Sizin reklam burada

Nəriman Abdullayev uğursuzluğu hakimlərin “ayağına yazdı”

Baxış Sayı:898

Nəriman Abdullayev uğursuzluğu hakimlərin “ayağına yazdı”
“Hətta rəqibin məşqçiləri gəlib üzrxahlıq etdi”

Ötən ay Ukraynanın Xarkov şəhərində boks üzrə Avropa çempionatı keçirildi. Bu dəfə qitə birinciliyinin önəmi daha böyük idi. Axı yalnız bu yarış vasitəsilə “köhnə qitə”nin boksçuları dünya çempionatına vəsiqə qazana bilərdi. Yeni qaydaya görə AÇ-də 1/4 finala yüksələnlər mundialda iştirak hüququ qazanırdı. Yığmamız məsul yarışa yanvardan baş məşqçi postunu tutan Leonid Layinskinin rəhbərliyi altında yollandı. Ukraynalı mütəxəssisin vətəninə qayıdışı uğurlu olmadı. Hər halda, heyətində 3 dünya çempionu və bir o qədər olimpiya medalçısı olan milli geri cəmi 1 medalla qayıtmamalıydı. Boksçularımızdan yalnız Kamran Şahsuvarlı (75 kq) boks həvəskarlarının ümidlərini doğrultdu. Olimpiadada sürpriz şəkildə bürünc medal qazanan “Qəbələ”nin üzvü qitə birinciliyində fəxri kürsünün 2-ci pilləsinə yüksəldi. Halbuki ən azı Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidovdan (+91 kq) medal gözləyirdik. Tutaq ki, Məmişzadə zədədən yeni qayıtmışdı, bəlkə də tam formaya düşməmişdi. Bəs qalan milli üzvlərinin bəhanəsi nə idi? Olimpiadada “gümüş”ü boynundan asdıqdan sonra vaxtını orda-burda keçirən, karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı manevrlər edən, sonda yenidən komandaya qayıdan Sotomayora, ilk Avropa Oyunlarından başlayan uğursuzluq sindromunu qıra bilməyən Məcidova nə deyək? Axı söhbət nə dünya çempionatından, nə də Olimpiadadan gedir. Bu legionerlər zəngin yarış təcrübəsiylə Avropada ən azı “bürünc”ü hesablarına yazmalıydılar. Olimpiadadan sonra ilk yarışına çıxan Əbdülqədir Abdullayev (91 kq), gənc Eldar Quliyev (81 kq) və Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev (56 kq) də üzümüzü güldürə bilmədi.
Qeyd edək ki, 5 boksçumuz 1/4 finala yüksəlməklə gələn ay Almaniyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazandı. Şahsuvarlı ilə yanaşı, Sotomayor, Bağırov, Abdullayev və Məcidov mundialda ölkəmizi təmsil edəcək. Məmişzadə ilk “8-liy”ə düşmədiyindən titulunu qoruya bilməyəcək.
Dünən Xarkovdakı çıxışla bağlı əsas komandanın böyük məşqçisi Nəriman Abdullayevlə danışdıq. Təcrübəli mütəxəssis cəmi bir medalın qazanılmasını hakimlərin “ayağına yazdı”: “Dörd boksçumuzun qələbəsini əlindən aldılar. Eldar Quliyev (81 kq) və Əbdülqədir Abdullayevin (91 kq) məğlubiyyətinə sözüm yoxdu. Onlar həqiqətən uduzmuşdular və onların döyüşündə hakimlərin rolu olmadı. Ancaq qalan boksçularımızın yenilgiləriylə bağlı mübahisə etmək olar. Məcidov “ulduz xəstəliyinə tutulub”? Yox, belə deyil. Sadəcə, Məhəmmədrəsulun dizində zədə var idi. Müalicə olunsa da, tam gücü ilə məşq edə bilmirdi. Onu da uduzdurdular. Hətta rəqibin məşqçiləri gəlib üzrxahlıq etdi. Onlar da bu nəticəni gözləmirdi. Bu dəfə belə oldu. Ola bilər, AİBA tərəfindən nəsə... Nə bilim, düz eləmədilər. Pərviz Bağırov yaxşı işləsə də, qələbəsini əlindən aldılar. Elvin Məmişzadə də rəqibiylə bərabərsəviyyəli döyüş keçirmişdi. Hər halda, qələbəni Elvinə də vermək olardı. Kamrandan yaxşı nəticə gözləyirdik. Amma Şahsuvarlı finalda zəif döyüşdü. O, ukraynalı rəqibiylə həlledici qarşılaşmada özünü olimpiya medalçısı kimi göstərə bilmədi. Teymur Məmmədov zədəli olduğuna görə Avropa çempionatında iştirak edə bilmədi. Bildiyiniz kimi, 5 boksçumuz dünya çempionatına vəsiqə qazanıb. Hazırda yığma üzvləri məxsus olduqları klub və cəmiyyətlərdə yüngül məşqlərlə kifayətlənirlər. Millinin təlim-məşq toplanışı iyulun 10-da başlayacaq. Hazırlıq prosesi həmişə olduğu kimi Boks Mərkəzində baş tutacaq. Almaniyada keçiriləcək dünya çempionatı isə avqustun 25-də başlayacaq”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR