Sizin reklam burada

“Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda

Baxış Sayı:691

“Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda
Yeni mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçən “Kəpəz” paytaxtda olduğu müddətdə iki yoldaşlıq görüşündə qüvvəsini sınadı. Birinci oyunda “Bakı”nı üstələyən (2:1) “sarı-qaralar” növbəti qarşılaşmada “Neftçi”ni məğlub etdi – 2:0. Hazırlığın ikinci mərhələsi üçün "Kəpəz" artıq Türkiyəyə yollanıb. İyulun 14-də vətəni tərk edən kollektiv 10 gün ərzində Ərzurumda hazırlıq keçəcək. Baş məşqçi Şahin Diniyev yetirmələrini gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxaracaq. Günün ilk məşqi Bakı vaxtı ilə saat 12.00-a, ikinci hazırlıq prosesi isə 18.00-a nəzərdə tutulub. “Kəpəz” qardaş ölkədə üç yoxlama oyunu keçirəcək ki, ayın 20-si, 22-si və 24-dəki rəqiblərin adları hələ dəqiq deyil.
Qərb təmsilçisi Türkiyəyə heç də tam tərkibdə yollanmayıb. Belə ki, yeni transfer Tural Cəlilov zədələnib. Müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub. Tural məhz bu səbəbdən “Neftçi”ylə sınaq matçında komandasına kömək edə bilməmişdi. Klub saytında yer alan məlumata görə, hazırda təcrübəli futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.
Bu arada “Kəpəz”in əvəzedici heyəti ilk yoxlama oyununu keçirib. “Sarı-göylər” “Qarabağ”ın əvəzediciləriylə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə nəticələnib. “İkincilər”paytaxtda daha iki yoxlama görüşündə gücünü sınayacaq. Bu gün “Qəbələ”nin, ayın 20-də isə “Zirə”nin əvəzedici heyətləri gəncəlilərin rəqibləri olacaq.
Sonda onu da qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydançasının qazonunun dəyişdirilməsi prosesi davam edir. Son tamamlama işlərindən - qumla torfun qarışdırılaraq əraziyə verilməsi və gübrə tökülməsindən sonra ot toxumlarının səpilməsinə başlanıb. Hollandiyadan gətirilən toxumların əkilməsi xüsusi texnikalarla bir gün ərzində həyata keçirilib. Meydançaya səpini nəzərdə tutulan 2 çeşid ot toxumundan biri uğurla əkilib. Digər növün səpilməsi isə gələn aya planlaşdırılıb. Belə ki, ilk əkilən otlar 3-4 həftəyə çıxacaq, daha sonra isə 2 həftəyə boy verən otların sahəyə səpini olacaq. Birinci mərhələdə meydana 160 kq toxum verilib. Səpin işlərindən sonra mütəxəssislər tərəfindən ərazi ciddi nəzarətə götürülür, lazımı dərmanlar və gübrələr verilir. Diqqətinizə çatdıraq ki, meydançanın təhvil verilməsi oktyabr ayına nəzərdə tutulub.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR