Sizin reklam burada

“Kəpəz”in ev oyunlarını keçirməklə bağlı iki variant var

Baxış Sayı:705

“Kəpəz”in ev oyunlarını keçirməklə bağlı iki variant var
Ya Biləcəri, ya da Masazır…
Gəncəli azarkeşləri uzun illərdi narahat edən, heç bir gəncəli biznesmenin pul xərcləyib həll etmək istəmədiyi stadion, daha dəqiq desək, meydança problemi həllini tapmaq üzrədi. Bu işi AFFA rəhbərliyi boynuna götürdü və ciddi heç nə baş verməsə, payızın əvvəlində “Kəpəz” rəqiblərini yeni qazonda qəbul edəcək.
İşlərə mayın əvvəlində start verilmişdi və əvvəldən bilinirdi ki, proses azı dörd ayı əhatə edəcək. Yəni yeni örtük təxminən sentyabrda hazır vəziyyətə gətiriləcək. Bu isə “Kəpəz”in cari mövsümdə də müəyyən müddətə “qaçqın” statusuyla barışacağı deməkdi. Çempionata avqustun ortalarında start veriləcəyini, meydançanın isə sentyabrda hazır vəziyyətə gətiriləcəyini nəzərə alsaq, “sarı-qaralar”ın azı iki-üç ev oyununu başqa stadionda keçirəcəyi dəqiqdi. İlk cəhddə ağla “Dalğa Arena” gəlir. Necə ki buna qədər çıxılmaz vəziyyət yarananda, gəncəlilər məhz Mərdəkana sığınırdı. Elə qışdakı təlim-məşq toplanışını da adı çəkilən məkanda keçirmişdilər. Lakin bu dəfə belə imkanları olmayacaq. Əvvəla ona görə ki, “İnter” yığmaların Mərdəkandakı təlim-məşq bazasında məskunlaşacaq və rəqiblərini “Dalğa Arena”da qəbul edəcək. Üstəlik, avqustun sonlarında əsas milli də burda qərarlaşacaq. Belə vəziyyətdə Mərdəkan variantı “suya düşür”.
Məsələnin fərqinə varan “Kəpəz” rəhbərliyi artıq indidən çıxış yolları tapmağa çalışır. Bununla bağlı müzakirələr aparılsa da, dəqiq qərar verilməyib. “Bayıl Arena” “Səbail”ə icarəyə veriləndən sonra bu variantı götür-qoy etməyin özü artıqdı. “İnter Arena”nın durumu məlumdu. Respublika stadionu isə icarəylə “Qarabağ”a məxsusdu ki, ağdamlıların güzəştə gedəcəyi inandırıcı deyil. Üstəlik, mərkəzi arenada qalmağa yer yoxdu. Belədə diqqətlər şəhərin mərkəzindən bir qədər kənara – Biləcəri və Masazıra yönəlir. “Bakı”nın təlim-məşq bazası və “Əlincə Arena”. Hər ikisində ideal meydançalar və komanda üzvlərinin məskunlaşması üçün şərait var. Hazırda “Kəpəz” rəsmiləri məhz bu variantlar üzərində “baş sındırır”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR