Sizin reklam burada

“Klassiklər”in gücü cəmi bir “gümüş”ə çatdı

Baxış Sayı:761

“Klassiklər”in gücü cəmi bir “gümüş”ə çatdı
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb. Həftəsonu yunan-Roma güləşçiləri mübarizə aparıb. Şənbə günü müvafiq yığmamızın hesabına bir medal yazılıb. Zülfüqar Əliyev (50 kq) alman Stiven Ekker (8:0), rus Atmir Kotçev (4:1) və danimarkalı Nikolay Mohammadiyə (10:6) qalib gəlməklə finala yüksəlib. Həlledici görüşdə gürcü Ramaz Silaqavaya (1:5) uduzan güləşçimiz gümüş medalla kifayətlənib. Kamran Mirzəliyev startda moldovalı Georgi Avramı (8:0) rahat üstələsə də, 1/4 finalda erməni Hraçya Poqosyana (1:1) məğlub olub. Ülvi Qənizadə (74 kq) 1/8 finalda Rusiyanı təmsil edən erməni Narek Oqanyana (2:3), təsəlliverici görüşdə isə gürcü Beka Mamukaşviliyə yenilib - 1:3. Seyidməhəmməd Ömərov (96 kq) elə ilk mərhələdə alman Yan Zirnə müqavimət göstərə bilməyib – 0:5.
Dünən son 4 güləşçimiz döşəyə çıxıb. Elşad Məmmədov (55 kq) startda serb Deyan Petroviçə (4:7), Kənan Cəfərov (66 kq) isə rus Sergey Stepanova (0:8) uduzub. Tuncay Vəzirzadə (84 kq) əvvəlcə fransalı Valid Desçiyevə aman verməyib - 8:0. Həmyerlimiz 1/4 finalda çətinliklə də olsa, isveçli Aleksandr Stepanetiçi üstələyib – 3:2. Ancaq Vəzirzadənin finala yolunu belaruslu Nikita Klimoviç kəsib – 2:10. Tuncayın gürcü Temuri Çkuaselidze ilə bürünc medal uğrunda qarşılaşması maraqlı mübarizə şəraitində keçib. Həmyerlimiz hesabda 6:2 öndə olsa da, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə 8:13 geri düşən güləşçimiz uğursuz fənd etmək cəhdindən sonra “tuşe” ilə uduzaraq fəxri kürsüdən kənarda qalıb. Tehran Əminzadə (120 kq) ilk qarşılaşmada macar Marton Şabadosdan güclü olub – 5:2. Amma 1/4 finalda gürcü Zviad Pataridzeyə müqavimət göstərə bilməyib – 0:8. Əminzadə təsəlliverici görüşdə türk Yaqup Yerlikayaya da boyun əyib – 2:5. Beləliklə, “klassiklər”in qazancı cəmi 1 gümüş medal olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR