Dünən Fransa çempionatında 35-ci turun açılış oyununda PSJ ''Strasbur''un qonağı olub.
"Football-plus.az" xəbər verir ki, çempionluğu ötən tur rəsmiləşdirən Paris nəhəngi 3:1 hesabı ilə öndə olmasına baxmayaraq qələbəni əldən verib və görüş 3:3-lük bərabərliklə yekunlaşıb.
Lionel Messi 90 dəqiqə meydanda olsa da, nə qol vurub, nə də məhsuldar ötürmə verib. Leo matçboyu qapıya 3 zərbə endirib (2-si ''çərçivə''yə), 69 ötürmə verib (62-si dəqiq) və 1 dəfə aldadıcı fəndlə rəqibini keçib.
Maraqlıdı ki, ''Le Parisien'' nəşri argentinalının oyununu 3,5 balla qiymətləndirib. Bu, start heyətində meydana çıxanlar arasında ən zəif göstəricidi. Ən çox - 7,5 bal isə Kilian Mbappeyə verilib. Messinin bu mövsüm Liqa-1-də meydana çıxdığı 23 qarşılaşmada 4 qol, 13 məhsuldar ötürməlik performans sərgilədiyini bildirək. Bu arada ''whoscored'' saytı 34 yaşlı futbolçu ilə bağlı maraqlı statistik fakt paylaşıb. Məlum olub ki, Messi bu mövsüm əlinə düşən qol fürsətlərinin yalnız 8,3 faizini reallaşdıra bilib! Bu, cari ''futbol ili''ndə ''böyük beşlik''də top qovan və ən azı 10 qol imkanı yaxalayan ümumilikdə 165 futbolçu arasında ən zəif göstəricidi!