
“Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq”
Ture özünü premyer-liqada oynamağa hazır sayır
Şənbə günü “İsmət Qayıbov”da baş tutan “Neftçi” – “Binə” yoldaşlıq görüşündə diqqətlər qəsəbə təmsilçisinin “12 nömrə”sinə yönəlmişdi. Qaradərili gənc meydanda daha nələt etmirdi? İkili mübarizələrin çoxundan qalib ayrılır, təkbətək mübarizələrdə rəqiblərini keçir, həm “dağıdır”, həm də yaradırdı. Bir sözlə, meydanın harasına baxsan, onu görmək mümkün idi. Səviyyəsinə görə “Qarabağ”la “Qəbələ”dən başqa istənilən premyer-liqa təmsilçisinin şərəfini qoruya biləcək afrikalı oyunu izləyənlərdə özü haqda sual yaratmışdı. Maraqlandıq və məlum oldu ki, o, Azərbaycan futbolunda heç də yad sima deyil. Ötən il “Şəmkir”in formasını geyən Ture Moriferedi. Sadəcə, paytaxtda yaşamağı üstün tutduğundan “Binə”nin uğurları üçün tər tökməyi məqsədəuyğun sayıb. Dediyinə görə, hansısa elita təmsilçisindən təklif gəlsə, dəyərləndirə bilər. Oyundan sonrakı ayaqüstü söhbətdə hamısına olmasa da, bəzi suallara cavab tapdıq.
- Təkcə komandanın yox, oyunun ən yaxşısı idin. “Neftçi”yə qarşı oynamaq bu qədər rahatdı?
- Mən meydana ayaq basanda rəqibin və heyətindəki futbolçuların adına baxmıram. Sadəcə, meydanda üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Bu gün də fantastik heç nə etmədim. Baş məşqçi nə tapşırmışdısa, onlara əməl etdim.
- Nə tapşırmışdı ki?
- Fiziki cəhətdən hazır olduğuma görə bir qədər sərt oynamağı, mübarizələrdən çəkinməməyi. Bir də top ayağıma düşəndə onu çox saxlamamağı, ən qısa zamanda əlverişli mövqedə yer alan komanda yoldaşıma ötürməyi.
- Haralısan?
- Kot d’İvuarlı.
- Çoxdan Azərbaycandasan?
- 4 ilə yaxındı.
- Gəlişin necə baş tutmuşdu? Hansısa komandayla müqavilə bağlamağa gəlib “havada qalanlardansan”? Olmaya tələbəsən?
- Xeyr, heç biri deyil. Sadəcə, ölkəmdə müəyyən problemlər baş qaldırmışdı deyə, ordan çıxmalıydım. Həmin vaxt tanışlardan Azərbaycan haqda eşitdim və əmim oğluyla birgə bura gəldik.
- Yəni qaçqın kimi?
- Kot d’İvuarda qarışıqlıq idi, insanlar bacardığı qədər Avropaya köç etməyə çalışırdı. Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq. Bəli, qaçqın statusuyla gəldik və Azərbaycanda sığınacaq tapdıq. O da mənim kimi futbolçudu. Ancaq hazırda klubsuzdu, oynamır.
- Futbolumuza ayaq açmağın necə baş verdi?
- Bura gələndən afrikalı dostlarla tez-tez yığışıb oynayırdıq. Çünki vətənimdə olanda da futbol oynayırdım. Yavaş-yavaş burda dostlar qazandıq, yeni insanlarla tanış olduq. Beləcə həvəskarlar liqasından başlayaraq üzü yuxarı qalxdıq. Ötən mövsüm “Şəmkir”in uğurları üçün tər tökürdüm.
- Bilirəm, xəbərim var. Ture Morifere ad-soyadını qəzetdə çox yazmışam, eşidən kimi tanıdım. “Şəmkir” demişkən, niyə orda qalmadın?
- Klubda, komandada ciddi problemlər vardı. Bir ara “Şəmkir”in premyer-liqaya yüksələcəyini yazsalar da, sonra səs çıxmadı. Son vaxtlar isə hətta birinci divizionda iştirak etməyəcəklərini deyirlər. Qarışıq bir vaxtda “Binə”dən təklif gəldi. Baş məşqçi (“Binə”nin çalışdırıcısı Mehman Babayevi nəzərdə tutur – H.) əvvəldən oyunlarımı izləyirmiş.
- Meydanda etdiklərin premyer-liqada oynamaq bacarığında olmandan xəbər verirdi. Özün necə düşünürsən, bacararsan?
- Çətin olduğunu düşünmürəm. Sadəcə, belə bir şans olmalıdı. İdman elədi ki, çətin heç nə yoxdu. İlk növbədə durmadan çalışmalısan, peşəkar olmalısan. Daha sonra baş məşqçinin verdiyi tapşırıqları meydanda həyata keçirməlisən. Bunları bacaran futbolçuya hər komandada yer var. Sadəcə, dəvət etmək, şans vermək lazımdı.
- Amma “Binə”nin futbolçususan...
- Premyer-liqada oynamaq arzumdu. Hansısa komandadan təklif olsa, razılığa gəlmək olar. Fikrimcə, problem yaratmazlar.
HƏBİB