Sizin reklam burada

“İnter”in köç prosesi avqustun 1-də yekunlaşacaq

Baxış Sayı:632

“İnter”in köç prosesi avqustun 1-də yekunlaşacaq
Zaur Axundov: “Heç kim narahat olmasın, “İnter” yaşayacaq”


“İnter” artıq “İnter Arena” ilə vidalaşır. Azərbaycan Beynəlxalq Bankının (ABB) sponsorluqdan imtina etməsi ilə AFFA-nın himayəsinə götürdüyü komanda “Dalğa Arena”ya köçəcək. Klubun dağılmamasını təmin etmək üçün assosiasiya hər şey edir. “İnter Arena” isə “Aqrarkredit”ə qalacaq. Stadionu hansı qiymətə, kimə satacaqları bilinmir.
Bəs “İnter” yeni bazasına nə vaxt köçəcək? Bu və digər suallarımıza aydınlıq gətirmək üçün klubun Müşahidə Şurasının sədri Zaur Axundovla danışdıq. Axundov komandanın “Dalğa Arena”ya köçməsinin avqustun 1-dək yekunlaşacağını bildirdi: “Hazırda “İnter Arena”dayıq. Yaxın zamanda köçəcəyik. Artıq stadionu boşaltmağa başlamışıq. Amma bu proses yavaş-yavaş baş verəcək. Avqustun 1-də isə tam olaraq “Dalğa Arena”da yerləşəcəyik”.
Zaur bəy “Aqrarkredit”in müqaviləni uzatmaq istəmədiyini dilə gətirdi: “Saytlarda oxumuşam ki, güya AFFA “İnter Arena”nı hansısa məbləğə satıb. Lakin bu, həqiqəti əks etdirməyən məlumatdı. Hamısı cəfəngiyyatdı. “İnter Arena” ABB-yə məxsus idi. Orda baş verən proseslərdən sonra bütün hüquqlar “Aqrarkredit”ə keçdi. Hazırda “İnter Arena”nın sahibi “Aqrarkredit”di. Həmin şirkət də bizimlə müqaviləni uzatmaq istəmədi. Həm də yazırlar ki, biz icarə məsələsində onlarla razılığa gəlmədik. Bu da doğru deyil. Heç icarə söhbətini etməmişik, danışıqlar aparmamışıq. Özləri dedilər ki, müqaviləni uzatmırıq. Səbəbini heç biz də bilmirik. Onların da öz işləri var, biz müdaxilə edə bilmərik”.
Klubun rəhbəri “Dalğa Arena”ya köçməyin xeyrindən də danışdı: “Dalğa Arena”da bizim üçün hər cür şərait var. Ora dünya standartlarına uyğun təlim-məşq toplanışı bazasıdı. Bundan sonra bütün oyunlarımızı, məşqlərimizi təbii ot örtüyündə keçirəcəyik. Bu da sevindirici haldı. Çünki futbolçular daha az zədələnəcəklər”.
Axundov komandanın hazırkı durumu haqda bunları söylədi: “Komanda məşqlərini davam etdirir. Hər şey qaydasında gedir. Həm məşqçilər korpusu, həm də futbolçular yaxşı anlayırlar ki, bizi çətin iki oyun gözləyir. İyulun 12-də çox vacib oyuna çıxacağıq. Mən başda olmaqla, hamımız həmin qarşılaşmaya köklənməliyik. İndi heç bir problem yoxdu. Ümid edirəm ki, bundan sonra da olmaz. Ayın 19-da Lüksemburqda gedəcəyik. 20-də oyundu, 21-i də qayıdacağıq”.
Müşahidə Şurasının sədri komandada maliyyə və müqavilə ilə bağlı heç bir problemin olmadığını dilə gətirdi: “Məşqçilər korpusunun, futbolçuların və klubun digər heyətinin maaşları tam ödənilib. Hazırda “İnter”də maliyyə ilə bağlı heç bir sıxıntı yoxdu. Bundan sonra da olmayacağına inanıram. Müqavilə ilə bağlı bütün problemlər ortadan götürülüb. Hər şey qaydasındadı. Demək olar ki, müqaviləsi bitən bütün oyunçularla yeni sözləşmə əldə eləmişik. Bir neçəsi qalıb ki, onlar da qarşıdakı günlərdə sənədlərə imza atacaqlar. Bir daha vurğulayıram, biz döyüşkən ruhla “Fola” ilə oyunu gözləyirik”.
Zaur bəy Səlahət Ağayevin məsələsinə də toxundu: ““Səlahət Ağayev ötən mövsümün sonunda “İnter”dən ayrılıb. Öz istəyi ilə müqaviləni uzatmaq istəməyib. Amma bu o demək deyil ki, o “İnter”i sevmir. Biz qərara aldıq ki, Səlahətdən avrokuboklarda yararlanaq. Bunu ona təklif etdik. Tərəddüd etmədən qəbul etdi. Biz ona bu təklifi edəndə artıq “Neftçi” ilə müqaviləsi var idi. Danışdıq, onlara müraciət etdik. Sağ olsun, “Neftçi” də bizim təklifimizə müsbət cavab verdi. Təbii ki, hər kəs Səlahət kimi qapıçının komandada qalmasını istəyir. Görək, avrokuboklarda hara kimi gedəcəyik? Həmin vaxta kimi o komandada qalacaq”.
Axundov azarkeşləri və futbol ictimaiyyətini “İnter”in taleyinə nikbin baxmağa səslədi: “Heç kim narahat olmasın, “İnter” yaşayacaq. Hamı nikbin olmalıdı. AFFA ilə birgə bu klubu saxlamağa çalışacağıq. Zaman lazımdı ki, bütün problemlər yoluna qoyulsun. Kluba tətbiq olunan transfer qadağası qışda götürüləcək. Həmin vaxt “İnter”in heyəti də gücləndiriləcək”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR