Sizin reklam burada

“Nefçi” – “Kəpəz” oyunu niyə məhz bu günə salındı?

Baxış Sayı:462

“Nefçi” – “Kəpəz” oyunu niyə məhz bu günə salındı?
Şahin Diniyev: “Sırf bu səbəbdi, başqa heç nə”

Bu gün təkcə “Qarabağ”la “Samtredia” üz-üzə gəlməyəcək. Həm də ölkənin ən köklü klublarının, əzəli rəqiblərin qarşıdurması baş tutacaq. Düzdü, “Neftçi” – “Kəpəz” matçı qeyri-rəsmi xarakter daşıyır, yəni yoldaşlıq oyunudu. Amma istənilən halda özlüyündə böyük maraq doğurur. İctimaiyyətin futbolsuz qaldığı vaxtda “Neftçi”ylə “Kəpəz”in sınaq matçı olmayan yerdə “çörək”di.
Heç şübhəsiz, hər iki komandanı iş başında görmək istəyənlərin sayı yetərincə çoxdu. Mövsümü uğursuz başa vurandan sonra baş məşqçi Elxan Abdullayevin gələn mövsümə hesablanan iddialı açıqlamaları, üstəlik, “Forza Neftçi”nin üzvləriylə barışıq jesti oyuna marağın olacağına şübhə yeri qoymur. Üstəlik, bir neçə yeni futbolçu cəlb olunub ki, onları iş başında görmək də pis olmaz. Təxminən eyni sözlər Gəncə təmsilçisinə də aiddi. Əsas heyətdəkilərin yarısından çoxunu itirən Şahin Diniyev “varlığımızı göstərəcəyik” mesajını dəfələrlə verib. Elə bir neçə gün öncə qəzetimizə müsahibə verən yeni kapitan Şəhriyar Rəhimov da “Kəpəz”in iddiasının minimum 4-cü yeri tutub Avroliqaya vəsiqə qazanmaq olduğunu gizlətməmişdi. Yəni bu cür açıqlamalar və yeniliklər olan yerdə yoldaşlıq görüşünü qaçırmaq mümkün deyil. Bu oyun həm də media əhli üçün “qaymaqdı”. Material toplamaq, müsahibələr almaq, bir sözlə, oxucuları məlumatlandırmaq baxımından əla şansdı. Mövzuya xüsusi toxunmağımız da bununla bağlıdı.
Deməli, hələ xeyli vaxt öncə “Neftçi”ylə “Kəpəz” arasındakı məlum qarşılaşmanın iyulun 12-də keçirilməsi planlaşdırılmışdı. Və hər iki klubdan bu haqda məlumat almışdıq. Birdən-birə nə baş verdisə, əvvəldən nəzərdə tutulmuş vaxt dəyişdirildi, bir gün öncəyə çəkildi. Yəni bu günə təyin olundu. Millətin gözü, qulağı, ürəyi “Qarabağ” – “Samtredia” qarşılaşmasının yanında olacaq bir günə. Vaxtını da 18.00-a təyin etdilər. Bu isə Bakıxanov qəsəbəsindən çıxıb şəhərin mərkəzinə - “Gəncliy”ə gəlmək üçün maşını olmayan azarkeşlər üçün azı 40 dəqiqə vaxt itkisi deməkdi. Ən yaxşı halda Çermpionlar Liqasının görüşü başlayana yarımsaat qalmış stadiona çata bilərlər ki, bunun nə demək olduğu hansısa beynəlxalq oyundan əvvəl “Tofiq Bəhramov”a gələnlər dərk etməmiş olmaz. Jurnalistlərin işi isə çıxılmazdı. “Neftçi” – “Kəpəz” oyunu saat 18.00-da başlayacağı halda, təxminən 19.45-də başa çatacaq. Ardınca da ayrı-ayrı məşqçilərdən və futbolçulardan müsahibələr, açıqlamalar alınmalıdı. Azı yarımsaat vaxt itkisidi. Qısası, Bakıxanovdan çıxıb “Gəncliy”ə çatana kimi “Qarabağ” – “Samtredia” oyunu başlayacaq. Belə vəziyyətdə stadiona daxil olmaq, tribundakı yerini tutmaq da əlavə vaxt itkisidi. Bunu isə heç kim arzulamır. Ona görə də azarkeşlər kimi, qələm əhli də əsas diqqətini daha vacib görüşə ayıracaq.
Burdan belə başa düşülür ki, qarşılaşmanın vaxtının dəyişdirilməsini “Neftçi” tərəfi istəyib. Səbəbi isə yoldaşlıq görüşünə daha az maraq göstərilməsi, mətbuatın diqqətindən kənar qalması, bununla da futbolçu və məşqçilər heyətinin müsahibələrdən, açıqlamalardan uzaq durmasıdı. Necə ki “Neftçi”də prezident postunun bərpa olunması ilə bağlı xəbər məhz ötən cümə axşamına – “İnter”lə “Zirə” Avroliqa oyunlarını keçirən günə təsadüf etmişdi. “Neftçi”ylə bağlı ardıcıl iki belə halın yaşanması istər-istəməz müəyyən şübhələrə yol açır, ağla min fikir gəlir.
Bu səbəbdən hər iki komandanın baş məşqçisiylə söhbətdə oyunun vaxtının dəyişdirilməsi ilə bağlı suala cavab tapmaq istədik. Öncə “Kəpəz”in çalışdırıcısı Şahin Diniyevi aradıq və aldığımız cavabdan sonra Elxan Abdullayevə zəng vurmağa ehtiyac qalmadı: “Oyunun vaxtının dəyişdirilməsi ilə bağlı müraciəti “Neftçi” rəsmilərinə biz etdik. Bunun da səbəbi var. Əvvəldən Ərzuruma yollanmaq günü kimi iyulun 14-ü nəzərdə tutulmuşdu. Sonradan gediş tarixi 13-nə keçirildi. Belədə məcbur qalıb hazırlıq planının pozulmaması üçün yoldaşlıq görüşünün bir gün öncəyə çəkilməsini istədik. Sırf bu səbəbdi, başqa heç nə”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR