Sizin reklam burada

Ruslan Tağızadə “Manisaspor” yolunda

Baxış Sayı:612

Ruslan Tağızadə “Manisaspor” yolunda
“Klub prezidenti burda yoxdu, gəlməsini gözləyirik”

“Səbail”in premyer-liqaya vəsiqə qazanmasında bir çox aparıcı futbolçular kimi, Ruslan Tağızadənin də əməyi az olmadı. Qış fasiləsində “Zaqatala”nı Bayıl təmsilçisinə dəyişən müdafiəçi inamlı çıxışla yadda qaldı. Lakin baş məşqçi postuna Samir Əliyevin gəlişindən sonra başqa həmkarları kimi, o da “Səbail”i tərk etdi. Samir bəy birinci divizionda mübarizə aparmış heyətdən heç kimi saxlamaq istəmədi ki, bu da başadüşüləndi. Yeni baş məşqçi yaxşı tanıdığı futbolçularla işləməkdə maraqlıdı.
Ruslan hazırda Türkiyədədi, yeni klubuyla müqavilə bağlamağa hazırlaşır. Həmin klubun adı isə “Manisaspor”du. 2016/17 mövsümündə PTT liqasında 18 komanda arasında mübarizə aparan və yekunda 12-ci pillədə qərarlaşan Manisa təmsilçisi həmyerlimizin xidmətində maraqlıdı. Baş məşqçi Tanər Taşkın Ruslanın iştirakı ilə keçirilən bir neçə oyunun videoyazısına baxandan sonra onun haqda müsbət qərara gəlib. Belədə Tağızadə ilə işbirliyi quran agent onu Türkiyəyə dəvət edib. Yaxın iki-üç gün ərzində klubla futbolçu arasında müqavilə bağlanacağı gözlənilir.
Detallara varmaq üçün Ruslanın özüylə əlaqə saxlasaq da, səbəbkar indiki vəziyyətdə ətraflı danışa bilməyəcəyini dedi. Bunu da ortada rəsmiyyətin olmaması ilə əlaqələndirdi: “Bəli, hazırda Türkiyədəyəm, “Manisaspor”la danışıqlar gedir. Özüm də burda qalmaqda, karyeramı legioner kimi davam etdirməkdə maraqlıyam. İki il əvvəl əlimə gözəl şans düşsə də, bir nəfərin yalanına görə baş tutmamışdı. İnşallah, bu dəfə uğurlu alınar. Klub prezidenti burda yoxdu, gəlməsini gözləyirik. Gələndən sonra üzbəüz oturub söhbət edərək müqaviləyə imza atmalıyıq. Sənədə qol çəkəndən sonra daha geniş danışa biləcəm”.
Qeyd edək ki, “Manisaspor”un heyətində azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan daha bir futbolçu çıxış edir. Bu, 2011-ci ildən bu yana 17 oyunda əsas millinin formasını geymiş Ufuk Budakdı. Vaxtilə “Sumqayıt”la “Xəzər Lənkəran”ın şərəfini qorumuş, həmçinin 1 görüşdə əsas millinin formasında meydana ayaq basmış Uğur Pamuk da ötən yay “Manisaspor”la müqavilə bağlamışdı. Sadəcə, bilmədiyimiz səbəblər üzündən futbolçu ilə rəhbərlik arasında problem yaşandığına görə Uğur komandanı vaxtından əvvəl tərk etmişdi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR