Sizin reklam burada

Ayxan Abbasov yetirmələrinə tələsməməyi tövsiyə edib

Baxış Sayı:646

Ayxan Abbasov yetirmələrinə tələsməməyi tövsiyə edib
“Komandamdan səbirli oynamalarını istəyirəm”

“Zirə”nin məşqindən öncə baş məşqçi Ayxan Abbasovla söhbətləşdik. “Differdanj”la səfər matçından bir gün əvvəl təşkil olunacaq mətbuat konfransında iştirak edə bilməyəcəyimizdən həmin qarşılaşma ilə bağlı gənc mütəxəssisin fikirlərini öyrəndik. Ayxan bəylə söhbət zamanı qəsəbə təmsilçisinin bir neçə gün öncə heyətinə qatdığı Yusif Nəbiyevin transferinə də toxunduq, hücumçu alınması ilə bağlı hansısa yeniliyin olub-olmadığını da soruşduq.
- Lüksemburq səfəri ərəfəsində komandada durum, ab-hava necədi? Hansısa problem yoxdu?
- Zədəlimiz yoxdu. Ab-havaya gəlincə, ilk oyun göstərdi ki, daha istəkli, daha ciddi olmalıyıq. Cavab görüşü bizi məhz buna məcbur edir. İlk oyundan sonrakı məşqdə komandaya bildirdik ki, evdəki qələbəni çətinliklə əldə etdik. Səfərdəki görüşdə daha da əzmkar olmalıyıq.
- Komandada arxayınlıq hiss olunur?
- Xeyr. Məncə, təkcə avrokuboklarda yox, çempionatda da hər bir rəqibə ciddi yanaşmalıyıq. Buna uyğun da hazırlaşaq. Müasir futbolda heç kim meydana arxayın çıxıb, yaxşı nəticə əldə edə bilməz.
- Cavab görüşündən gözləntiləriniz nədi? Şansları necə dəyərləndirirsiz?
- Lüksemburqdakı görüşdə ilk dəqiqələrdən etibarlı oynamağımız vacibdi. İnamlı oynamalıyıq. Bilirik ki, rəqib qol vurmaq üçün üstümüzə gələcək. “Differdanj”ın ən əsas hava toplarında üstün olduqlarını görmüşük. İlk növbədə komandamdan səbirli oynamalarını istəyirəm. Meydançada bir az rahat olsunlar, tələsməsinlər. Bu yöndə də məşqlər gedir. Təbii, bizim də düşündüyümüz, üzərində işlədiyimiz hücum planlarımız var. Onların üzərində də işləyirik.
- Belə bir informasiya əldə etmişik ki, Differdanjdakı oyunda meydan sahiblərinin azarkeş kütləsi elə də böyük olmayacaq. Maksimum 2 min azarkeşin olacağı gözlənilir. Bu isə o deməkdi ki, “Zirə”ni səfərdə tribunaların güclü təzyiqi gözləmir. Bu məqamı sizin daha rahat oynamağınız baxımından müsbət hal kimi qiymətləndirmək olar?
- Deməzdim ki, tam rahat olacağıq. Düzdü, elə komandalar var ki, onlarla qarşılaşanda stadion dolu, təzyiq böyük olur. Amma “Differdanj” 2 min azarkeşin önündə oynamağa öyrəşib. Onlar üçün bu say elə kifayət edir. Biz azarkeş dəstəyindən, hansısa kənar təzyiqdən daha çox, uşaqların meydanda rahat olmasına çalışırıq. Nə qədər olmasa da, səfərə çıxırıq, yol yorğunluğu söhbəti var. Bunlar hamısı səbəblərdi. Ancaq çalışacağıq ki, komandanı tam şəkildə oyuna hazırlayaq.
- İlk oyunla müqayisədə cavab görüşündə hansısa dəyişiklik gözlənilir? Heyət və taktika baxımından.
- Əlbəttə, dəyişiklik olacaq. Elə kollektiv formalaşdırmaq istəyirik ki, məsələn, kimsə keçən oyun yaxşı oynayıbsa, bu dəfə də mütləq oynayacaq anlamına gəlməsin. Həm rəqibə, həm də sistemə görə dəyişikliklər edəcəyik. Hansısa dəyişiklik ediriksə, bu o demək deyil ki, həmin futbolçu ilk matçda zəif çıxış edib. Bu üzdən hansısa fərqlilik mümkündü.
- Cavab matçında hədəf nədi: qələbə, yoxsa sərfəli nəticə?
- Hədəf mərhələni keçməkdi (gülümsəyir).
- “Astra” haqda heç düşünmürsüz?
- Xeyr.
- Son olaraq “Qəbələ”dən icarəyə götürdüyünüz Yusif Nəbiyev haqda fikirlərinizi bilmək maraqlıdı. Belə düşünmək olar ki, onu sırf çempionatdakı limitə görə heyətə qatmısız.
- Bir yerli müdafiəçi istəyirdik. Yusifin heyətə cəlb olunması bizim üçün üstünlük oldu. Çünki Nəbiyev limitə düşür. Çempionatda ondan rahat şəkildə istifadə edə biləcəyik. Digər yaşı limitə yarayan futbolçularımız arasında müdafiəçi yox idi. İstəyirdik ki, hər mövqedə belə bir futbolçumuz olsun. Biz də heyət quranda problem yaşamayaq. Nəbiyevin üstünlüyü odu ki, ötən mövsüm elitada çıxış edib. U-21-in üzvüdü. Avropa təcrübəsi olan gənc oyunçudu. Xoşladığımız futbolçulardan biridi. Klub olaraq əlimizdən gələni edəcəyik ki, onun inkişafında rol oynayaq. Ona da yavaş-yavaş şans verəcəyik.
- “Differdanj”la oyundan öncə legioner hücumçu transfer etməyi düşündüyünüzü demişdiz. Bu məsələdə bir yenilik var?
- Hələ ki yenilik yoxdu. Açığı, başımız Avroliqa oyunlarına elə qarışıb ki... Düzdü, menecerlər tərəfindən təqdim olunan bəzi oyunçulara baxmışıq. Lakin əsas fikirimizi, diqqətimizi qarşıdakı oyuna yönəltmişik. İstəmərik ki, əziyyətimiz boşa getsin. Hər hansı bir arxayınlıq, işə ciddi yanaşmamaq bizə baha başa gələ bilər. Sonradan təəssüflənməyin də bir faydası olmayacaq. Bu mərhələ bizim üçün çox önəmlidi. Klubun, futbolçuların inkişafı baxımından. Üzərimizdə böyük təzyiq var idi. Hər kəs mərhələni keçməyimizi istəyirdi. Proqnozlar bizdən yana idi. Bu da normaldı. Çünki futbol baxımından Lüksemburqdan daha öndəyik. Ancaq reallıq budu ki, təcrübəmiz yox idi. İlk oyunun əvvəllərində, 15-20 dəqiqə ərzində futbolçularda həyəcan var idi. Təcrübəsizlik özünü göstərirdi. Əsas fikrimiz bu mərhələni adlamaqdı. Ondan sonra bizim üçün daha yaxşı olacaq. İnanıram ki, futbolçular özlərini rahat hiss edəcəklər. Birinci oyun olduğuna görə bir qədər çətinlik çəkdik.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR