“Neftçi” çətinliklə “Səbail”ə qalib gəldi.
Tyaqo Bezerra möhtəşəm qolla komandasına 3 xal qazandırdı. Matçda bir-birindən maraqlı hadisələr yaşandı. 65-ci dəqiqədə “Səbail”in futbolçuları uğursuz künc zərbəsi yerinə yetirdi. Topu ələ keçirən “Neftçi” əks-hücum reallaşdırdı. Lavalı sarı vərəqə bahasına dayandıran Adil Nağıyev qəzəbini Əfran İsmayılovun üzərinə tökdü. Kapitan isə meydandan çıxarkən sarğını Adilə birbaşa vermək əvəzinə Ədilxan Qarəhmədov vasitəsi ilə göndərdi.
Görəsən, “Səbail”in futbolçuları bir-birindən küsüb? Onlar arasında inciklik yoxdu? Sualımızı Adil Nağıyevə ünvanladıq:
“Vallah, yox. Aramızda heç bir inciklik olmayıb. Sadəcə, oyun epizodudu. Aldığım sarı vərəqəyə görə əsəbləşdim. Buna görə limiti keçdim. Növbəti tur meydana çıxa bilməyəcəm. Başqa heç bir problem yoxdu. Əfran komanda yoldaşımdı. Komandanın kapitanı olmaqla yanaşı, Azərbaycan futbolunun sayılıb-seçilən futbolçularındandı. Əlbəttə, ona hörmət edirəm. Sadəcə, oyun epizodu idi, oldu-keçdi”.
[quote][/quote]
İLKİN SULTANLI