Sizin reklam burada

“Fola”nı incələyən Svanadze hələ də müqavilə imzalamayıb

Baxış Sayı:506

“Fola”nı incələyən Svanadze hələ də müqavilə imzalamayıb
“İnter Arena” üçün darıxacağıq”

Avroliqanın birinci təsnifat mərhələsində Serbiya “Mladost”una iki oyunun nəticəsinə görə 5:0 (3:0, 2:0) hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayan “İnter” hazırlıqlarını davam etdirir. İkinci təsnifat mərhələsində Lüksemburqun “Fola” klubu ilə qarşılaşacaq komanda “Dalğa Arena”da hazırlıq keçir. Görəsən, Zaur Svanadze “cırtdan” ölkə təmsilçisinin oyununa baxıbmı? Komandada əhval-ruhiyyə hansı vəziyyətdədi? Bu və digər suallarımıza cavab tapmaq üçün özü ilə əlaqə saxladıq.
Gürcü mütəxəssis hazırlıqların normal getdiyini söylədi: “Hər şey daydasındadı. Komanda məşqlərini davam etdirir. İndi yalnız “Fola” ilə oyun haqda düşünürük. Mərhələ adlamaq istəyiriksə, rəqibi ciddiyə almalı, çox çalışmalı və çatışmazlıqları aradan qaldırmalıyıq. Hər şeyin yaxşı olacağına inanıram”.
Svanadze düşərgədə bir zədəli futbolçunun olduğunu vurğuladı: “Təlim-məşq toplanışı zamanı zədəlilərimiz olmadı. Futbolçular özlərini qoruyurdular. Mən də onlara bunu tapşırmışam. Bilirsiz ki, heyətimiz kasaddı. Hazırda heyətdə cəmi bir futbolçu kiçik zədə alıb. Bu, Qara Qarayevdi. Ona istirahət vermişik. Bir neçə gün sonra kiçik müalicədən sonra məşqlərə başlayacaq. Elə də ciddi zədə deyil. Şükürlər olsun ki, əsas heyət üzvlərimizin hamısı sağlamdı”.
Zaur Svanadze Səlahət Ağayevin komandada qalıb-qalmayacağı ilə bağlı sualımıza belə cavab verdi: “Biz “Neftçi” ilə danışıb, onu komandada saxlamışıq. Səlahət “İnter”ə bağlı futbolçudu. Bizə kömək etmək istədi və eyni zamanda biz də onun kimi təcrübəli qapıçıdan yararlandıq. Hazırda onu gələcəklə bağlı suallar maraqlandırmır. Səlahət yalnız qarşıdakı oyunlara köklənib. Heç özüm də bilmirəm, Səlahət “İnter”də qalmaq istəyər, ya yox. Bunu zaman göstərəcək. Gəlin, onunla bu mövzuda danışıb, əsas işdən yayındırmayaq”.
Gürcü mütəxəssis futbolçuların və özünün klubla müqaviləsi barədə bunları dedi: “Futbolçuların müqavilələri tam hazırdı. Bir çoxu ilə yeni sözləşmələr imzalanıb. Elə dünən (srağagün) gətirdilər, qol çəkdilər. Mənim müqaviləm hazırda klubun icraçı direktoru Rəmiş Malıyevdədi. Çox güman ki, sabah (bu gün) mənə çatacaq və imzalayacam. Bu haqda heç bir narahatlığım yoxdu. Əvvəl də dediyim kimi, rəhbərlik mənə inanıb və birillik müqavilə imzalayacağıq”.
Svanadze “Fola”nın oyununu izlədiklərini və təhlil etdiklərini söylədi: “İkinci təsnifat mərhələsində zəif komanda olmur. Nə olsun ki, Lüksemburq təmsilçisidi? Onların oyununu izləmişik. İlk mərhələdə “Milsami”ni keçiblər. Düzdü, 11 nəfərlə müdafiə olunurdular. Bu cür komandalara qarşı oynamaq çox çətindi. Bəli, rahat deyə bilərəm ki, “Mladost” “Fola”dan daha güclü komandadı. Amma bu əsas vermir ki, biz rahatlaşaq. Siz gördüzmü Lüksemburqun “Proqress” klubu Şotlandiya “Reyncers”ini necə keçdi. Hər şey baş verə bilər. Ehtiyatlı olmalıyıq. Hələ bir neçə oyunlarına da baxıb, nəticə çıxarmalıyıq. Həm sizdən, həm də digər qəzet və saytlarda işləyən jurnalistlərdən xahiş edirəm ki, “Fola” zəif rəqibdi” tipli sözləri az işlətsinlər. Bu, komandamızda arxayınlıq yarada bilər. Halbuki bu, bizə lazım deyil. Komanda ilə hər məşqdə bunu danışırıq. Qoy rahatlaşmasınlar”. Sonda çalışdırıcı komandanın “İnter Arena”dan köçməsinə də münasibət bildirdi: “Köçəcəyimiz tam dəqiqləşib. Lakin konkret vaxtı hələ ki bizə deməyiblər. Bunlar məndən asılı olan işlər deyil. Rəhbərlikdən xəbər gələn kimi köçəcəyik. Hazırda burdayıq və “Dalğa Arena”da məşq edirik. Təbii ki, uzun illər komanda “İnter Arena”da oynayıb, məşq edib. Özü də süni örtükdə. Artıq komanda təbii örtüyə öyrəşib. “Dalğa Arena”da yaxşı şərait var. Lakin biz yenə “İnter Arena” üçün darıxacağıq. Çünki biz bu stadiona, bazaya öyrəşmişik. Burda uğurlarımız da olub, üzüldüyümüz vaxtlar da. Bir xatirə kimi həmişə qalacaq”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR