Sizin reklam burada

Yeddi legionerli “Neftçi” bir həftənin komandasına uduzdu

Baxış Sayı:529

Yeddi legionerli “Neftçi” bir həftənin komandasına uduzdu
Bazada vəziyyət ürəkaçan deyil

Çərşənbə axşamı futbol ictimaiyyəti üçün əsl “iş günü” idi. Axşam 21.00-da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la “Samtredia” qarşılaşacaqdısa, bundan 3 saat əvvəl “Neftçi”ylə “Kəpəz” yoldaşlıq görüşündə üz-üzə gələcəkdi. İki stadion arasında məsafə çox olsa da, ölkənin ən köklü klublarının, əzəli rəqiblərin dueli maraq doğurmaya bilməzdi. Meydanın bir tərəfində yenilənmiş və legionersiz “Kəpəz”, digər tərəfində mövsümü uğursuz başa vurmuş və əcnəbilərlə zəngin “Neftçi” qərarlaşmışdı. Mətbuatdan “CBC Sport”la “Futbol+”in əməkdaşlarının canlı izlədiyi matç haqda bir az sonra. Öncə oyunətrafı məqamlarla tanış olun.

Şəraitsiz baza, yarımçıq qalmış tikili və daha betəri
Bir müddət əvvəl klub rəhbərliyinin jurnalistləri başına yığıb “İsmət Qayıbov”a aparmasında məqsəd klubun təlim-məşq bazası haqda məlumat vermək idi. Məlum olmuşdu ki, “Neftçi”nin əsas və digər komandalarının məşq prosesinin yaxşılaşdırılması üçün dəbdəbəli bazaya ehtiyacı var. Həmin görüşün üstündən bir ildən artıq vaxt keçdiyindən, bazadakı şərait və orda görülən işlərlə tanış olmaq üçün yaxşı fürsət idi. Tikintisinə sabiq rəhbərliyin vaxtında başlanılan binanın hələ də yarımçıq qaldığını qeyd etməliyik. Köhnə daşların üstünə bir daş belə qoyulmayıb. Yoldaşlıq oyunları keçiriləndə azarkeşlərin və jurnalistlərin qarşılaşmanı rahat izləməsi üçün heç bir şərait yoxdu. Şərait deyəndə, təbii ki, adi plastmas oturacaqları nəzərdə tuturuq. Halbuki “mənəm-mənəm” deyən klubların bazalarında azarkeşlərin varlığı da nəzərə alınıb. Təkcə Azərbaycan reallığını nəzərə alsaq, “Bakı” ilə “Qəbələ”nin məşq meydançalarını nümunə göstərə bilərik. Müşahidə Şurasının sədri Çingiz Abdullayev, prezident Orxan Hüseynzadə, həmçinin onun “sağ əli” Elnur Eyvazov kabinetdən çıxıb, digər bazaları gəzsələr, şəraitin nə demək olduğunu anlayarlar. Bəli, meydançalar idealdı, göz oxşayır. Amma bunu əldə bayraq etməyə gərək yoxdu. Stajlı futbol azarkeşləri havalar qarlı-yağışlı olmayanda “İsmət Qayıbov”da nə vaxt yararsız örtük görüb ki? Ordakı qazon hər zaman gözəgəlimliliyi ilə seçilib... Bir də bazada ayaqyolu, deyəsən, çox uzaqdadı, ya da heç yoxdu. Hər halda, ehtiyat oyunçular skamyasında yer alan İqnasio Erreranın ilk hissənin sonlarına yaxın təbii ehtiyacını ödəmək üçün qapıarxası ağaclığa getməsi belə düşünməyə əsas verdi.
Kimlər yox idi?
“Qarabağ” – “Samtredia” oyununa baxmaq istəyənlər üçün bu matç ÇL qarşılaşmasından öncə əsl “qəlyanaltı” idi. Odu ki, Bakıxanovdakı stadionda daha kimlərə rast gəlmədik?! Bir ay əvvəl baş məşqçi Elxan Abdullayevlə “barışıq aşı” yeyib, incikliyi unudan “Forza Neftçi”nin təxminən 50 üzvü öz ampluasında idi. Dəstək verir, sevimli komandalarını irəli səsləyirdilər. Heç “Kəpəz” də dəstəksiz deyildi. Başda rəhbər Adil Məmmədov olmaqla “Xəmsə”nin 10-a yaxın üzvü də oyunu izləyənlər arasındaydı. Futbol adamlarına gəlincə, U-21-in baş məşqçisi Yaşar Vahabzadə ilə millidə qapıçılar üzrə məşqçi kimi çalışan Faiz Əzizov yanaşı dayanmışdı. Robert Prosineçkinin tərcüməçisi Aydın Rüstəmov da onların yanındaydı. “İnter”in əvəzedici komandasından ayrılandan sonra işsiz qalan Füzuli Məmmədov, vaxtilə “Neftçi”də Arif Əsədovun köməkçisi olmuş Elmir Xankişiyev, “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyevlə icraçı direktoru Emin Abbasov, hakim Ramil Diniyev, “Qaradağ Lökbatan”ın futbolçusu Elxan Cəbrayılov, Ruslan Abışovun atası da meydanda yaşananlara maraqla baxırdı. Uzun illər “Neftçi”nin qapısını qorumuş Çingiz İsmayılov isə Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə şura üzvü Səməd Qurbanovun yanında əyləşmişdi. Ehtiyat oyunçular skamyasının yanında əyləşən “üçlük” prezident Orxan Hüseynzadə, icraçı direktor Elnur Eyvazov və menecer Eldəniz Yusifov idi. “Kəpəz” rəhbərliyindən isə yalnız Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu gözə dəydi.
“Dario”, “Serjinyo” və “Ebah” yenidən “Kəpəz”də
Neftçi: Rəşad Əzizli, Georgi Navalovski, Pavel Dreksa, Kiril Petrov, Məqsəd İsayev, Elçin Əsədov, Edson Kastilyo, Namiq Ələsgərov, Fəhmin Muradbəyli, Daniel Seqoviya, Hüqo Barqas.
Kəpəz: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Azad Kərimov, Novruz Məmmədov, Kamran Abdullazadə, Kərim Diniyev, İlyas Səfərzadə, Ceyhun Cavadov, Sergey Çernışev, İlkin Sadıqov.
Heyətlərdən də göründüyü kimi, hər iki komandanın “11-liy”ində çempionatda görəcəyimiz futbolçular yer alıb. Düzdü, “Neftçi”də üç milli üzvü – Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov və İqnasio Errera ilk dəqiqələrdən meydana çıxmamışdı. Lakin Elxan Abdullayev sonuncu üç nəfərə ikinci hissədə şans verdi. Yeri gəlmişkən, Abdullayev fasilədən sonra meydana fərqli heyət buraxdı ki, “11-lik” belə idi: Maksim Vaylo, Anton Krivotsyuk, Ruslan Abışov, Rahil Məmmədov, Məhəmməd Mirzəbəyov, İlqar Ələkbərov, Tərzin Cahangirov, Rəhman Hacıyev, İqnasio Errera, Elnur Cəfərov, Mirabdulla Abbasov. Yeri gəlmişkən, qeyd edək ki, ötən mövsüm AZAL-ın uğurları üçün tər tökən İlqar Ələkbərov “Neftçi”də baxışdadı.
“Kəpəz”də isə legionerlərin yoxluğunda ancaq yerli futbolçular yer almışdı. Sadəcə, yeni formalar “Kəpəz”ə təqdim olunmayıb deyə, matçı izləyənlər bəzən çıxılmaz vəziyyətə düşürdü. Məsələn, Dario Federikonun “10 nömrə”sini Çernışev kürəyində daşıyırdı. Həm də braziliyalının adı üstündə. Ceyhun Cavadov Serjinyonun, İlkin Sadıqov Ebahın adı altında mübarizə aparmaq məcburiyyətindəydi.
Şahin Diniyevə doğum günü hədiyyəsi
Keçək əsas məsələyə. Oyunboyu fəal görünən, topa daha çox nəzarət edən, təhlükəli vəziyyətlər yaradan tərəf “Neftçi”ydi. Bu da təsadüfi deyil. Gəncəlilərin start heyətində 4 yeni futbolçu yer aldığı halda, bakılılarda belə adlardan yalnız Rəşad Əzizlini görmək olardı. Qalanı ötən mövsüm “Neftçi”nin şərəfini qoruyanlar idi. Odu ki, üstünlüyün “ağ-qaralar”da olması anlaşılan idi. Buna baxmayaraq, hücum qurmaq və hücumları məntiqi sonluğa çatdırmaq baxımından Elxan Abdullayevin yetirmələri aşkar çətinliklə üzləşirdi. Bir neçə əks-hucum boşa verildi ki, bunda tələskənlik və ayrı-ayrı futbolçuların fərdi oyuna həvəs göstərməsi sözünü deyirdi. İki mərkəz müdafiəçisinin, yəni legionerlərin ağır görünməsi isə başqa söhbətin mövzusudu. Elə ilk yarının sonuncu dəqiqəsinə təsadüf edən qol da onların xətası ucbatından oldu. Şəhriyar Rəhimovun cərimə meydançasına havalandırdığı topu İlkin Sadıqov başla qapıdan keçirdi.
İkinci hissədə oyuna nəzarət yenə “Neftçi”nin tərəfindəydi. Lakin qol bu dəfə də qərblilərdən gəldi. Fasilədən sonra meydana çıxan gənc Fərid Məmmədov müdafiə xəttindəki anlaşmazlıqdan istifadə edərək, Vaylonu topu tordan çıxarmağa məcbur etdi. Oyunun qalan hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, “Neftçi” 0:2-dən qurtula bilmədi. Bu qələbə “Kəpəz”in futbolçularının dünən 51 yaşını tamamlayan baş məşqçiləri Şahin Diniyevə doğum günü hədiyyəsi idi.
Cəmi bir həftə əvvəl yığışan “Kəpəz” oyun planında rəqibdən geri qalsa da, çempionatda görməyə alışdığımız keyfiyyətləri – mübarizlik, əzmkarlıq – sayəsində qalib gəlməyi bacardı. Yeni futbolçuların ümumi kollektivdən geri qaldığını iddia etmək çətindi. Qısa zaman kəsiyini nəzərə alsaq, vəziyyət normaldı. “Neftçi”nin halına isə acımamaq olmur. İki həftədən çoxdu bir araya gələn bakılılar ümumilikdə 7 legionerin xidmətindən yararlandı. Müxtəlif yığmaların şərəfini qoruyan futbolçuların sayı isə azı 7 nəfər idi. Təlim-məşq toplanışının axarından çox şey asılıdı. Amma bu gedişlə növbəti mövsümdə də “Neftçi”nin işi çətin olacaq, çox çətin...
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR