
Zəhra üçün...
"İnter"in hücumçusu Rauf Əliyev son vaxtlar gündəmdən düşmür. Robert Prosineçki premyer-liqanın bombardirini son iki rəsmi oyunda milliyə dəvət etməyib. Deyilənə görə, səbəb Raufun "İnter"dəki komanda yoldaşı Nizami Hacıyevin yığmaya çağırılmaması ilə bağlı mətbuata verdiyi açıqlamadı.
Amma Rauf əsl peşəkar kimi öz işini görür. Çempionatın bombardiri olduqdan sonra, yeni mövsümdəki ilk rəsmi oyundaca avrokubok tarixində ən gözəl qollarımızdan birinə imza atdı. Özü də harda?! Çətin Serbiya səfərində!
"Mladost"un baş məşqçisi Nenad Milovanoviç bunun komandasının son 15 ildə buraxdığı ən gözəl qol olduğunu deyib. Rauf bu qolu kimə həsr etdiyini söyləməsə də, hücumçuların "dişsizliyindən” əziyyət çəkən Prosineçkiyə özünəməxsus tərzdə "salam" göndərib. Bu gün keçiriləcək oyunda vuracağı qolu isə srağagün erməni vandalların Füzulidə qətlə yetirdiyi 18 aylıq Zəhra balaya həsr edəcəyini deyib. Əliyev onu da vurğulayıb ki, bütün komanda yoldaşları ilə bu haqda danışıqları olub və bu gün "İnter" meydana Zəhra üçün çıxacaq.
Rauf Əliyevə hər zaman ölkəmizin son illərdə yetişdirdiyi ən güclü hücumçu kimi simpatiyam olub. Bunu dostlar daha yaxşı bilir. Çoxları bu sən deyən - Şimali İrlandiyaya qol vuran Rauf deyil desə də, o hər oyunda əksinə, daha da püxtələşdiyini və ustalığını daha da yüksək səviyyəyə çatdırdığını göstərir. Oyundan kənarda isə necə adam olduğunu anlamaq üçün yəqin ki, dünənki fikirləri bəs edir.
Əslində yalnız "İnter" yox, "Zirə"də bu gün Zəhra üçün oynayacaq. "Dalğa Arena"ya gələn azarkeşlərin də ürəyində Zəhra var. Bu qızcığazın morqda çəkilən fotolarını görəndə ağlamamaq hər kişinin işi deyil...
4 gün sonra "Qarabağ" da Zəhra üçün oynayacaq, "Qəbələ" də. Ən azı bu klubların nümayəndələri Nurlan İbrahimovla Səməd Nəsibovun sosial şəbəkələrdə olaya münasibətindən bunu anlamaq olar.
Allah sənə rəhmət eləsin, Zəhra!
Təəssüf ki, əlimizdən qadınlar kimi ağlamaqdan başqa heç nə gəlmir…