Sizin reklam burada

Azərbaycan “Qran-pri”sinin vaxtı Respublika Gününə görə dəyişdirilib

Baxış Sayı:417

Azərbaycan “Qran-pri”sinin vaxtı Respublika Gününə görə dəyişdirilib
Arif Rəhimov: “Bu il daha belə yarış görməyəcəyik”

Azərbaycan “Qran-pri”si hələ ki cari mövsüm “Formula-1”in ən maraqlı yarışı sayılır. Cari dünya çempionatında ən çox ötmə məhz paytaxtımızın mərkəzi küçələrində reallaşdı. Luis Hemiltonla Sebastyan Fettel arasındakı insident isə hələ uzun müddət müzakirə olunacaq. Gərgin keçən və nəfəs kəsən yarış əksər pilotların və azarkeşlərin rəğbətini qazanmasına imkan verdi. Bu üzdən növbəti il Azərbaycan “Qran-pri”si üçün ölkəmizə daha çox insanın gələcəyi gözlənilir. Yarışın promouteri olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “motosport.com” saytına müsahibə verib.
- Azərbaycanda keçirilən ikinci “Qran-pri” nə kimi hisslər doğurdu?
- Fövqəladə hisslər idi. Biz çox güclü hazırlaşmışdıq. Çünki bilirdik ki, bu il səhvə yol verməyə haqqımız yoxdu. Birinci dəfə müəyyən xətaları təcrübəsizlik kimi qəbul etmək olardısa, ikinci dəfə insanlar artıq belə mərhəmətli olmazdılar. Odu ki, hər işi ideal şəkildə görmək istəyirdik. Düşünürəm ki, bunun öhdəsindən həqiqətən çox yaxşı gəldik. Bizim əsla nəzarət edə bilməyəcəyimiz sonuncu hissə isə yürüşün özünün gedişi idi. İş elə gətirdi ki, o da mükəmməl keçdi. Gərgin mübarizə, qırmızı bayraqlar və təhlükəsizlik maşını. Əsl şadyanalıq idi. Baxmalı-görməli çox şey vardı. Düşünürəm ki, bu il daha belə yarış görməyəcəyik. Mənə elə gəlir ki, hamı razı qaldı.
- Xüsusilə çoxlarının darıxdırıcı hesab etdiyi ötənilki yürüşdən sonra...
- Məncə, bu haqda Daniel Rikkyardo yaxşı deyib. O bildirib ki, bütün bunlar hələ ötən il baş verməli idi. Trekdə ağır yürüşlər üçün bütün imkanlar var. Çox mürəkkəbdi, pilotların həyatı, maşınların risk dərəcəsi üçün müəyyən mənada hətta təhlükəlidi. Bu il biz bunun təsdiqini gördük. Məncə, sadəcə, pilotlar artıq özlərinə daha əmin idilər. Bir il əvvəl onların çoxu ehtiyat edirdi, çünki trasa bələd deyildilər. Odu ki, riskə getmək istəmir, mütləq xal toplamaq istəyirdilər. Builki heyət elə keçənilki kimidi. Sadəcə, pilotlar riskə getməyi qərara aldı. Nəticədə yarış belə maraqlı oldu. Daha heç kim deyə bilməz ki, burda yürüş darıxdırıcı keçdi.
- İki kilometr uzunluğunda düz yol liderlər üçün çox mürəkkəb məqamdı. Restartların nə dərəcədə təhlükəli alındığını gördük. Trekin konfiqurasiyasını Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə müzakirə etmək istəyirsizmi?
- Həm “Formula-1”də, həm də “Formula-2”də təhlükəsizlik baxımından heç bir problemimiz olmadı. Dəstək yürüşündə səkkizinci və onuncu döngələr arasında “tıxac” yarandı. Amma vəziyyət çox sürətlə yoluna qoyuldu. Biz bütün maşınları trasdan çıxardıq. “Formula-1”də də eynilə bu cür olmuşdu. Sadəcə, qəzalar və toqquşmalar həqiqətən lap çox oldu. Mən yürüşün müdiriyyəti ilə söhbət etdim. Mənə dedilər ki, müəyyən məqamda, demək olar, hər postdan sınmalar haqda məlumatlar daxil olurdu. Odu ki, yürüşü dayandırmalı, bir neçə dövrə vuraraq xüsusi vasitələrlə maşınların qırıntılarını trasdan toplamalı olduq. Bəli, yürüşdə bir neçə dəqiqə itirdik, amma onu başa çatdırdıq. Düşünürəm ki, bütün dünyada televiziya tamaşaçılarının bu yarışdan aldıqları zövqün müddətini hətta uzatdıq. Çox yaxşı oldu.
- Yarışın təşkilindən və marşalların işindən nə dərəcədə razısız?
- Düşünürəm ki, hamının çox xoşuna gəldi. Çarli Uaytinqlə söhbət etdim. Məlum oldu ki, marşalların işi hətta onu yaxşı mənada təəccübləndirib. Bəli, xırda-para xətalar oldu. Amma o dedi ki, onlar çox yaxşı işlədi. Xüsusən yürüşün bu qədər insidentlə müşayiət olunması nəzərə alınarsa.
- Gələn il yürüş apreldə keçiriləcək. Onun tarixinin başqa vaxta keçirilməsi nə ilə bağlıdı və bizi necə hava gözləyir?
- Gələn il Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq. Odu ki, müəyyən günlərdə mərkəzi meydandan başqa tədbirlər üçün istifadə etməli olacağıq. Paddoku bütünlüklə sökməyə macal tapmaq üçün yürüşün tarixini aprelin sonuna keçirməli olduq.
- Belə çıxır ki, tarixin dəyişdirilməsini siz xahiş etmişiz?
- Bəli, yürüşün tarixinin başqa vaxta keçirilməsini xahiş etmişik. Hava şəraitinə gəlincə, sözün düzü, aprelin sonu bir qədər qeyri-müəyyən dövrdü. Əsl yay havası da ola bilər, sərin də. Amma əsla soyuq olmayacaq. Bəli, yağışlar da mümkündü. Amma bu, tribunaların dolu olması nöqteyi-nəzərindən yəqin ki, bir o qədər yaxşı hal deyil. Tamaşa baxımından danışsaq, bəlkə də daha maraqlı olacaq. Yağışlı havada trasımızı təsəvvür edin. Yəqin ki, belə vəziyyət pilotlara əməlli-başlı meydan oxuyacaq.
- Ötən illə müqayisədə bu il 30 faiz çox bilet satmısız, elə deyilmi?
- Bəli, 30 faiz çox bilet satmışıq. Bu da sevindirici haldı. Yeni azarkeşlərin çoxu, təxminən 70 faizi əcnəbidi. Onlar bilavasitə yürüşə baxmaq üçün gəlib. Yəni əcnəbi tamaşaçılar tərəfindən maraq artır.
- Siz də məhz bunu istəyirdiz...
- Bəli, bu il əcnəbi qonaqların sayı iki dəfə, bəlkə də ondan da bir qədər çox artıb. Əlbəttə, bunun yerli bazarda da inkişaf etməsini istəyirik. Burda da artım var. Amma bizim üçün başlıca məsələ məhz əcnəbi tamaşaçıların marağının artmasıdı. İstəyirik ki, onlar Azərbaycana gəlsin və təəssüratlarını dostları ilə bölüşsün. Prinsipcə, əcnəbilərlə bağlı məqsədimizə nail olduq. Halbuki bu məqsəd çoxlarına əlçatmaz görünürdü.
- Le-Man turniri ilə Azərbaycan “Qran-pri”sinin ayrı-ayrı vaxtlara keçirilməsinin səmərəsi hiss olundu?
- Əlbəttə. Bu, ilk növbədə mətbuatın iştirakı baxımından faydalı oldu. Bu dəfə mətbuat mərkəzimiz dolu idi. Bu, müsbət məqamdı. Çox istəyirdik ki, jurnalistlər gəlsinlər, gördüyümüz işlərə baxsınlar. Biz hər işi ən yüksək səviyyədə görməyə çalışırıq və bunun qiymətləndirilməsini istəyirik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR