
Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi
Rusiyanın 1-ci divizionunda 2-ci turun oyunları keçirilib. “Fakel” Voronejdə “Şinnik”lə heç-heçə edib – 2:2. Start heyətində yer alan Samir Məsimov 58-ci dəqiqədə əvəzlənib. 2 xalla 13-cü pillədə qərarlaşan “Fakel” növbəti turda Sankt-Peterburqda yerli “Dinamo” ilə münasibətləri aydınlaşdıracaq.
Latviyanın 1-ci dəstəsində isə 11-ci tur geridə qalıb. "Olayne" evdə
"Preilu BJSS"ni darmadağın edib - 3:0. Oyunu əvəzlənmədən keçirən Vüqar Əsgərov dublla qələbədə əsas pay sahibi olub. Həmyerlimiz 86 və 89-cu dəqiqədə qonaqları məyus edib. Bununla da cari mövsüm qollarının sayını 10-a çatdırıb. 20 xalla 2-ci pillədə yer alan “Olayne” növbəti turda “Qrobina”nın qonağı olacaq.
Yeni mövsümə hazırlaşan "Boavişta" yoxlama oyunu keçirib. Portu klubu aşağı divizionda mübarizə aparan "Nasyonal"a qalib gəlib – 1:0. Emin Mahmudov ikinci 45 dəqiqədə oynayıb.
"Ayntraxt" isə ABŞ-dakı təlim-məşq toplanışı çərçivəsində yerli “San Xose” ilə üz-üzə gəlib. Almanlar yoxlama oyununda darmadağınla üzləşib – 1:4. İkinci hissədə oynamaq fürsəti əldə edən Renat Dadaşov komandasının yeganə qolunun ötürməsini verib.
SƏRXAN