Sizin reklam burada

“Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü

Baxış Sayı:867

“Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü
Azarkeşlər coşsa da, sevinə bilmədi

“Qarabağ”dan sonra avrokuboklarda ən uğurlu çıxış edən təmsilçimiz “Qəbələ” dünən həsrətə son qoydu. Yeni macəraya “Bakcell Arena”da start verildi. Bu dəfə Avroliqanın 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan “qırmızı-qaralar” startdaca ciddi rəqiblə qarşılaşırdı. Belədə “Yagelloniya” önündə güclü azarkeş dəstəyinə - “12-ci oyunçu”ya hava-su kimi ehtiyac vardı.

Tanış mənzərə
Oyunun başlamasına 30-40 dəqiqə qalmış stadionun önündə qələbəlik yaşanırdı. Öz qiymətinə bilet təklif edənlərə “Qəbələ”nin görüşlərində dəfələrlə rast gəlmişik. Bu üzdən növbəti belə mənzərə təəccüblü olmadı. Ancaq oyun gününədək bilet almayanlar onlara yox, ilk növbədə kassaya yaxınlaşırdı. Hər halda, “Bakcell Arena”nın kassasında hələ bilet tükənməmişdi. Yaşlı bir kişi əlindəki yeganə bileti azarkeşlərə təklif edirdi. Deyəsən, onu futbol qətiyyən maraqlandırmırdı. Yoxsa bileti niyə satmağa çalışsın ki?!

Fanklublardan birgə dəstək
Hər zaman olduğu kimi “Qəbələ” doğma rayondan sadiq azarkeşlərini Bakıya gətirmək üçün avtobusla təmin etmişdi. Akademiyanın futbolçuları da “Bakcell Arena”da yerlərini tutmuşdu. 1A sektorunda qərarlaşan yeniyetmələr ağ idman köynəyində fərqlənirdi. Onların yanında 1B sektorunda “Qəbələ”nin 2 fanklubu – “Red black army” və “Tufan” yer almışdı. Onlar yetərincə fəal idi. Hərdən islandiyalı azarkeşlərə xas alqış ritmlərinə sıravi azarkeşlər də dəstək verirdi. Fanklublar yeni transferlərin şəkillərinin yer aldığı plakata ingiliscə “Qəbələ” ailəsinə xoş gəlmisiniz” sözlərini yazdırmışdı. Həmçinin “11 dağ canavarı, 10 milyon ürəyin gücü” sözləri yazılmış pankart da diqqətimizi çəkdi.
Yeri gəlmişkən, bu dəfə 4-5-ci sektorlarda tamaşaçı sayı az idi. Əksəriyyət mərkəzi tribunalara toplaşmışdı. Start fitindən əvvəl “Qəbələ”nin futbolçuları fanklubları alqışlarla salamladı.

Hərtərəfli proqram
Bu oyun üçün hazırlanan proqramdan da bir neçə kəlmə bəhs edək. 16 səhifəlik proqramda materiallar həm ana dilimizdə, həm də ingiliscə qeyd olunmuşdu. Hər iki klubun tarixi, avrokuboklardakı çıxışı, baş məşqçiləri və heyətləri haqda informasiyalar proqramda əksini tapmışdı. Bundan başqa “Qəbələ”nin cari mövsümə hazırlığı, geridə qalan mövsümdə bütün yaş qrupları üzrə daxili yarışlarda hamıdan çox kubok qazanmaları haqda məqaləyə də yer verilmişdi. Hakimlər briqadasını da unutmayan proqramın ən son hissəsi statistika həvəskarları üçün daha maraqlı idi. Belə ki, indiyədək klub səviyyəsində Polşa ilə duellərimizin, eləcə də hər iki klubun avrokuboklardakı bütün oyunlarının nəticələri proqramda əksini tapmışdı.

“Neftçi”nin loqosu örtülmüşdü
4-5-ci sektorların önündə “foodball” yazılmış nöqtədə su və sosis satılırdı. Asayişi qorumaq üçün Daxili Qoşunların 4 avtobus tutacaq qədər əsgəri “Bakcell Arena”ya təhkim olunmuşdu. Su şırnağı vuran TOMA da həmişəki yerində idi. “Yagelloniya” Bakıda dəstəksiz qalmadı. 2-ci sektorda 15-ə yaxın polşalı fanat ara-sıra mütəşəkkil formada şüarlar səsləndirirdi. Bildiyiniz kimi, “Bakcell Arena” icarəylə “Neftçi”yə məxsusdu. Bu klubun 2 böyük loqosu da mərkəzi sektorların yuxarısına vurulub. Ancaq görünür, “Qəbələ” müvəqqəti bu stadiondan yararlandığı üçün loqoların üzəri ağ parça ilə tutulmuşdu. Hallideyin britaniyalı soydaşları ona dəstək məqsədi ilə plakat açmışdı.
Oyunun diktoru İlkin Xəlilov start fitinə yarım saat qalmış azarkeşləri salamladı. “Futbol+”in sabiq əməkdaşı bir sıra aparıcı futbolçuların komandanı tərk etdiyini, ancaq onların yerinə güclü oyunçuların gəldiyini qeyd etdi. Daha sonra onların adını özünəməxsus formada çəkməklə tamaşaçıların alqışına səbəb oldu. Yeri gəlmişkən, əvəzetmələr həyata keçirilərkən Polşa dilində də elan olunurdu.

Hakim diqqət mərkəzində
Oyun kəşfiyyatsız başladı ki, bu da azarkeşlərin ürəyincə idi. “Qəbələ” bir neçə dəfə fanatlara qol həyəcanı yaşatmağa çalışsa da, topu tora polşalılar qovuşdurdu. Ancaq təmsilçimiz aqressiv oyunu ilə azarkeşləri məyus olmağa qoymurdu. Bir neçə dəfə hakim diqqət mərkəzinə düşdü. Onun polşalıların kəskin etirazına səbəb olan bir neçə qərarıyla yanaşı, bir dəfə üzərinə gələn topun üstündən atlaması görüşün maraqlı anlarından biri idi.

“Qəbələ” azarkeşləri coşdursa da…
“Qəbələ” ikinci hissəyə qolla başladı. Hesab bərabərləşdikdən sonra artıq sıravi tamaşaçılar da fəal azarkeşə çevrilmişdi. Tribunalarda əməlli-başlı hərarət artmışdı. Tez-tez “qol”, “Qəbələ” deyə hayqıran futbolsevərlər hakimin “Yagelloniya”nın lehinə qərarlarına, bizimkilərin yanlış ötürmələrinə etirazlarını bildirirdilər. Son dəqiqələrdə Dmitri Bezotosnı 2 inanılmaz seyvi ilə həm komandasını 100 faizlik qoldan xilas etdi, həm də tribunaların alqışını qazandı. Polşalı məşqçilərdən biri uzatma dəqiqələrində “Qəbələ”nin texniki zonasına kimi gələrək futbolçularına tapşırıq vermək istədi. Təmsilçimizin məşqçilər heyətinin xəbərdarlığından sonra referi həmin məşqçini texniki zonadan kənarlaşdırdı. Final fitindən sonra qonaqlar heç-heçəni azarkeşləriylə birgə qeyd etdisə, “Qəbələ”lilər paltardəyişmə otağının yolunu tutdu.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR