Sizin reklam burada

Bakıda dünya çempionatları tarixində ilk yaşanacaq

Title
Bakıda dünya çempionatları tarixində ilk yaşanacaq
Velosiped İdmanı Federasiyası (AzVİF) gələn ilin iyununda Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatının hazırlıqlarına başlayıb. İşlərə yarışın keçiriləcəyi BMX trekində yenidənqurma prosesi ilə start verilib. Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) gələn ildən BMX idmanı üzrə dünya çempionatını yeni standartlara uyğun yarış trassında təşkil edəcək. Yəni Bakı-2018 mundial tarixində bir ilkə imza atacaq. UCİ-nin tövsiyələri əsasında Bakı BMX trekinin marşrutunda bir sıra dəyişikliklər edilib. İlkin olaraq trekin marşrutunun eni, uzunluğu və döngələrin hündürlüyü yeni standartlara uyğun artırılıb. Maneələrin sayında da artım var və bütün bunlar marşrutun peşəkar idmançılar üçün daha çətin və eyni zamanda daha ekstremal olması anlamına gəlir.
Yenilənmə prosesinə UCİ-nin BMX üzrə mütəxəssisləri nəzarət edib və görülən işlərin keyfiyyətini, həmçinin marşrutun durumunu yoxlamaq üçün Avropadan tanınmış velosipedçilər, o cümlədən ikiqat Avropa çempionu, latviyalı Edzus Treymanes Bakıya dəvət olunub. İki il əvvəl ilk Avropa Oyunlarının da iştirakçısı olan velosipedçi yarış marşrutundakı dəyişiklikləri belə xarakterizə edib: "Burdakı test yürüşlərimiz bizdə belə təəssürat oyatdı ki, yeni marşrut daha həyəcanlı yarış keçməsinə zəmin yaradacaq. Düzdü, biz bu il təşkil olunacaq bütün yarışlarda köhnə marşrutla yarışacağıq. Amma mən gələn il bizi sözün yaxşı mənasında nəyin gözlədiyini yaxşı bilirəm. Bu ayın sonunda ABŞ-da keçiriləcək dünya çempionatında həmkarlarıma yeni marşrut haqda məlumat verəcəm. Çünki dəyişikliklər həqiqətən də cəlbedicidi və düşünürəm ki, yarış trassı tam hazır vəziyyətdədi".
Qeyd edək ki, velosiped idmanının ən gənc növü olan BMX 2008-ci ildən Olimpiya Oyunlarının proqramına salınıb və hazırda planetin ən məşhur idman növləri sırasında yer alır. İyulun sonlarında ABŞ-da təşkil olunacaq dünya çempionatında Azərbaycan nümayəndə heyətinin xüsusi təqdimatla çıxışı da olacaq və gələnilki dünya çempionatının estafeti qəbul ediləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.