Sizin reklam burada

BŞH beş könüllünü İtaliyaya göndərəcək

Baxış Sayı:555

BŞH beş könüllünü İtaliyaya göndərəcək
“Formula-1” üzrə Azərbaycan “Qran-pri”sindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə, həmçinin yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq “Qran-pri”də iştirak edəcək. Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan “Qran-pri”sinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, “Formula-1” üzrə Avropa və Azərbaycan “Qran-pri”ləri, ümumilikdə “Formula-1” tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak edib. Qalib könüllülərin adları Azərbaycan “Qran-pri”si könüllüləri üçün təşkil edilmiş mərasimdə BŞH-nin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib. Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələnib. Qaliblərə sertifikat təqdim edilib. Könüllülər sentyabrın 3-də İtaliyanın Montsa şəhərinə səfər edərək klassik “Qran-pri”lərdən biri olan yarışı tribunadan canlı izləyə biləcək, həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaq.
BŞH-nin icraçı direktoru Arif Rəhimov qalib könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib: “Azərbaycan “Qran-pri”sinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadı. Buna görə sizə minnətdarıq. Könüllülük inkişafa gedən yolda ilk addımdı və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaq”.
İranə Əhmədova qalibləri təbrik edərək gələcək yarışların könüllülərini daha fəal olmağa çağırıb. Qeyd edib ki, builki yarışa hazırlıq çərçivəsində könüllülərin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırlanıb və yüksək səviyyədə həyata keçirilib. Könüllülərin inkişafı qarşıda duran ən vacib məsələlərdən biridi və bu ənənə növbəti illərdə də intensiv şəkildə davam etdiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR