Sizin reklam burada

40 ildən sonra da bir xal üçün yanıram

Baxış Sayı:918

Voleyboldan söz düşəndə 1975-ci ili xatırlayıram. Həmin il SSRİ-də növbəti Spartakiada (Olimpiadanın sovet variantı) keçirilirdi. 15 müttəfiq respublika, Moskva və Leninqrad (indiki Sankt-Peterburq) müxtəlif idman növlərində gücünü sınayırdı. Yarışların qadınlar arasında voleybol turniri Bakıda keçirilirdi. "Dinamo", ÇSKA və "İskra" (Moskva vilayətinin Odintsovo şəhəri) komandalarından formalaşan Moskva və "Burevestnik" (Kiyev), "Tibb universiteti" (Odessa), "İskra" (Voroşilovqrad, indiki Luqansk) klublarından qurulan Ukrayna favorit idi. Heyətində İnna Rıskal, Vera Lantratova, Elmira Mixaylova kimi SSRİ yığmasının üzvlərinin olduğu Azərbaycandan ən azı medal gözlənilirdi. Lakin "Uraloçka"nın (Sverdlovsk, indiki Yekaterinburq) əsasını təşkil etdiyi RSFSR bütün kartları dolaşdırdı.
1975-ci il SSRİ çempionatının güclülər dəstəsində 12 komanda iştirak edirdi. Birinci dövrədən sonra ilk 8 yeri tutan komanda öz aralarında topladığı xallarla daha iki dövrə oynayaraq yerləri müəyyənləşdirirdi. Bizimkilər ilk mərhələdə topladığı 3 xala (o vaxt hər qələbəyə 1 xal verilirdi) daha 6 xal əlavə etsələr də, 7-ci yerdən yuxarı qalxa bilmədilər. "Uraloçka" isə elə bir xalda qaldı.
Spartakiadada hər qrupdan 2 komanda 6 komandalı final mərhələsinə vəsiqə qazanırdı. Azərbaycan ilk mərhələdə Belarusu 3:2 udaraq final mərhələsinə 1 xalla başladı. Rusiyanın qrupda Moskvanı 3:2 udması böyük sensasiya sayıldı. Bizimkilər həlledici mərhələyə şimal qonşularımızla start verdilər. İlk iki hissəni udan yığma 3-cü hissədə 3:10-dan hesabı14:10-a gətirdi. Lakin həlledici xalı qazanmaq mümkün olmadı və Azərbaycan bu seti 15:17, oyunu 2:3 hesabı ilə uduzdu. Rusiya Spartakiadanın qalibi oldusa, Azərbaycan Moskva və Ukraynaya da 1:3 uduzmaqla (daha bir oyunda Özbəkistan məğlub edildi) 4-cü yerlə kifəyətləndi. İndi də o bir xala görə ürəyim yanır. Rusiya 3:0 məğlub edilsəydi, hər şey fərqli olacaqdı (yeri gəlmişkən, "Uraloçka"nın və Nikolay Karpolun yüksəlişi o vaxtdan başladı).
Niyə bütün bunları yazıram? Ona görə ki, üstündən 40 ildən çox keçməsinə baxmayaraq, müttəfiq respulikanın bir xalı üçün hələ də yanıram, ancaq müstəqil ölkənin yığmasına azarkeşlik etmirəm. Çünki futbol millimizdə gördüyüm biabırçı mənzərə voleybolda da var: kütləvi “milliləşdirmə”, voleybolun planlı inkişaf konsepsiyasının olmaması və s.
Faiq Qarayev Türkiyədən qayıdanda çox ümidlənmişdim: axı o voleybolumuza SSRİ kubokunu qazandıran yeganə mütəxəssisdi! Faiq bəy SSRİ-dən qalma voleybolçularla müəyyən uğurlar qazandı, Avropa çempionatında indiyə qədər ən yüksək nəticəmiz olan 4-cü yeri tutduq. Ancaq davamı gəlmədi. Çünki Voleybol Federasiyasında vitse-prezident vəzifəsində də çalışan bu mütəxəssis proqram hazırlayıb voleybolun inkişafına töhfə vermək əvəzinə asan yola qaçıb “milliləşməyə” geniş vüsət verdi. İstədiyi nəticələrə nail olmayanda gah millidən getdi, gah da ürəyi istəyəndə geri qayıtdı. Azərbaycanın tanınmış mütəxəssisi Aleksandr Çervyakovu voleybolun Artur Rəsizadəsinə çevirdi. Elə ki gördü Bakıda keçirilən Avropa Oyunlarında uğur qazanmaq çətin olacaq, yaxasını kənara çəkdi. İslamiadada asan rəqiblərin olacağını bildiyindən baş məşqçi vəzifəsinə qayıtdı. İndi millini Azərbaycanda keçiriləcək Avropa çempionatına hazırlayır. Hadisələrin xoş axarla cərəyan etdiyini görsə, yəni rəqiblər Olimpiada-2020-yə görə gənc heyətlərlə mübarizə aparsa, ya da əsas oyunçuları zədəli olsa, onda “sükan arxasına” özü keçəcək, çünki Faiq bəy nə olur-olsun, böyük turnirlərdə (voleybol həvəskarlarının Avropa Liqasını və İslamiadanı ciddi qəbul etmədiyini o da bilir) uğur qazanmaq istəyir. Əks təqdirdə, yəni rəqiblər güclü heyətlə gələrsə, baş məşqçi funksiyasını Çervyakov yerinə yetirəcək.
Böyük potensial gördüyüm Faiq Qarayevin Azərbaycan voleybolunun düşdüyü faciəvi duruma (vaxtilə ÇL-ə 3 komanda çıxardan voleybolumuzun "Çağırış kuboku" ilə kifayətləndiyini qeyd etmək kifayətdi) biganə münasibətinə çox heyfsilənirəm. Faiq bəyin “milliləşdirməyə” düzgün olmayan səbəblərlə haqq qazandırması xüsusilə faciəvidi. "Oyanmaq vaxtı çatmayıbmı?" sərlövhəli yazımda da bildirmişdim, “14-15 yaşında voleybolçuları yetişdirmişəm" fikri həqiqəti əks etdirmir. Yadıma düşən “milliləşən” oyunçuların adlarını bir daha yazıram: Natalya Məmmədova, Kseniya Poznyak, Yelizaveta Səmədova, Alyona Həsənova, Odina Bayramova, Yana Kulan, Anastasiya Qurbanova . Adını çəkdiyim bu voleybolçular ölkəmizə gələndə Faiq bəyin dediyi yaşdan ən azı 4-5 il böyük olublar. 19-20 yaşda isə istənilən növdə yarışan idmançı formalaşmış sayılır.
Çox təəssüf ki, adamlar Makiavellinin də dediyi kimi, mənfiyə doğru dəyişməyə meyillidi. Faiq bəy pul olan vaxt nüfuzundan yararlana və voleybolun inkişafının təməlini qoya bilərdi, ancaq o, bunu etmədi. Ona görə də Azərbaycan voleybolunun acı duruma düşməsində bu mütəxəssisin də rolunun olduğunu düşünürəm.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR