neçə-neçə klubun adını çəkə bilərik. Onların bəziləri maliyyə səbəbindən (“Neftçala”, “Şuşa-Qarabağ” və s.) fəaliyyətini dayandırıbsa, ikisi (“Şərurspor” və “Rəvan”) oyun alğı-satqısına görə AFFA tərəfindən çempionatdan uzaqlaşdırlıb. Aşağı dəstədə sabitliyi ilə seçilən 3-4 klub var ki, onlar da olmasa, hər il birinci divizionun tərkibi bizim bəzi elita klublarının heyəti kimi yenidən sökülüb-yığılar. Bu gedişlə qarşıdakı “futbol ili” də istisna olmayacaq. Bugünlərdə PFL prezidenti Ramin Musayev mətbuata açıqlamasında “Şüvəlan”dan başqa 2017/18 mövsümündə birinci dəstədə iki yeni klubun debüt edəcəyini bildirib. Onlar “Binə” və “Göyçə”di ki, hər ikisi paytaxtda məskunlaşacaq.
“Binə”nin paytaxtda məskunlaşmasını başa düşmək olar. Adından da göründüyü kimi, komanda Bakıətrafı qəsəbələrdən birini təmsil edəcək və klubun əsas himayədarlarından biri Xəzər Rayon İcra Hakimiyyətidi. Bəs “Göyçə”? Hazırda Ermənistan ərazisi olan qədim torpaqlarımızın adını daşıyan komanda niyə hansısa rayonda yox, paytaxtda “lövbər salmalıdı?”
Bugünlərdə klubun prezidenti Mübariz Məmmədov sport7.az saytına müsahibə verib. Bildirib ki, hansı rayondan bizə torpaq versələr, orda stadion tikib məskunlaşacağıq. Bu nə deməkdi? Belə çıxır ki, Məmmədovun əsas fikri futbola yatırım etmək yox, havayı torpaq ələ keçirməkdi. Gələcək üçün böyük planlar quran, elitanı hədəfləyən klubun başqanı hansısa rayonun icra başçısından pay ummamalı, şəxsi vəsaiti hesabına ərazi alıb stadion və baza yaratmalıdı. Məmmədovun sözlərinə inansaq, buna imkanı çatır. Bu yerdə haşiyə çıxaraq ötən ilin mayını xatırlatmaq istəyirik. 2016-cı il mayın 23-də bir çox tanınmış simaların da qatıldığı toplantıda Güləli Bağırov adlı bir hüquqşünas “Şuşa Qarabağ”ın yeni prezidenti seçildi. İxtisasca hüquqşünas (Mübariz Məmmədov müsahibəsində hüquqşünas olduğunu bildirib) olan Bağırov ilk gündən Şuşa təmsilçisi ilə böyük işlər görəcəklərini, qarşılarına böyük hədəflər qoyduqlarını söyləyirdi. Ancaq çox keçmədən, təxminən 2 aydan sonra artıq Nadiq Qasımov günün günorta çağında əlində çıraq Güləli bəyi axtarırdı ki, komandanın yığılıb qalan borclarını ödəsin. İndi nə “Şuşa Qarabağ” var, nə də onun dövlətçiliyimizin şəninə gurultulu sözlər səsləndirən prezidenti. Ötən il yaşananları yada salmaqla “Göyçə”nin də eyni aqibəti yaşayacağını iddia etmirik. Sadəcə, ssenarilər çox oxşardı. Açıqlamalar da, demək olar ki, üst-üstə düşür.
Heyətində legionerlərin də olacağı bildirilən “Göyçə”ni Bəhmən Həsənovun çalışdıracağı gözlənilir. Bu üzdən dünən Bəhmən bəyi ayayıb, komanda ilə bağlı fikirlərini öyrəndik. Ancaq Həsənov hələ məsələnin açıq qaldığını söylədi: “Bir neçə gün öncə “Göyçə”nin prezidenti Mübariz Məmmədovla görüşmüşəm. Mübariz müəllim komandanın baş məşqçisi olmağımı təklif etdi. Ancaq hələ ki razılıq verməmişəm. Mənə başqa yerdən də təklif var. Daha dəqiq desəm, İranın yüksək liqasında çıxış edən klublardan biri ilə danışıq aparıram. Onlar mənə təklif göndəriblər, mən də şərtlərimi bildirmişəm. Bu həftənin sonuna kimi bütün məsələlərə nöqtə qoyulmalıdı. İranlılarla anlaşa bilməsəm, “Göyçə”nin təklifini dəyərləndirəcəm. Onu bildirim ki, artıq bəzi futbolçularla danışıq aparıb yeni komandaya dəvət etmişəm. Mən oldum-olmadım, onlar “Göyçə”də çıxış edəcəklər. Komanda “Bakı”nın bazasından yararlanacaq və ev oyunlarını da orda keçirəcək. Sənədləşmə işlərinə gəlincə, klub prezidenti bank təminatı ilə bağlı məsələni də həll edib”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR