Sizin reklam burada

UEFA yeniliklərlə bol olan ÇL-in səbətlərini açıqladı

Baxış Sayı:818

UEFA yeniliklərlə bol olan ÇL-in səbətlərini açıqladı
“Araz” ya Finlandiyaya, ya da Rumıniyaya gedəcək

Qəzetimizin ötən saylarından birində futzal üzrə UEFA kubokunun növbəti mövsümünün püşkatma mərasiminin iyulun 6-da keçiriləcəyini xəbər vermişdik. İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. UEFA-nın hələ bir neçə ay əvvəl təklif etdiyi qaydalardan məlum olduğu kimi, budəfəki turnir tam fərqli formatda keçiriləcək. Artıq 2017/18 mövsümünün detalları tam açıqlanıb. Qarşıdakı mövsüm yeni rekordla əlamətdar olacaq. Belə ki, futzal tarixində ilk dəfə UEFA kubokuna 56 komanda qatılacaq. Tarixdə daha bir ilk dörd ölkənin - İspaniya, Portuqaliya, İtaliya və Rusiyanın 2 komanda ilə təmsil olunması ilə bağlıdı. Əslində bu məqam özlüyündə sual doğurur. Səbətlər ölkələrin reytinqinə əsasən müəyyənləşibsə, deyək ki, Portuqaliyanın ikinci təmsilçisi “Braqa”nın 10-cu yerdə nə işi var? Axı bu komanda, ümumiyyətlə, turnirin debütantıdı. Yox, klub reytinqi əsas götürülübsə, reytinqdə ikinci olan “Kayrat”a görə Qazaxıstandan iki təmsilçinin yarışa buraxılması daha məntiqli görünərdi. Görünür, sadəcə, ad və titullar əsas götürülüb.
Yarışın reqlamentinə əsasən, 56 komanda əmsallarına görə iki qrupa bölünüb. 32 zəif komanda avqustun 22-27-də təsnifat mərhələsində iştirak edəcək. Hər birində 4 komanda olan 8 qrupdan yalnız qaliblər əsas mərhələyə yüksələcək. Qalan 24 iştirakçı isə birbaşa əsas mərhələdən mübarizəyə başlayacaq. Bu qarşılaşmalar oktyabrın 10-15-də baş tutacaq. Azərbaycan çempionu “Araz” da əsas mərhələdən mübarizəyə qoşulacaq. Ancaq burda da klublar A və B yolu üzrə hərəkət edəcək. Son qalib “İnter”, həmçinin reytinqdə 1-11 və 16-19-cu yerlərdə qərarlaşanlar A yolunda çıxış edəcək. Bu 16 komanda 4 qrup təşkil edəcək. Əmsalına görə 12-15 və 20-23-cü olanlar və təsnifat mərhələsinin 8 qalibi B yolunda qüvvəsini sınayacaq. A yolunda hər qrupdan 3, B yolunda isə hər qrupun yalnız qalibi mərhələ adlayacaq. Beləliklə, elit mərhələdə də 16 komanda mübarizə aparacaq.
Oktyabrın 19-da atılacaq püşk nəticəsində elit mərhələdəki komandalar 4 qrupa böləcək. Bu mərhələnin oyunları noyabrda, yalnız qrup qaliblərinin vəsiqə qazanacağı “dördlər finalı” 2018-ci ilin aprelində baş tutacaq. İştirakçı komandalar indidən səbətlərə bölünüb. Futzal üzrə UEFA kubokunda həmişəki kimi səbətlər hər iki mərhələ üçün təşkil edilib. İlk 5 səbət təsnifat, 6-9-cu səbətlər əsas mərhələnin B, 10-14-cü səbətlər A yolu üçün nəzərdə tutulub. Azərbaycan çempionu “Araz” 9-cu səbətdə yer alıb. Bu isə o deməkdi ki, Naxçıvan təmsilçisi əsas mərhələnin B yolu üzrə mübarizəyə qoşulacaq. Burda qrupunun “səpələnmiş”i olacaq komandamız 1-ci yeri tutmağa məcburdu. Çünki yalnız qrup qalibi kimi elit mərhələyə vəsiqə qazanmalı olacaq. “Araz”ın yarışacağı mərhələnin oyunlarına Slovakiya, Xorvatiya, Finlandiya və Rumıniya evsahibliyi edəcək. Amma çempionumuz qrupunda “səpələnmiş” olacaq ilk iki ölkənin təmsilçisi ilə üz-üzə gələ bilməz. Ona görə də “Araz” iki variantdan birində - ya Finlandiyada, ya da Rumıniyada oynamalıdı. UEFA Azərbaycan və Ermənistan çempionlarının eyni qrupa düşməməsini də nəzərə alıb. Bu üzdən düşmən ölkənin çempionu “Leo” təsnifat mərhələsini adlasa, hər iki komanda əsas mərhələdə ayrı-ayrı qruplara salınacaq.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR