Sizin reklam burada

Yığmamızda lider çatışmır?

Baxış Sayı:555

Yığmamızda lider çatışmır?
Fərid Cəlalov Avroliqa fiaskosunun səbəblərini açıqladı

Voleybol üzrə Avropa Liqasına yekun vuruldu. Bildiyiniz kimi, bu il ölkəmiz yalnız kişilərin yarışında təmsil olundu. Yığmamızın da yer aldığı A qrupundan Makedoniya 1-ci, İsveç 2-ci yerin sahibi kimi yarımfinala yüksəldi. Ukrayna İsveçə, Makedoniya isə Danimarkaya tay-brekdə qalib gələrək finala adladı. Həlledici görüşdə makedonları 3:1 hesabıyla məğlub edən ukraynalılar turnirin qalibi oldu. Skandinaviya duelində də eyni hesab qeydə alındı. İsveçlilər bürünc medalla təsəlli tapdı.
Əslində bu yarışda millimizdən daha yaxşı çıxış gözləyirdik. 3 il əvvəl komandamız bütün oyunları uduzmuş və cəmi bir görüşü tay-brekə daşıdığı üçün 1 xalla kifayətlənmişdi. Açığı, bu dəfə komandamızın ən azı 1-2 qələbə qazanacağını və heç olmasa, qrup üçüncüsü olacağını proqnozlaşdırırdıq. Bunu heç də İslamiadadakı çıxışa görə iddia etmirdik. Bakıda keçirilən yarışda həm əksər rəqiblər zəif idi, həm də 2 polşalı legioner qısa müddətə “milləşdirilmişdi”. Voleybolsevərləri ümidləndirən komandamızın dünya çempionatının seçmə mərhələsində Almaniya kimi nəhəng yığmaya çətin anlar yaşatması, heç bir güclü rəqibə asan təslim olmamasıydı. Digər tərəfdən, Avroliqadakı rəqiblər hara, seçmə mərhələdəki komandalar hara. Düşünürdük ki, oyun təcrübəsini zənginləşdirən voleybolçularımız daha zəif komandalarla görüşlərdə uğurlu çıxış edər. Ancaq gözləntilərimiz özünü doğrultmadı. Millimiz həm Makedoniyada, həm də Albaniyada keçirdiyi oyunlarda məğlubiyyət acısı yaşadı.
Baş məşqçi Fərid Cəlalov bunu belə izah etdi: “Komandamızın bu turnirdə zəif çıxışının əsas səbəbi liderin olmamasıdı. Bəzi qarşılaşmalarda bunu daha çox hiss etdik. Bizdə həlledici məqamlarda “vuran əl” çatışmırdı. Bəzən 24:21 önə keçirdik. Rəqib hesabı bərabərləşdirirdi. Həmin bir xalı qazana bilmirdik. Sonra 26:24 edib seti qazanmaq fürsətini əldən verirdik. Bizdə problem təkcə hücumla bağlı deyil. Konkret hansısa cəhətdən axsadığımızı deyə bilmərəm. Topun qəbulunda problemin varsa, bunu yaxşı hücumlarla ört-basdır edə bilərsən. İslamiadada Polşadan olan legionerlər komandaya çox böyük fayda vermişdi. Bu dəfə onların yoxluğu hiss olunurdu. Albaniyada daha zəif oynadıq. Artıq komandada ruh düşkünlüyü yaranmışdı. Halbuki İsveç və Albaniya ilə qarşılaşmalarda qələbə qazana bilərdik. Avroliqada uğur qazana bilməməyimizin bir səbəbi də yorğunluq idi. Elə təkcə İslamiadaya qədər 20 oyun keçirmişdik. İki aya 31 oyun yetərincə böyük göstəricidi. Orta hesabla bir gündən bir oyuna çıxmışıq. Həm də heyətimiz zəngin olmadığından daim eyni voleybolçularla oynamaq məcburiyyətində idik. Bu üzdən Avroliqada yorğunluq sözünü dedi. Federasiya rəhbərliyi ilə görüşdə belə qərara alındı ki, 4 illik inkişaf proqramı hazırlansın. Bu proqramı hazırlayıb, rəhbərliyə təqdim edəcəyik və həmin proqram üzrə fəaliyyətimizi quracağıq.
Bilirsiz ki, bu il uzun fasilədən sonra avrokuboklarda çıxış edəcəyik. “Lokomotiv”in heyətinin güclənəcəyi gözlənilir. İlk mərhələdə Cənubi Kipr klubuyla qarşılaşacağıq. “Apoel”in nəyə qadir olduğunu bilmirik. Hazırda transfer dönəmidi. Bəlkə də heyətlərinə güclü oyunçular qatacaqlar. Bizdə də yeni legionerlərin olacağı gözlənilir. Ola bilər, Vüqar Bayramov da “Lokomotiv”in şərəfini qorusun. Gələn aydan hazırlıqlara başlayacağıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR