Bu gün Avroliqanın 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. Cavab görüşləri çərçivəsində iki təmsilçimiz meydana çıxacaq. “İnter” Serbiya “Mladost”unu qəbul edəcəksə, “Zirə” Lüksemburqda “Differdanj”ın qonağı olacaq. Hər iki komandamız ötən həftə keçirdiyi ilk oyunda qalib gəlib. “İnter” səfərdə 3, “Zirə” isə evdə 2 cavabsız qolla rəqibini məğlub edib. Bu nəticələrə əsaslanıb klublarımızın ikinci mərhələ şansının xeyli yüksək olduğunu söyləyə bilərik. Maraqlıdı ki, bu gün hər iki təmsilçimiz qalib gəlsə, avrokuboklarda qələbə sayımız 80-ə çatacaq. “İnter”lə “Zirə” eyni saatda meydana çıxacaq. Həm Mərdəkandakı, həm də Differdanjdakı qarşılaşma Bakı vaxtı ilə 21.00-da başlayacaq. Qeyd edək ki, “İnter”in oyununu “CBC Sport” ekranlara daşıyacaq. “Differdanj” - “Zirə” dueli isə televiziya vasitəsilə yayınlanmayacaq. Buna səbəb Lüksemburqdakı oyunu heç bir televiziya və ya şirkətin çəkməməsidi. Odu ki, “Zirə”nin oyununu izləmək istəyən azarkeşlər internet televiziyasına “müraciət etməli” olacaq. Qarşılaşmanı myvideo.az saytından izləmək mümkün olacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
İnter – Mladost (Serbiya)
Hakimlər: NİKOLAY BALAKİN, Vladimir Volodin, Aleksandr Korneyko, Anatoli Jabçenko (hamısı Ukrayna).
Hakim-inspektor: Robert Malek (Polşa).
UEFA nümayəndəsi: Sercu Lisnik (Moldova).
Mərdəkan. Dalğa Arena. Saat 21.00
İlk oyun – 3:0.
Hələ püşk atılanda “İnter”in bu mərhələni dəf edəcəyi proqnozlaşdırılırdı. Düzdü, bir sıra səbəblər futbol camiəsini ehtiyatlı düşünməyə vadar edirdi. Söhbət komandanın indiki durumundan gedir. Son mövsümün gedişində maliyyə məsələsi gündəmdən düşməyən, tez-tez rəhbər postunda dəyişikliklər baş verən klubun ən ciddi problemi transfer qadağasıdı. Fakt budu ki, həm qış fasiləsində, həm də “futbol ili” başa çatandan sonra komandaya “yeni qan” gətirilmədi, əksinə, bir neçə futbolçu ilə yollar ayrıldı. Lakin bütün bunlara rəğmən, avrokubok təcrübəsi yetərincə olan “İnter” ilk mərhələni keçməyə çox yaxındı. Komandada gördüyü işlə hər kəsin rəğbətini qazanan Zaur Svanadze və onun yetirmələri Serbiyada inamlı qələbə sayəsində rəqibin mərhələ adlamaq şansını möcüzəyə saxladı. “Mladost”un avrokubok debütünü korlayan “İnter”in cavab görüşündə bu üstünüyü əldən verəcəyi inandırıcı deyil. Xatırladaq ki, Serbiyada baş tutan qarşılaşmada Adrian Skarlatake cərimə zərbəsindən iki gözəl qol vurmuşdusa, Rauf Əliyev mükəmməl zərbə ilə darmadağını rəsmiləşdirmişdi. Paytaxt təmsilçisinin “Dalğa Arana”da da rəqibdən üstün olacağı gözləniləndi. Qələbə həm də UEFA reytinqi baxımından lazımdı. Bundan başqa, “İnter” daha bir seriya haqda düşünür. Svanadzenin yetirmələri “Mladost”la cavab oyununda qol buraxmasa, avrokuboklardakı uğurunu təkrarlayacaq. Belə ki, paytaxt təmsilçisi ardıcıl 3-cü AL qarşılaşmasında qapısını toxunulmaz saxlayacaq. Bu isə 2010-12-ci illərdəki uğurlu seriyanın təkrarlanması anlamına gəlir. Bir sözlə, “İnter”i dəstəkləmək istəyən azarkeşlər üçün səbəblər kifayət qədərdi. Elə “Mladost”la səfər matçında Svanadzenin start heyətində 9 azərbaycanlı futbolçuya şans verməsi nəyə desən, dəyər. Vurulan qolların gözəlliyi, futbolçuların problemlərə rəğmən, xarakter nümayiş etdirməsi də öz yerində.
Differdanj (Lüksemburq) – Zirə
Hakimlər: BORİS MARHEFKA, Tomaş Vorel, Yan Pozor, Pavol Xmura (hamısı Slovakiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
Differdanj. “Munisipal de la Ville” stadionu. Saat 21.00
İlk oyun – 0:2.
Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparmasına baxmayaraq, hər kəs “Zirə”nin “Differdanj”ı yolundan kənarlaşdıracağını düşünürdü. Baxmayaraq ki, Lüksemburq təsmilçisinin beynəlxalq təcrübəsi yetərincə idi. “Qartallar” Avroliqadakı debüt ilində mərhələ keçməyə çox yaxındı. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələrinin səfərdə bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil. Bununla belə, qəsəbə təsmilçisi qarşılaşmaya ciddi yanaşmalıdı. Futbolu sevdirən məqamlardan biri məhz onun sürprizləridi. Ona görə də “artıq mərhələni keçmişik” düşüncəsi ilə meydana çıxmaq komandaya baha başa gələ bilər. Qeyd edək ki, ilk görüşdə Riçard Qadze ilə “qartallar”ın yeni transferi Kervens Belfort rəqib qapısına yol tapmışdı. “Differdanj” isə “Dalğa Arane”dakı qarşılaşmda xüsusi nə iləsə yadda qalmamışdı. Əksəriyyət “cırtdan” ölkə təmsilçisinin hücumda “dişsiz” görünməsini mövsüm bitəndən sonra əsas qol silahını itirməsi ilə əlaqələndirib. Söhbət “Differdanj”ı “F91 Düdelanj”a dəyişən Omar Əl-Rafikdən gedir. Hər halda, ya zəlzələdən, ya vəlvələdən, “Zirə” bu gün mərhələni keçməyə çox yaxındı. “Qartallar” bunu bacarsa, “İnter”in rekordunu təkrarlaya bilər. Belə ki, indiyə qədər təmsilçilərimizdən yalnız “İnter” debüt ilində mərhələ adlaya bilib. Əvvəlki 17 klubdan 16-sı ilk cəhddə mübarizəni dayandırıb. Yeri gəlmişkən, “Munisipal de la Ville” stadionunda “Zirə” tribunaların ciddi təzyiqi ilə də üzləşməyəcək. “Differdanj”ı 2 mindən az azarkeşin dəstəkləyəcəyi gözlənilir. “Qartallar”ı isə “Milli dəstə” azarkeş qrupu irəli səsləyəcək.
FARİZ