Voleybol Federasiyasında seminar

5.04.2022 14:43 566
İdman
Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün seminarlar davam edir.

"Football-plus.az" saytının məlumatına görə, fevralın 5-də start götürən seminar Bakı və Şəki şəhərlərindən sonra Yevlax rayonunda təşkil olunub. Aprelin 2-də burada keçirilən dərslərdə Yevlax, Ağdaş, Tərtər, Bərdə, Göyçay, Ağcabədi rayonlarından ümumilikdə 19 orta məktəb müəllimi iştirak edib.

AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova, 4 nömrəli Olimpiya Ehtiyatları məktəbinin dərs hissə müdiri Çingiz Səmədov iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra məşqçi-seleksioner Tatyana Korjova uşaqların voleybola cəlb olunması və azyaşlıların ilkin məşq prosesi haqqında məlumat verib.

Sonda iştirakçı məşqçi-müəllimlərə sertifikatlar və toplar təqdim edilib.