Bəhram Bağırzadə “Qarabağ”ın 5-6 qol vuracağını düşünür
“Qarabağ” – “Samtredia” matçından öncə baş tutan mətbuat konfransında hamıya yaxşı tanış olan Bəhram Bağırzadəyə də rast gəldik. “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvünə yaxınlaşıb bəzi suallar ünvanladıq. Ötən həftə keçirilən “İnter” – “Mladost” matçında (2:0) iştirak edən Bağırzadə bugünkü oyunda “Qarabağ”ın şanslarını belə dəyərləndirdi: “Mən ancaq qələbə gözləyirəm. Özü də elə-belə qələbə yox. Komandamızın 5-6 top vuracağına ümid edirəm. İnanıram ki, “Qarabağ” bunu bacaracaq”.
Bəhram bəy komandalarımızın avrokuboklardakı bütün oyunlarına gələcəyini deyir: “Keçən dəfə “İnter” – “Mladost” oyunundaydım. Təəssüf ki, “Zirə”nin matçına gedə bilmədim. Bəzi işlərim var idi. Avrokuboklarda bütün komandalarımıza dəstək olacam. Hətta “Neftçi” oynasaydı belə. Çünki mən azarkeşəm. 1972-ci ildən futbola baxıram. Lap uşaqlıqdan futbolla nəfəs almışam. Bundan sonra da belə davam edəcəm”.
O, “yenidən hansısa klubun rəsmisi kimi çalışmaq istərdizmi” sualına belə cavab verdi: “Xeyr. Gedib fəhlə də işləyərəm, amma Azərbaycan futbolunda çalışmaram. Bu iş mənlik deyil. Sözümü deyib, “Neftçi”dən ayrılmışam”.
ŞƏFİ ŞƏFİYEV