Sizin reklam burada

Kapitan dünya çempionatını “xırdaladı”

Müəllif: football Tarix: 12-07-2017, 16:47 582 Baxış
Kapitan dünya çempionatını “xırdaladı”
Yığmamız Bakıda Almaniya ilə qarşılaşacaq

Şahmat üzrə qadınlardan ibarət yığmamızın ötən ay tarixində ilk dəfə dünya çempionatında iştirak etdiyini bilirsiz. Xatırladaq ki, millimiz 10 komandanın mübarizə apardığı mundialda reytinqinə uyğun pillədə - 9-cu yerdə qərarlaşdı. Yəni qadınların çıxışını nə uğurlu saymaq olar, nə də uğursuz. Düzdü, Olimpiadada 8-ci yeri tutan yığmadan daha böyük nəticə gözləmək olardı. Ancaq unutmayaq ki, milli Bakıda keçirilən yarışa həm Bakıda, həm Qəbələdə, həm də Şamaxıda toplanış keçməklə hazırlaşmışdı. Heç vaxt komandamız hansısa yarışa bu səviyyədə hazırlaşıb qatılmamışdı. Üstəlik, məşqçilər korpusunda Konstantin Landanın yer alması da şahmatçılarımızın debüt problemlərinin aradan qalxmasında faydalı olmuşdu. Bu da nəticədə əksini tapdı. Hindistan və Polşa kimi komandalara qalib gəlib, Gürcüstanla heç-heçə edən Fikrət Sideifzadənin yetirmələri yekunda 8-ci yeri tutdu. Ancaq DÇ üçün xüsusi hazırlığın keçirilməməsi uğurlu çıxış etməyə imkan vermədi. Bununla belə, milli ilk 4 turdan sonra sensasiyaya imza atmağa yaxın idi. Debütdə Polşaya ağır məğlubiyyət komandamızı sındırmadı. Aşkar autsayder Misiri darmadağın edən xanımlar çempionluğa iddialı 3 komandadan ikisi - Rusiya və Çinlə heç-heçə etməklə hamını təəccübləndirməyi bacardı. Ancaq bundan sonra komandamız “əyləci basdı”. Bəlkə də ardıcıl güclü rəqiblərlə qarşılaşmalar yığma üzvlərini xeyli yormuşdu. Hər halda, Vyetnam, Ukrayna və Gürcüstan məğlubiyyətlərini başqa cür əsaslandırmaqda çətinlik çəkirik. Komandamız məğlubiyyət sindromundan ABŞ-la heç-heçə etməklə çıxdı. Son turda yığma Hindistana qalib gələ bilsəydi, boyundan yuxarı tullanacaqdı. Ancaq şahmatın yaradıcıları millimizə şans vermədi. Yekunda qazancımız 5 xal oldu. Günay Məmmədzadə istisna olmaqla, bütün yığma üzvləri reytinqini aşağı saldı. Son ölkə çempionu 2-ci lövhədə turnirin ən yaxşı 2-ci şahmatçısı oldu. 17 yaşlı şahmatçı ümumi sıralamada 7-ci yeri tutmaqla necə böyük perspektivə malik olduğunu növbəti dəfə isbatladı.
Dünən komandamızın yarışdakı çıxışını şərh etməsi üçün kapitan Fikrət Sideifzadəyə söz verdik: “Misiri kənara qoysaq, bütün komandalar güclü idi. Belə turnirdə oynamaq çətindi. Olimpiadada 1 oyun qələbə qazanırsan, özünə gəlirsən. Dünya çempionatında isə hər gün güclü rəqiblə qarşılaşırsan. Təzyiq altında oynamaq həqiqətən çox çətindi. Rusiya və Çinlə çox yaxşı oynadıq. Amma Vyetnamla oyundan qorxurdum. Çünki bir az boşalma gedir, o dəqiqə nəticədə hiss olunur. Həm də qızlar hələ tam sabit çıxış edə bilmir. 9 oyunun hamısını eyni səviyyədə keçirmək komandamız üçün çətindi. Bir az Zeynəb Məmmədyarova zəif çıxış etdi. Əslində 6-cı yeri tuta bilərdik. Bu nəticəyə yaxın idik. Məsələn, Ukrayna ilə oyunda qalib gəlməliydik. Təəssüf ki, həmin görüşdən məğlub ayrıldıq. Vyetnama uduzmamalıydıq. Amma nəzərə almaq lazımdı ki, mundialda ilk dəfə çıxış edirdik. Komandamız üçün yeni təcrübə oldu. İstənilən halda, bu yarışa qatılmaq belə yığmamız üçün böyük göstəricidi. Bir də onu qeyd edim ki, heyətlə bağlı kasadlıq var idi. Seçim imkanımız geniş deyildi. İlk 4 lövhə ilə bağlı seçimdə problem yaşamadım. Ancaq ehtiyat oyunçu seçimində normal, sabit çıxış edən şahmatçı tapa bilmədim. Xanım Balacayevanı reytinqinə görə seçdim. Düzdü, daha səviyyəli və reytinqdə öndə olan Nərmin Xələfova və Xəyalə Abdullanı da komandaya cəlb etmək olardı. Ancaq onlar belə yarışlarda çox “döyülüb”. Bu üzdən daha da psixoloji zədə almalarını istəmədim. Xanım daha gənc olduğuna görə ona şans verməyi qərara aldım. Hesab edirəm ki, debütü pis alınmadı. Komandada çıxış etməyin nə olduğunu bildi və güclü rəqiblərlə qarşılaşdı. Hələ zəif olsa da, irəliləmək perspektivi var. Komandamızın potensialı var. Müxtəlif illərdə komanda yarışlarında ilk “10-luq”da yer almışıq. Sadəcə, sabit illik hazırlıq planı olsa, yüksək nəticələrə imza atmaq mümkündü. Dünya çempionatına yaxşı hazırlaşmadan yollandıq. Bu üzdən uğurlu çıxış edə bilmədik. Ötən il yaxşı toplanış keçdik. Yaxşı maliyyə dəstəyi oldu. Bunun da nəticəsi kimi Bakıda keçirilən Olimpiadada uğurlu çıxış etdik. Nədənsə hamı həmin yarışda 8-ci yeri tutduğumuzu deyir. Ancaq əslində 4-9-cu yerləri bölüşmüşük. Çünki bunun qızlara psixoloji təsiri də var axı”.
Təcrübəli mütəxəssis komandamızın bundan sonrakı hazırlığı haqda da danışdı: “Payızda Avropa çempionatında iştirak edəcəyik. Ona qədər komanda üzvləri üçün proqram hazırlamışıq. Bu ayın axırlarında klublararası Türkiyə çempionatında Gülnar Məmmədova da iştirak edəcək. Yığma üzvü Çanaqqala komandasının şərəfini qoruyacaq. Mən də onunla birgə qardaş ölkəyə yollanacam. Avqustun 21-dən 26-dək Almaniyanın qadınlardan ibarət yığması Bakıda millimizlə yoldaşlıq oyunları keçirəcək. Onlar da qitə birinciliyinə çox ciddi hazırlaşır. Ümid edirəm ki, Mahir müəllim (AŞF-nin 1-ci vitse-prezidenti Mahir Məmmədovu nəzərdə tutur – S.) oktyabrın 7-dən 17-dək baş tutacaq klublararası Avropa Kubokunda bizim də iştirakımızı təmin edəcək. Necə ki keçən il bu baş vermişdi. Oktyabrın 27-dən noyabrın 5-dək isə Avropa çempionatı baş tutacaq. Sentyabrın 20-30-u aralığında təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Bunların hamısını Faiq müəllimə (AŞF-nin vitse-prezidenti Faiq Həsənov) demişəm. Yəqin ki, hamısını təşkil edəcəklər. Avropada da yaxşı yer tutacağımıza ümid edirəm.
“Bakı Open” isə keçirilməyə bilər. Novxanıdakı “AF Otel”də şərait ürəkaçan deyil. Ola bilər, paytaxtın başqa mehmanxanasında həmin yarışı keçirək.
Yığmanın AÇ üçün heyətinə gəlincə, yəqin ki, Almaniya ilə oyunlarda Xanım olacaq. Ancaq qitə birinciliyi üçün Türkan Məmmədyarovanın da heyətdə yer almaq ehtimalı var. Bu iki şahmatçı arasında seçim edəcəm. Bu yaxınlarda ana olacağı gözlənilən Məmmədyarovanın sentyabrdan etibarən karyerasını bərpa edəcəyi gözlənilir. Özü mənə bu haqda deyib. Türkan təcrübəli və daha etibarlı şahmatçıdı. Ancaq onun həmin vaxt hansı formada olmasından da çox şey asılıdı”.
SON XƏBƏRLƏR