Sizin reklam burada

Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5”

Baxış Sayı:563

Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5”
Lüksemburqlu həmkarlarımız isə inamlıdı

Çərşənbə axşamı Respublika stadionuna toplaşan 15 min azarkeş “Qarabağ”ın ifasında əsl futbol şousu izlədi. Rəqib “Samtredia”dan bir baş üstün olan Azərbaycan çempionu 90 dəqiqə ərzində qonaqlara bir dəfə də olsun, fərqlənmək şansı vermədi. Vurulan 5 qol həmin gün həqiqətən möhtəşəm görüntü yaratdı.
Əvəzində az qala “İnter” azərbaycanlı futbolsevərləri üzəcəkdi. Mirhüseyn Seyidovun sonuncu dəqiqələrə təsadüf edən qolu olmasaydı, yuxarıdan aşağı baxdığımız Lüksemburq təmsilçisi “Fola” vətəninə heç-heçə, bəlkə də qələbəylə dönəcəkdi. İstənilən halda, qonaqların arzusu gözündə qaldı. Həftənin 2-ci və 3-cü günlərinə təsadüf edən bu zəfərlərdən sonra cari mövsümdə avrokuboklarda əldə etdiyimiz qələbələrin sayı 6-ya çatdı. 6 oyunda 6 qalibiyyət. Möhtəşəmdi, deyilmi? Yaşananlar biz jurnalistlərə də işləmək üçün əlavə stimul verir, materialların sayı çoxalır. Yəni ictimaiyyət kimi, media əhli də sevinc içindədi. Bəs görəsən, rəqib ölkələrdən olan həmkarlarımız nə yazır, nə pozur? Gürcüstan və Lüksembur mətbuatlarına nəzər saldıq.
worldsport.ge: “Şanssız! “Samtredia”nı Bakıda hansı çətinliyin gözlədiyini baş məşqçi qarışıq bütün futbolçular bilirdi. Və bu oyun göstərdi ki, “Qarabağ” bu gün Gürcüstan çempionu üçün “böyük balıqdı”. Amma istənilən halda, 0:5-in dozası ağır oldu. Qapıda bu qədər qol görmək ağır dərddi. Türk hakim varlığını ilk 10 dəqiqədə göstərdi və yekunda təmsilçimizin qapısına penalti təyin etdi. Halbuki o cür hərəkətə görə nadir hallarda “nöqtə”ni göstərirlər. 90 dəqiqə üstün olan rəqib inamlı qələbəyə sevindi. “Samtredia” isə bir dəfə də olsun, real qol imkanı yaxalamadı. İlk hissənin sonlarına təsadüf edən 2 qol olmasaydı, yekun nəticə başqa cür ola bilərdi. İstənilən halda, təcrübə sözünü dedi. Bu, Gürcüstan çempionatında qızıl medallara sahib çıxan komanda deyildi. Sanki həmin “Samtredia”nın adı altında başqa kollektiv mübarizə aparırdı. Avrokuboklar futbolun güzgüsüdü. Və belədə təmsilçilərimizin nəyə qadir olduğunu göstərir. Avroliqadakı komandalarımızdan sonra “Samtredia” da çempionat haqda fikirləşə bilər. Ona görə də kiminsə danışmaq haqqı yoxdu. Tiflisdəki cavab görüşünü izləməyin nə mənasi var ki?”
sportall.ge: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5. Gürcüstan futbolunun tarixinə adını yaxşı mənada yazdıran növbəti komandanın adı “Qarabağ” oldu. Bakıda Azərbaycan çempionunun ifasında futbol şousu pis alınmadı. Ötən il “Qəbələ”yə 1:5 hesabı ilə uduzan həmin “Samtredia” avrokubok göstəricisini bir az da “yaxşılaşdırdı”. Təbriklər, Gürcüstan çempionu, təbriklər, Gürcüstan futbolu ”.
tageblatt.lu: “Bakıda minimal hesablı məğlubiyyət. “Fola”nın Bakı macərası “Differdanj”ın səfərindən daha sərfəli alındı. Bu, iki həftə əvvəl “Differdanj”ın qapısında 2 top gördüyü həmin stadion idi. Lakin “Fola” Avroliqada inamlı çıxışla yadda qalan, ilk mərhələdə “Mladost”un qapısından 5 cavabsız top keçirən “İnter” önündə əyilmədi. 89-cü dəqiqəyə təsadüf edən o qol olmasaydı, matç ədalətli nəticə ilə başa çata bilərdi. 0:1 heç də ümidsiz nəticə deyil”.
lequotiden.lu: “Fola” Bakıda sonuncu dəqiqə şoku yaşadı. Mövsüm başa çatandan sonra, demək olar, dəyişməyən, aparıcı futbolçularını qorumağı bacaran “bürünc” mükafatçının inamlı təsir bağışlayacağı gözlənilirdi. “Milsami” səddini keçəndən sonra ümidlər daha da artmışdı. Lüksemburqluları narahat edən yeganə məqam Bakının istisiydi. Lakin oyun saatına qədər havanın hərarəti 27 dərəcəyə qədər endi. Axşamtərəfi yüngül külək də əsirdi. Oyunun gedişi fiziki cəhətdən hazır olan komandanın qələbə qazanacağından xəbər verirdi. Hər iki kollektiv taktiki baxımdan ağıllı futbolla yadda qalır, müdafiəçilər inamlı təsir bağışlayırdı. “Fola” çətinliklə də olsa, sonuncu dəqiqələrə qədər qapısının toxunulmazlığını qoruya bildi. Lakin 89-cu dəqiqədə təxminən 17 metrdən vurulan top qapıçı üçün əlçatmaz oldu. Ştrasserin yetirmələri futbol oynamağı bacardıqlarını sübut etdilər, həm də səfər qarşılaşmasında. Bir həftə sonra evdə daha maraqlı olmalıdı. Hesab da faciəvi deyil”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR