Sizin reklam burada

“Şəmkir”in prezidenti borclara görə Türkiyəyə qaçıb

Baxış Sayı:496

“Şəmkir”in prezidenti borclara görə Türkiyəyə qaçıb
Qəhrəman Əliyevin məqsədi “Bakı”nı finala çıxarmaqdı

Ötən mövsümün əvvəlində yenidən “Şəmkir”in baş məşqçisi postuna gətirilən Qəhrəman Əliyev qış fasiləsindən sonra komandadan ayrıldı. Yeni sponsorun gəlişindən sonra bölgə təmsilçisi birinci divizionda çox yaxşı çıxış etməyə başlamışdı. Məhz Əliyevin başçılığı altında. Lakin birdən-birə hər şey dəyişdi. 16-cı turda komanda “Rəvan”a 1:2 hesabı ilə məğlub oldu. Gözlənilməz məğlubiyətdən sonra Qəhrəman Əliyev komandadan öz xoşu ilə getdi. Lakin fərqli fikirlər səsləndirənlər də var idi. Güya məşqçilər korpusu həmin oyunu qumara qoyubmuş. Bu da klubun prezidenti Elvin Səfərlinin xoşuna gəlməyib və Qəhrəman bəyi dərhal klubdan uzaqlaşdırıb. Ya zəlzələdən, ya vəlvələdən, Əliyev doğma “Şəmkir”dən ayrıldı. Çox keçmədi ki, təcrübəli mütəxəssis əvvəlki iş yerinə, hazırda həvəskarlar liqasında çıxış edən “Bakı”nın “sükanı arxasına” qayıtdı. Əliyevin qovulmasından sonra onun Səfərli ilə münasibətləri barədə xeyli söz-söhbət yayıldı. Məlum oldu ki, “Şəmkir”in prezidentinin ona 1250 manat borcu var. Qəhrəman bəy klub prezidentinin onun halal maaşını verməməsindən şikayətlənmişdi. Üstəlik, Əliyev açıqlamasında Səfərlinin futbol adamı olmadığını bildirmiş və bu şəxslə klubun irəli getməyəcəyini vurğulamışdı.
Həm bu məsələ, həm də “Bakı” ilə bağlı yenilikləri öyrənmək üçün Qəhrəman bəyin özü ilə əlaqə saxladıq. O, öncə srağagün “Kəpəz”lə oynadıqları yoxlama matçından (1:2) danışdı: “Kəpəz” bir həftədi ki, məşqlərə başlayıb. Yəqin ki, futbolçularda yükləmələr çox olub. Bir məşqçi kimi mən bunu başa düşürəm. Demək olar ki, yeni komandadı. Orda çoxlu cavan uşaqlar çıxış edir. İndiki vəziyyətdə onların oyunu istənilən səviyyədə deyil. Vaxta ehtiyacları var. Şahin müəllim təcrübəli mütəxəssisdi. Onun əla komanda formalaşdıracağına əminəm. Oyuna gəlincə, kifayət qədər maraqlı qarşılaşma alındı. Yaxşı oynadıq. Bu üzdən hesabı açan tərəf olduq. Aydın məsələdi ki, “Kəpəz” bizdən güclü komandadı. Amma onlardan zəif çıxış etmədik. Uşaqlar verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Qolları da öz səhvlərimizdən buraxdıq. İkinci yarıda hər iki komandanın qol imkanları oldu. Sadəcə, yararlana bilmədilər”.
Əliyev “Bakı”nın həvəskarlar liqasında finalın bir addımlığında olduğunu bildirdi: “Komanda çempionatda olduqca yaxşı çıxış edir. Bilirsiz ki, orda qruplarda mübarizə aparırıq. 1/8 finalda “Sabirabad”la qarşılaşdıq. Evdə onları 3:2, səfərdə isə 7:2 hesabı ilə məğlub etdik. 1/4 finalda isə “Binə” komandası ilə üz-üzə gəldik. Hansı ki, o komanda indi çox güclənib və birinci divizionda mübarizə aparacaq. Evdə rəqibdən 2:0 üstün olduq. Onların meydanında isə 1:2 uduzduq. İki oyunun nəticəsinə görə mərhələ adladıq. Hazırda yarımfinaldayıq. Rəqibimiz isə “Sumqayıt” – “Ağdaş” duelinin qalibi olacaq. İyulun 12-də rəqib müəyyənləşəcək. Bizim üçün rəqibin fərqi yoxdu. Əsas məqsəd finala çıxmaqdı”.
Qəhrəman bəy “Şəmkir”in prezidentinin borcu qaytarmadığını bildirdi: “O məsələ, demək olar ki, bağlanıb. Nə mən danışıram, nə də mətbuat yazır. Elvin mənə pulu qaytarmadı. Özü də qaçıb Türkiyəyə. Çox güman ki, borclarına görə aradan çıxıb. Hamıya atdı və getdi, birdən-birə yoxa çıxdı. İki aya yaxındı ordadı. Dəqiq bilmirəm, hansı şəhərdədi. Komandaya da iki ayın pulunu ödəməyib. Mən özümdən çox, mövsümboyu oynayan futbolçulara yanıram. Hamı onu axtarır. Bir-iki nəfər əlaqə saxlayıb, deyib ki, bu gün-sabah gəlirəm. Günü günə satır. Futbolçuların 90 faizi başqa klublara gedib. Hazırda “Şəmkir”də vəziyyət qarışıqdı. Sular bulanıqdı. İstəməzdim o cür tarixi olan komanda bu günə düşsün. O pul mənə heç lazım da deyil. Səfərli ilə üz-üzə gəlmək də istəmirəm. Ona nə deyəcəm ki? Artıq dediklərimi demişəm, özü bilir. Amma heç olmasa az maaşa oynayan uşaqları aldatmasın. Onların təri yerdə qalmasın. Mənə lazım deyil onun pulu. Rəhbər insan gərək düzgün ola. Harda işləməsindən asılı olmayaraq. Onun fikri isə başqa yerlərdə idi. Bu da Elvini “yandırdı”. “Şəmkir” azarkeşlərinə görə təəssüflənirəm ki, bu cür vəziyyət yaranıb. O qədər yaxşı komanda yaranmışdı, onu da dağıtdılar. “Moşennik” adamı kluba yaxın buraxmazlar. Çünki əyri işlər həm klubun, həm də azarkeşlərin nüfuzuna xələl gətirir. “Şəmkir” adı ucadı. Onun azarkeşi də. Amma bu cür adamları kluba yaxın buraxmaq olmaz. İstəmirəm “Şəmkir” dağılsın, rayon futbolsuz qalsın. Ona görə bu sözləri deyirəm”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR