Sizin reklam burada

“Qorxaq kimi qaçmaq istəmədim”

Baxış Sayı:731

“Qorxaq kimi qaçmaq istəmədim”
Prosineçki hər şeydən danışdı

Xorvatiyanın “Vecernji List” nəşrinin əməkdaşları qəzetin 58 illiyi ilə bağlı ölkənin futbol əfasanələrindən biri sayılan Robert Prosineçki ilə müsahibə hazırlayıb. Həmin müsahibəni müəyyən ixtisarla sizə təqdim edirik.
- Əvvəl futbolçuyduz, indi məşqçi. Harda özünüzü daha rahat hiss edirsiz?
- Heç şübhəsiz, futbolçu olmaq daha asandı. Cavansan, sevdiyin işlə məşğul olursan. Məşqçi olunca isə daim təzyiq altında işləməyə məcbursan. Nəticələrə, komandanın sərgilədiyi oyuna görə narahatlıq keçirirsən. Ancaq rəhbərlik etdiyin kollektiv inkişaf edirsə, bu sənə ləzzət edir.
- Sevimli qələbəniz?
- DÇ-1998-də Almaniya üzərində qazandığımız qələbəni qeyd edərdim. “Bürünc” uğrunda Hollandiya ilə keçirdiymiz oyunu da xatırlayıram. Düzdü, o matçda meydanda yox idim. Klub səviyyəsində isə “Srvena Zvezda” ilə Baridə keçirilən görüş də xatirəmdə əbədi iz qoyub. Bizim komanda Çempionlar Kubokunu qazanmışdı.
- Ən gözəl qolunuz?
- Məncə, eləsi yoxdu. Bəlkə də yan xəttin üstündən“Partizan”a vurduğum qolu qeyd etmək olar.
- Oynadığınız ən yaxşı komanda?
- Xorvatiya yığması və Çempionlar Kubokunu qazanan “Srvena Zvezda”.
- Gördüyünüz ən yaxşı komanda?
- Pep Qvardiolanın “Barselona”sı. Yaşıl meydanlarda heç vaxt bir komanda onlar qədər dominantlıq edə bilməyib.
- Tarixin ən yaxşı futbolçusu?
- Lionel Messi. O hamımızdan üstündü.
- Tarixin ən böyük məşqçisi?
- Yohan Kroyff. Mən həqiqətən onun işə münasibətini bəyənirdim.
- Uşaqlıqda futbol kumiriniz?
- Mişel Platini. Parlaq, eleqant, cərimə zərbələrinin mahir ustası.
- 1982-ci ilin “Dinamo”sunda bəyəndiyiniz futbolçu?
- Marko Mlinariç. O komandanın ürəyi idi.
- Bəs “göylər”in ən yaxşısı?
- Stepan Lamza. Atam onun haqda danışmaqdan yorulmurdu.
- Bütün zamanların ən dahi xorvat futbolçusu?
- Davor Şuker və Luka Modriç. Bunu qəbul etməmək olmaz.
- Madrid “Real”ı sizin üçün nədi?
- Dünyanın ən böyük klubu. Bu ailənin bir üzvü olduğum üçün fəxr edirəm. Onunla da öyünə bilərəm ki, komandaya gəldiyim ilk gündən özümə yer edə bildim. Daha o biri klublarda icarədə gəzmədim.
- Bəs “Barselona”?
- Bir klubdan daha artıqdı. Bu bir cərəyandı. Yalnız orda oynadığınız zaman bunu anlaya bilərsiz.
- “Srvena Zvezda”?
- Şöhrətli günləri unutmaq olmaz. Daim çalışmaq lazımdı ki, ən yaxşılardan ola biləsən.
- Nəyə görəsə təəssüflənirsiz?
- Xeyr. Mən çox qələbələr qazanmışam və ən əsası odu ki, oyundan ləzzət almışam.
- Ən qaynar futbol ab-havası?
- Belqrad derbisi. Oyundan əvvəl və sonra yaşananlar. Hər kəs bu derbidən danışır.
- Xorvatiya yığması DÇ-2018-ə yollana biləcək?
- Çətin olacaq. Ancaq fikrimcə, biz bu işin öhdəsindən gələ biləcəyik. Yığmanın oyun keyfiyyəti məndə şübhə doğurmur. Lakin ehtiyatlı olmalıyıq.
- Xorvatiya Futbol Federasiyasında işləməyə necə baxırsız?
- Bizə yeni başlanğıc, yeni insanlar lazımdı. Futbol bizim genimizdədi və biz bu oyunu necə oynamaq lazım olduğunu bilirik. Ancaq hələ ki böyük uğurlar qazana bilmirik.
- Zvonimir Boban?
- O həmişə şəxsiyyət olub. Xarizmatik insandı. O Xorvatiyaya dönməyəcək, ancaq dünya futbolunun inkişaf etməsi üçün çox işlər görə bilər.
- Çiro Blajeviç?
- Onun haqda dəfələrlə danışmışam. Çirosuz həyat darıxdırıcı olardı.
- Davor Şuker?
- Futbolçu kimi çox güclüdü. Müstəqil olub ferderasiyanın işində bir qədər də fəal olmalıdı. Ancaq qorxuram ki, o bunu bacarmır.
- Siz Azərbaycanda qalıb “Bursaspor”a keçmədiz. Niyə?
- Qorxaq kimi qaçmaq istəmədim. Mən işimə vicdanla yanaşıb düz iş qurdum və komandada inkişafa nail olduq. Müqavilə müddəti bitənə kimi, yəni dekabra qədər orda olacam.
- Futbolda videotexnologiya?
- Buna qarşı deyiləm. Lakin hər kiçik şey üçün videodan istifadə etmək doğru olmaz. Bu oyunun sürətini boğacaq.
- AÇ-2008-də Türkiyəyə məğlubiyyət?
- Yuxusuz gecə idi.
- Ailədə necəsiz?
- Bizim evdə hər zaman qarşılıqlı hörmət var. Ata hakimdi.
- “Vecernji List”in sorğusunda iki dəfə “ən yaxşı” olmusuz. Hansı üstündü?
- İlki önəmlidi. Gənc idim, ona görə.
- Futboldan sonra sevdiyiniz idman növü?
- Paddl. Zarafat edirəm. Basketbol mənim ikinci sevimli idman növümdü. Bir növ 1980-cı illərin “Tsibona”sı. Çox xoşuma gəlirdi.
- Ən böyük xorvat idmançı?
- Yanitsa Kosteliç (dağ xizəkçisi). Belə çempion heç vaxt olmayıb. Nə qədər zədələr alsa da, yenidən geri qayıdaraq uğur qazanmağı bacarıb.
- Bəs basketbolçu Drajen Petroviç?
- O, xüsusi biri olub. Onun ətrafında başverənlər, ölümündən sonra söylənilənlər əfsanəyə çevrilib.
- Dünya miqyasında ən böyük idmançı?
- Basketbol – Maykl Cordan.
- Bir dövlət kimi Yuqoslaviya haqda nə deyərdin?
- Yaxşı musiqi, böyük futbol və böyük idman. Onlar keçmişdə qaldı.
- Xorvatiya?
- Hələ ki gələcək vəd edən böyük potensial. Mən hər şeyi başqa cür təsəvvür edirdim. Lakin biz əla oxuyuruq.
- Son 58 ilin tarixi şəxsiyyəti?
- Nelson Mandela. Biz özlüyümüzdə təsəvvür belə edə bilmirik ki, o insan bəşəriyyət üçün nə qədər iş görüb.
- Bəs hadisə?
- Aya uçuş.
- Tito?
- Böyük şəxsiyyət və dövlət xadimi idi.
- Evliliyinizi necə qoruyursuz?
- Etiraf edirəm ki, belə həyat yoldaşım olduğu üçün şanslıyam. Xanımım yanımda olmayanda narahat oluram.
- Hedonizm?
- Mən yaxşı yeməkləri sevirəm.
- Ən yaxşı film?
- “Balkan agenti”.
- Ən yaxşı tamaşa?
- “Radovan III”. Kim baxmayıbsa, nəyi qaçırdığını anlaya bilməz.
- Ən dahi aktyor və aktrisa?
- Tarixdə belələri çox olub. Ancaq Rade Şerbeciya hamıdan bir addım öndədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR