
Tahir Baxşıyev ümidini gələn ilə bağlayıb
“Demək olar ki, ən çətin qrupa düşmüşük”
Xəbər verdiyimiz kimi, bu il ölkəmiz basketbol tarixində ilk dəfə 3 yaş qrupunda Avropa çempionatına qatılacaq. U-16 və U-18 ilə yanaşı, U-20 də qitə birinciliyində qüvvəsini sınayacaq. U-16-nın C, U-18 və U-20-nin isə B divizionunda mübarizə aparacağını bilirsiz. Əsas diqqətlər məhz yaşca daha böyük olan komandaya yönəldilib. Axı onlar 2-3 ildən sonra əsas komandanı formalaşdıracaq. Nəticədə yenidən böyüklər arasında beynəlxalq yarışlara qatılmaq imkanı əldə edəcəyik. Tahir Baxşıyevin yetirmələri iyulun 14-dən 23-dək Rumıniyanın Oradea şəhərində keçiriləcək yarışda uğurlu debüt etməyə çalışacaq. Millimiz B qrupunda Slovakiya, Böyük Britaniya, Rusiya və Hollandiya ilə mübarizə aparacaq. Bir müddət əvvəl yarışın təqvimini və komandamızın heyətini diqqətinizə çatdırmışdıq. Xatırladaq ki, heyətdə Cordan Deyvis, Ömər Əhmədzadə, İsmayıl Əliyev, Zakir Babazadə, Amit Qurban, Nicat Məmmədli, Əkbər Məmmədov, Murad Mustafazadə, Endər Poladxanlı, Elşad Şirzadov və Nihad Tağıyev yer alıb. Basketbolçularımız bu gün Rumıniyaya yollanacaq.
Səfər ərəfəsində baş məşqçi ilə yarışla bağlı söhbət etdik: “Avropa çempionatına hazırlığı ölkəmizdə keçdik. Başqa hansısa bölgəyə yollanmadıq. Maliyyə durumumuz yaxşı olmadığından kənara çıxa bilmədik. Heyətimizdə ancaq Cordan Deyvis legioner statusu daşıyır. O hazırda ABŞ-ın kollec komandalarının mübarizə apardığı NCAA-da çıxış edir. Amerikalı basketbolçu 1 və 2 nömrə oynayır. Həm oyunqurucusu, həm də hücumameyilli müdafiəçi kimi çıxış edə bilir. Artıq komandaya uyğunlaşıb. Çünki 15 gündü ki, bizimlə birgə məşq edir. Ümumiyyətlə, hazırlığımız yaxşı keçib. Demək olar ki, ən çətin qrupa düşmüşük. Xüsusən ilk oyunda qarşılaşacağımız Rusiyanı mütləq fərqləndirməliyəm. Onlar çox vaxt A divizionunda mübarizə aparır. Bu dəfə B divizionuna düşüblər. Ancaq asan təslim olmaq fikrimiz yoxdu. Sona kimi mübarizə aparacağıq. Bizim heyətimiz başqa iştirakçılarla müqayisədə daha gəncdi. Bu üzdən debüt ilində qarşımıza hər hansı hədəf qoyulmayıb. İlk “10-luq”da yer ala bilsək, bunu özümüz üçün uğur sayarıq. Ancaq növbəti il hədəfimiz böyüyəcək. Çünki onda artıq komanda daha püxtələşmiş olacaq. İlk dəfə bu yaş qrupunda və B divizionunda çıxış edəcəyik. Nəyə qadir olduğumuzu görəcəyik. Qrupda Rusiya və Slovakiya favoritlər sayılır. Böyük Britaniya və Hollandiya ilə isə oynamaq olar. Ancaq onlar da bizim üçün asan rəqib sayılmır. Onlar daim B divizionunda çıxış edir. Biz isə debütantıq. Bu üzdən təcrübələri bizdən xeyli çoxdu. İlk 2 yeri tutub, qrupdan çıxmağımız real görünmür. A divizionuna isə ancaq finalçılar vəsiqə qazanacaq”.
Tahir bəy sonda bu yaxınlarda Fransa “Paris Levoluva”sına transfer olunan U-20-nin kapitanı Endər Poladxanlı haqda danışdı: “Endər səhər U-21, günorta isə əsas komandayla məşq edəcək. Gənclərdən ibarət komandada özünü yaxşı tərəfdən göstərsə, “Paris Levoluva”nın əsas komandasında çıxış etmək imkanı əldə edəcək. Bildiyiniz kimi, Endər Fransa klubuyla 2 illik müqavilə bağlayıb. Çox güman, birinci il onun üçün sınaq xarakteri daşıyacaq. İkinci ilində isə Fransa superliqasında oynayacağı gözlənilir. Onun müqaviləsi “2+1 il” şərti ilə razılaşdırılıb. Özünü yaxşı tərəfdən göstərsə, şərti bir il də qüvvəyə minəcək. Maliyyə şərtləri də yaxşıdı”.