Sizin reklam burada

Gəncəliləri lənkəranlılar sevindirdi

Baxış Sayı:498

Gəncəliləri lənkəranlılar sevindirdi
“Kəpəz” Aydın Qasımovu da heyətinə qatdı

İyulun 3-də bir araya gəlib, 2 gün sonra məşqlərə start verən “Kəpəz” yay hazırlığı dönəmində ilk yoxlama görüşünü keçirdi. Rəqib öncədən xəbər verdiyimiz kimi, həvəskarlar liqasında mübqarizə aparan “Bakı” idi. Srağagün saat 17.00-da, “zolaqlılar”ın təlim-məşq bazasında baş tutan oyunda gəncəlilər rəqibi üzərində 2:1 hesablı qələbəyə sevinib.
Şahin Diniyevin start “11-liy”i belə olub: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Azad Kərimov, Novruz Məmmədov, Kərim Diniyev, Ceyhun Cavadov, İlyas Səfərzadə, Kamran Abdullazadə, Sergey Çernışev, İlkin Sadıqov.
Vurulan hər 3 qol birinci hissəyə təsadüf edib. Hesabı gözlənilmədən “Bakı” açıb. Lakin çox keçmədən “Xəzər Lənkəran”ın yetirməsi İlyas Səfərzadə meydan sahiblərini mərkəzə dəvət edib. Az sonra başqa bir lənkəranlı, bu dəfə Kamran Abdullazadə səhnəyə çıxaraq komandasına qələbə qazandıran qola imza atıb.
Diniyev bu qarşılaşmada 8 yeni transferlərin hamısına – Sergey Çernışev, Tural Cəlilov, Azər Məmmədov, Ruzi Qiyaslı, İlkin Sadıqov, Kamran Abdullazadə, İlyas Səfəzadə və Adyın Qasımova şans verib. Sonuncu ad sizi çaşdırmasın. Bəli, artıq Aydını da “Kəpəz”in futbolçusu hesab etmək olar. Vaxtilə “Sumqayıt”la AZAL-ın uğurları üçün tər tökən, sonuncu mövsümü “Qaradağ Lökbatan”da keçirən 23 yaşlı hücumçu baş məşqçinin heyətdə görmək istədiyi futbolçudu. “Bakı” ilə qarşılaşmanın ikinci hissəsində forma geyən Aydın Şahin bəyin etimadını qazanıb. Onunla birillik anlaşma əldə olunacaq.
Legionerlərdən isə hələ də səs-soraq yoxdu. Daha doğrusu, onları Bakıda gözləməyə dəyməz. Çünki razılaşma əldə olunan hər 3 əcnəbi “Kəpəz”ə Ərzurumdakı toplanışda qoşulacaq. Maraq üçün qeyd edək ki, gəncəlilər qardaş ölkəyə iyulun 15-də yola düşəcək və təlim-məşq toplanışı 10 gün davam edəcək. Bu müddət ərzində 3 yoldaşlıq görüşünün keçirilməsi gündəmdədi. Oyunların ayın 20-də, 22-də və 24-də baş tutması planlaşdırılıb.
Buna qədər isə Bakıda daha bir sınaq matçı baş tutacaq. “Sarı-qaralar” sabah “Neftçi”ylə qarşılaşmada qüvvəsini sınayacaq. İyulun 11-dəki görüşün start fiti saat 18.00-da çalınacaq və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR