Azərbaycan futbolunda ən böyük problemlərdən biri savadlı məşqçilərin azlığıdı.
Təbii ki, bu sahədə sözünü deyənlər var. Məsələn, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov, “Neftçi”nin baş məşqçisi Samir Abasov, “Zirə”də işləyən Rəşad Sadıqov ölkə xaricində bu işin sirlərini öyrənmək üçün təcrübə keçiblər.
Xaliq Babayev isə gənc məşqçi nəsilindəndi. Heç vaxt peşəkar futbolla məşğul olmayıb. Lakin Lissabon Universitetində məşqçilik üzrə magistr təhsili alır. Futbol sevgisi onun bu sahəyə gəlməsinə səbəb olub. Maraq üçün qeyd edək ki, onun universitetdəki baş əlaqələndiricisi portuqaliyalı mütəxəssis Joze Mourinyodu. Fərqli ölkədə futbol təhsili aldığını nəzərə alıb, Balayevlə əlaqə saxladıq.
- Bildiyim qədər C kateqoriyalı məşqçisən. Lakin Azərbaycan futbol ictimaiyyəti səni o qədər də tanımır...
- Bəli, düz vurğuladız. Hazırda Lissabon Universitetində futbol üzrə magistratura təhsili alıram. İngilis dilində tam desək, “High performance football coaching” ixtisasında oxuyuram. Orda taktika, texnika, psixologiya, fizika, idarəetmə, bir sözlə, futbolun bütün tərəflərini əhatə edən dərslər olur. Təhsilimi mayda bitirəcəm. Orda həm dərslər, həm də təcrübə keçirəm. Həmçinin İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasında çalışıram. 2019/20 mövsümündə Qəhrəman Əliyevin rəhbərlik etdiyi U-17 komandasında köməkçi-məşqçi olmuşam. Pandemiya düşdüyü üçün bazamız modul tipli xəstəxana oldu. Problemlər üst-üstə gəldi və bir müddət futboldan kənar qaldım. “Barselona”nın onlayn kurslarında da iştirak etdim. Yanvar-fevralda C kurslarını bitirib, Lissabona getdim. Hazırda qayıtmışam və mayda yenidən Portuqaliyanın paytaxtına yollanacam. Buna görə də məşqlərdən bir qədər uzaq qalıram. Mayda təhsilimi başa vurub, Azərbaycanda işimə tam köklənə biləcəm.
- İlk təhsilin də futbola aid olub? Yəni əvvəlcədən peşəkar məşqçiliyin sirlərini öyrənmək istəmisən?
- Xeyr. “Kompüter elmləri üzrə proqramçı” ixtisası üzrə İngiltərədə təhsil almışam. Oxuduğum Nyukasl şəhərində məşqçilik kursuna yazıldım. İngiltərədə daxili “Level-1” lisenziyasını aldım və həvəskar liqada məşqçi işləməyə başladım. Eyni zamanda kitablar, məqalələr oxuyur, kurslara yazılırdım. Sadəcə, anlayırdım ki, bunlar mənim üçün kifayət deyil, daha dərindən öyrənmək istəyirəm. Lissabon Universiteti internetdə qarşıma çıxdı. Açğı, ilk baxışından qəbul olunacağımı düşünməmişdim, çünki orda işləyən müəllimlər çox məşhur, tələbələr də yetərincə tanınmış şəxslər idi. Təsadüfən CV göndərdim, qəbul edilib-edilməyəcəyimi bilmirdim. Yaxşı ki, müraciətim qəbul olundu. Orda təhsil almağa başlayandan sonra Azərbaycanda məşqçi kimi işləməyə başladım. Dönüş nöqtəsi Lissabon Universitetinə daxil olandan sonra oldu. Ondan əvvəl İngiltərədə həvəskar liqada çalışırdım.
- Əsas məqsədin nədi? Uşaq futbolunda, yoxsa peşəkar komandada məşqçi olmaq istəyirsən?
- Bilirsiz ki, uşaq futbolu ilə peşəkar futbol arasında böyük fərq var. UEFA-nın lisenziyasını alanda qurumun əsas şərtlərindən biri o idi ki, uşaq futbolunda işləməyim vacibdi. Həmin müddətdə bu sahədə çalışdım və gördüm ki, bunlar tam fərqli şeylərdi. U-17 və aşağı yaş qrupları arasında tam fərqli anlayışlar var. Yeganə ortaq cəhəti futbolla məşğul olmalarıdı. İstəyim peşəkar komandada çalışmaqdı. Mənə elə gəlir ki, buna hazıram və işlədiyim kluba daha çox töhfə verə bilərəm. Azərbaycanda və ya xaricdə olmağının fərqi yoxdu. Sadəcə, layihənin özünün maraqlı olmasını istəyirəm. Ordakı təhsilimin burdakı işimə köməyi dəyəcək. Çünki bizi orda hərtərəfli hazırlayırlar. Özümüz praktiki məşqlər keçirik, digər məşqçilər bizi kənardan izləyir, fikirlərini bildirirlər. Analitika ilə bağlı da çox mühüm dərslərimiz olub. Peşəkar klublarda işləmək üçün bu komponentlər çox vacibdi. Təcrübə baxımından hazır olduğumu deyə bilmərəm. Lakin təcrübə ilə yanaşı, təhsil də önəmlii. Təhsilim növbəti hədəflərimdə çox böyük rol oynayacaq.
- Bir çox azərbaycanlı mütəxəssislər yaxşı məşqçi olmaq üçün təhsilin yox, futbolun sirlərini bilməyin vacib olduğunu söyləyir. Sən bu haqda nə düşünürsən?
- Maraqlı sualdı. Futbolda konkret düz yol yoxdu. Hərənin özünə aid həqiqəti var. Tarix də, təcrübə də sübut edir ki, hər bir yolla uğura çatmaq olur. Bu səbəbdən də kimin doğru, kimin səhv olduğunu deyə bilmərəm. Portuqaliyada belə deyim var: yaxşı məşqçi ya meydandan, ya da universitetdən çıxır. Lakin futboldan çıxan çalışdırıcılar mütləq təhsil almalıdı. Yəqin əvvəlcə futbol oynayıb, daha sonra məşqçi olanlar mənimlə razılaşar. Futbolçuluqla məşqçilik tam fərqli sahələrdi. Oyunçu olanda hər xırdalığa fikir vermirsən. Amma məşqçi kimi hər şeyə diqqət yetirməlisən. Normalda hamı karyerasını bitirəndən sonra UEFA-nın məşqçilik kurslarında iştirak etməlidi. Lakin Avropada artıq onları o qədər də ciddiyə almırlar. Çünki kifayət etmir. Məşqçilik gündən-günə inkişaf edir. Buna görə Avropada daha çox universitetlərdə təhsil almağı üstün tuturlar. Portuqaliyada başqa deyim var: məşqçi həm həvəsli, həm də savadlı olmalıdı. Savadı olub, həvəsi olmasa, effekt verməyəcək. Savadı olmayıb, həvəsi olsa, bu təhlükəlidi. Bu səbəbdən də hər məşqçi işinin dərinliyini bilməlidi.
- Portuqaliyada aldığınız təhsillə Azərbaycandakı arasında hansı fərqlər var?
- “Sportinq”lə “Benfika” akademiyasında təcrübə keçmişəm. Öyrəndiklərimə əsasən deyə bilərəm ki, fərq çoxdu. Orda futbolçunun texniki bacarığını nəzərə almırlar. Çünki futbol o qədər inkişaf edib ki, oyunçuların çoxunda bu bərabər səviyyədədi. İndi daha çox futbolçunu psixoloji cəhətdən hazırlaşdırırlar. Avropada 11, 12, 13 yaşlı futbolçular artıq müəyyən qədər taktiki biliklərə sahib olurlar. Daha sonra bu istiqamətdə inkişafa üstünlük verirlir. Təbii ki, başqa akspetlərdə get-gedə peşəkarlaşma başlayır. Bu səbəbdən də Avropada 15-16 yaşlı futbolçular əsas liqalarda debüt edə bilirlər. Digər fərq isə psixoloji hazırlıqla bağlıdı. Uşaqlara erkən yaşlarda gələcəkdə nələrlə qarşılaşacağı haqda məlumatlar verilir. Bu informasiyalar əsasında o, özünü peşəkar kimi yetişdirir. Sosial şəbəkələri idarə etmək, cəmiyyətdə davranış qaydaları izah olunur. Bu, həm dərs olaraq keçirilir, həm də əyani göstərilir. Uşaqları elə situasiyalara salırlar ki, onlar artıq nə etməli olduqlarını bilirlər. Qısası, Avropada uşaqlara gələcəyin ulduz futbolçusu olmağın yollarını izah edirlər.
- “Benfika”nın akademiyasında olarkən səndən Cəlal Hüseynov haqda soruşdular? Çünki həmin dövrdə “Zirə”nin futbolçusunun bu kluba keçmək ehtimalı var idi
- Xeyr. Mən pandemiya başlayan müddətdə orda olmuşam. Təəssüf ki, kimsə həmin futbolçu haqda nəsə soruşmadı. Amma çox sevinərəm ki, azərbaycanlı oyunçular “Sportinq”də və ya “Benfika”da təcrübə keçsinlər. Həqiqətən peşəkar futbolçuların yetişdiyi ən möhtəşəm klublardı.
- Məşhur məşqçilərin tələbəsi olan Xaliq Balayev gələcəkdə Azərbaycan futboluna hansı uğurları qazandıra bilər?
- Bəli, Amorim, Mourinyo kimi məşqçilər həm onlayn, həm də əyani şəkildə dərs keçirlər. Amma məşhur məşqçilər ancaq öz hesablarına uğur əldə etmirlər. Onların köməkçiləri, analtikləri bu işdə pay sahibi olurlar. Bir çox hallarda onlar baş məşqçiləri üstələyirlər. Çünki baş məşqçi ümumi idarəçidi. Mənim təhsil aldığım universitetdə futbol biliyi yüksək olan elə şəxslər var ki, bu gün onları heç kim tanımır. Amma həmin adamlar dünyanın ən məşhur məşqçilərinin müəllimləri olub. İstərdim ki, Azərbaycanda da futbol elm kimi öyrənilsin. Portuqaliyada bu, 1970-ci illərdən var. Artıq 50 ildən çoxdu futbol universitetlərdə öyrədilir. Bu yolda onların düzləri də, səhvləri də olub. Amma artıq özlərinə məxsus metodikaları var. Futbol gündən-günə inkişaf edir. Buna görə də bizdə elm şəklinə salınması vacibdi. Əsas istədiyim onların tətbiq etdiklərindən yararlanıb Azərbaycanda uğur qazanmaqdı. Əminəm ki, bu yolda nəsə edə biləcəm. Çünki portəgizlərin sistemindən Avropanın bir çox ölkələri istifadə edir. Mən də bundan yararlanıb, gələcəkdə yaxşı məşqçi olmaq niyyətindəyəm.
İLKİN SULTANLI