Sizin reklam burada

AÇ-də altıncı yeri tutdular

Baxış Sayı:628

AÇ-də altıncı yeri tutdular
Litvanın Kaunas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub. Şənbə günü 42 ölkədən 430 cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı qitə birinciliyində yığmamızın son 6 üzvü tatamiyə çıxıb. Vüsal Şamilov (73 kq) isveçli Mark Yohanssona qalib gəldikdən sonra 1/8 finalda italyan Kenni Komi Bedelə uduzub. İdmançımız ilk təsəlliverici görüşdə ukraynalı Sergey Vostrenkovu məğlub etsə də, yenə İtaliya təmsilçisiylə bacarmayıb. Mattia Prosdokimoya yenilən Şamilov bürünc medaldan da əlini üzüb. Niyal Əzimov (81 kq) debüt görüşündə gürcü Qoça Qvaçlianiyə uduzub. Adil Kərimli (90 kq) yunan Aristotelis Kukiotis, macar Şaba Tot və latviyalı Emil Qerkensi sıradan çıxararaq yarımfinala yüksəlib. Təəssüf ki, finalın biraddımlığında gürcü Mixeili Bekauriyə, 3-cü yer uğrunda qarşılaşmada isə rus Valeri Yendovitskiyə məğlub olaraq fəxri kürsüdən kənarda qalıb. Məhəmməd Abdullayev (+90 kq) də eyni aqibətlə üzləşib. Cüdoçumuz fransız Yanis Aluane və türk Ömər Aydın üzərində qələbə qazansa da, yarımfinalda macar Riçard Şipoşla, “bürünc” savaşında isə latviyalı Vladlens Yarokislə bacarmayıb. Mübarizəyə 2-ci mərhələdən başlayan Günel Bəkirzadə (57 kq) italyan Covanna Fuskoya uduzduqdan sonra təsəlliverici görüşlərdə macar Nikolett Nyiriylə fransız Estelle Kurtatdan güclü olub. Ancaq rus İrina Zueva tərəfindən mübarizədən kənarlaşdırılıb. Fidan Hüseynova (63 kq) elə ilk mərhələdə latviyalı Milena Rinkeviçaya məğlub olub.
Xatırladaq ki, ilk yarış günündə Vüsalə Kərimova qızıl, Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) gümüş, Davud Abaslı (60 kq) isə bürünc medal qazanıb.
Komanda hesabında ölkəmiz 6-cı yeri tutub. Rusiya (3-1-5) birinci, Gürcüstan (3-1-1) ikinci, Almaniya (2-1-5) üçüncü olub.
Dünən isə komanda yarışı keçirilib. Kişilərdən ibarət yığmamız ilk görüşdə Estoniyaya qalib gəlib. Ancaq daha sonra millimiz Rusiyaya uduzub. Komandamız təsəlliverici görüşdə Ukraynaya da məğlub olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR