Sizin reklam burada

“Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək

Baxış Sayı:982

“Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək
Azər Bağırov: “Premyer-liqada oynamış təcrübəli futbolçularla danışıqlar aparırıq”

Ötən mövsüm birinci divizionda çıxış edən “Qaradağ Lökbatan” çempionluğu və eyni zamanda premyer-liqanı hədəfləsə də, arzuları çin olmadı. Qəsəbə təmsilçisi mövsümün ilk yarısında uğursuz çıxış etdi. Bu üzdən hətta komandanın baş məşqçisi Əfqan Talıbov istefaya göndərildi. Onun yerinə isə gənc mütəxəssis Azər Bağırov gətirildi. Bağırovun gəlişindən sonra “Qaradağ Lökbatan” özünə gəldi və qələbələri sıraladı. Lakin heyətlə bağlı problemlər komandaya əsas rəqiblərlə mübarizə aparmaqda mane oldu. Nəticədə “Qaradağ Lökbatan” mövsümün 4-cü yerdə başa vurdu. Yəni elitaya vəsiqə verən pillələrdə yer ala bilmədi. Düzdü, “Turan Tovuz”la “Ağsu”nun kənarda qalması fonunda komandanın premyer-liqa şansı var idi. Lakin həmişəki problem özünü bu dəfə də göstərdi. “Qaradağ Lökbatan” hər mövsüm olduğu kimi, bu dəfə də lisenziyalaşdırmanın şərtlərinə cavab verə bilmədi və yenə elitasız qaldı.
Komanda növbəti mövsümdə də aşağı dəstədə çıxış edəcək. Artıq Azər Bağırovun yetirmələri hazırlıqlara da start verib. Təlim-məşq toplanışının gedişatı, komandadakı son durumla bağlı məlumat əldə etmək üçün baş məşqçi ilə əlaqə saxladıq. O, bir həftədi hazırlıqlara başladıqlarını bildirdi: “Məşqlərə iyulun 10-dan start vermişik. Elə doğma meydanda, yəni Lökbatan İdman Kompleksində məşq edirik. Hər gün məşq etmirik. Futbolçular istirahətdən qayıdıblar, çempionatın başlamasına da çox var. İndidən onları yükləsək, zədələr ola bilər. Bu üzdən bir gündən bir məşqlər keçirik. Əsasən də fiziki durumu qaydaya salmaq üçün çalışırıq. Özü də bu təlim-məşq toplanışı seçim xarakterlidi. 1995-96 təvəllüdlü uşaqları seçib, yaxşı və döyüşkən komanda formalaşdıracağıq”.
Bağırovun sözlərinə görə, komanda 5 yoxlama oyunu keçirməyi planlaşdırır: “Ayın 20-dən yoxlama oyunlarına başlayacağıq. 5 oyun planlaşdırmışıq. Yoxlama görüşləriı iyulun 30-na kimi keçiriləcək. 20-də “Binə”, 22-də “Qəbələ”nin əvəzedici komandası, 25-də “Qarabağ”ın əvəzedici komandası və ayın 28-də “Şüvəlan”la qarşılaşacağıq. İyulun 31-dəki rəqibimiz isə hələlik bilinmir. Danışıqlar aparırıq, görək kim bizimlə oynamağa razı olacaq. İstəyirik güclü komanda ilə oynayaq. Əsasən premyer-liqa klubu ilə qarşılaşmaq istəyirik”.
Baş məşqçi hələlik yeni transferlərin olmadığını açıqladı: “Yeni futbolçular hələ ki yoxdu. Amma danışıqlar aparırıq. Birinci divizionda özünü yaxşı tərəfdən göstərən futbolçulara “göz qoymuşuq”. Hətta premyer-liqada oynamış təcrübəli oyunçularla da danışıqlar aparırıq. Yaxın zamanda “Qaradağ Lökbatan”da güclü oyunçular görəcəksiz. Ümumiyyətlə, heyətimiz güclü olacaq”.
Azər bəy ölkə xaricinə getmək variantlarının olduğunu da təsdiqlədi: “Təlim-məşq toplanışının ilk hissəsi bitən kimi uşaqlara iki-üç günlük istirahət verəcəyik. Sonra yenidən hazırlıqlara başlayacağıq. Avqustun 15-nə kimi yükləmələr olacaq, taktiki sxemlər üzərində işləyəcəyik. Toplanışımız bununla bitmir. Gələn ayın 15-dən sonra xarici ölkədə toplanış keçmək istəyirik. Alınsa, orda da bir neçə yoxlama oyunu planlaşdırırıq. Ümid edirəm ki, işlərimiz nəzərdə tutduğumuz kimi gedəcək”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR