Sizin reklam burada

Baş məşqçi dəyişikliyi boksçulara problem yaradır

Baxış Sayı:516

Baş məşqçi dəyişikliyi boksçulara problem yaradır
Federasiya iki aydı maaş vermir

Ötən sayımızda Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında 1 gümüş medal qazanan boks yığmamızın çıxışına toxunmuşduq. Millimizin böyük məşqçisi Nəriman Abdullayev 10 boksçudan yalnız birinin fəxri kürsüdə yer almasını hakim haqsızlığıyla üzləşmələriylə əsaslandırmağa çalışmışdı. Ümumiyyətlə, son vaxtlar boksda geriləmə müşahidə olunur. Sözsüz, bunda maliyyə problemlərinin böyük rolu var. Əvvəlcə “Baku Fires” fəaliyyətini dayandırdı. Sonra boksçuların və federasiya işçilərinin maaşlarının verilməsində yubanmalar yarandı. Elə indinin özündə də əməkhaqqı problemi davam edir. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yığma üzvləri 2 aydı maaş almır. Düzdü, Olimpiadada qazanılan 2 medal bir qədər problemləri ikinci plana atdı, unutdurdu. Ancaq yeni olimpiya tsiklinin əvvəlindən əvvəlki durğunluq davam edir. ABF-nin əsas nöqsanlarından biri tez-tez yığmanın baş məşqçisini dəyişməsidi. Son 5-6 ildə bir o qədər çalışdırıcı əsas komandada söz sahibi olub. Əlbəttə, bu məqam boksçulara pis təsir edir. Axı yenicə hansısa məşqçinin hazırlıq metoduna uyğunlaşırsan ki, onu başqası ilə əvəzləyirlər. Özü də rəhbərliyin yerli məşqçilərə güvənməməsi, əcnəbi mütəxəssisləri baş məşqçi postuna gətirməsi xoş hal deyil. Halbuki ölkəmizdə millini yüksək səviyyədə çalışdırmağa qadir mütəxəssislər yetərincədi. Sadəcə, onlara bir müddət şans vermək lazımdı. Elə boksçularla söhbətdə də bu durumdan narazı olduqlarını hiss etmək çətin deyildi. Avropa çempionatında çıxış etmiş əlcək ustalarından ikisinin fikrini diqqətinizə çatdırırıq.
Elvin Məmişzadə: “Çoxdan vuruşmurdum, zədəm var idi. Bu üzdən Avropa çempionatında özümü yaxşı tərəfdən göstərə bilmədim. Bu yarışa tam hazır vəziyyətdə yollanmamışdım. Medalsız qalmağımı bununla izah edə bilərəm. Yığmanın təlim-məşq toplanışı zamanı sinəmdə və əlimdə ağrılar oldu. Bu üzdən 4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilmədim. Ukraynada da döyüş təcrübəsinin çatışmazlığı sözünü dedi. Baş məşqçi dəyişikliyi də bizi geri salır. Kubalı və ukraynalı çalışdırıcılar fərqli metodla hazırlıq keçir. Buna da uyğunlaşmaq asan olmur. Leonid Layinski daha çox fiziki cəhətdən yükləyir. Məşqləri çox ağır olur. Elə Avropa çempionatında da yorğunluq sözünü deyirdi. Xarkovda 1/4 finala çıxa bilmədiyimdən dünya çempionatına vəsiqə qazana bilmədim. Bu ilin sonuna kimi başqa elə bir yarış gözlənilmir. Fərdi şəkildə məşqlərimi davam etdirəcəm”.
Pərviz Bağırov: “Bildiyiniz kimi, AÇ-nin 1/8 finalında bolqar boksçuya qalib gəldikdən sonra 1/4 finalda yerli boksçu ilə qarşılaşmdım. Orda haqsızlıqla üzləşdim. Hakimlər məni uduzdurdular. Qələbəyə layiq döyüşmüşdüm. Həmin görüşdə qalib gəlsəydim, rahat çempion olacaqdım. Çünki qalan rəqibləri daha öncə məğlub etmişdim və onları yenə üstələyə bilərdim. Ukraynalı boksçu ilə ilk dəfə qarşılaşırdım. Dünya çempionatına hazırlaşacağıq. Görək orda necə olacaq. Əslində İslamiadada da iştirak edə bilərdim. Avropada 69 kq-da reytinqdə 1-ci yerdə idim. Məşqçilər korpusu mənə dedi ki, Bakıdakı yarışda çıxış etsən, zədə almaq riski var. Məsləhət görüldü ki, mən Avropa çempionatına yaxşı hazırlaşım və bu yarışdan dünya çempionatına vəsiqə qazanım. Bu üzdən Tamerlan Abdullayev mənim əvəzimə İslamiadada çıxış etdi. Əvvəlki baş məşqçi ilə indiki çalışdırıcının hazırlıq prosesində fərq var. Pedro Rok daha çox rinq hazırlığına, sınaq döyüşlərinə üstünlük verirdisə, Leonid Layinski fiziki hazırlığa daha çox yer ayırır. Yeni məşq metoduna uyğunlaşmaq üçün zamana ehtiyac var. İyulun 10-dan təlim-məşq toplanışına başlayacağıq. Dünya çempionatına Qəbələdə hazırlaşacağıq. Mundialda uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Mənim üçün ən ciddi rəqiblər Kuba, Ukrayna, Qazaxıstan və Özbəkistan boksçuları olacaq”.
Sonda onu da qeyd edək ki, növbəti sayımızda qitə birinciliyində gümüş medal qazanan Kamran Şahsuvarlının (75 kq) müsahibəsini diqqətinizə çatdıracağıq.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR