Sizin reklam burada

Vüsalə Kərimova Avropa çempionudu

Baxış Sayı:962

Vüsalə Kərimova Avropa çempionudu
Dünən Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa çempionatı start götürüb. Qitə birinciliyində 42 ölkədən 430 cüdoçu (234 oğlan, 196 qız) mübarizə aparır. Müvafiq yığmamız məsul turnirə 16 idmançıyla (10 oğlan, 6 qız) qatılıb. Dünən 8 çəkidə medalçılar müəyyənləşib. 55 kq-da Ayxan Tanrıverdiyev Cənubi Kipr təmsilçisi Georgios Balarjişvili və rumıniyalı Pol Onofreyə, Əmrah Salimli isə macar David Najiylə ukraynalı Oleq Veredibaya qalib gələrək 1/4 finala yüksəlib. Milli üzvlərinin duelindən üzüağ çıxan Tanrıverdiyev yarımfinalda rus Abrek Naquçyovu üstələyərək finala yüksəlib. Ayxan həlledici görüşdə türk Mihrac Akkuşla bacarmayıb və gümüş medalla kifayətlənib. Təsəlliverici qarşılaşmalarda Balarjişvili və rus Maksim Volkovu mübarizədən kənarlaşdıran Salimli 3-cü yer uğrunda görüşdə israilli Matan Şaniyə uduzub.
Vüsal İbrahimov (60 kq) holland Kamiel Roskamp, gürcü Georgi Kapanadze və macar Botond Şeredası məyus etməklə finala adlayıb. Həmyerlimiz son qarşılaşmada rus Kazbek Naquçyova uduzaraq “gümüş”ü hesabına yazıb. Onun çəki yoldaşı Davud Abbaslı finlandiyalı Turpal Cukayevlə italyan Flavio Fraskanı məğlub etdikdən sonra 1/4 finalda Naquçyova “ilişib”. Təsəlliverici görüşlərdə latviyalı Sandro Razmadzeylə alman Mateo Çuku yenən cüdoçumuz 3-cü yer uğrunda dueldə Şeredasa “ippon”la qalib gələrək “bürünc”ü boynundan asıb.
Sabir İsmayılov (66 kq) startda belaruslu Yahor Truxana boyun əyib. Əvəzində onunla eyni çəkidə çıxış edən Qnyaz Mahmudlu portuqaliyalı Qonsalo Lopes, moldovalı Boqdan Jizdan, makedon Həmzə Yaşari və italyan Covanni Zarakanı üstələyərək finala vəsiqə qazanıb. Yığma üzvü qızıl medal uğrunda savaşda gürcü Mixeil Baxbaxaşviliyə məğlub olaraq “gümüş”lə kifayətlənib.
Vüsalə Kərimova (40 kq) rumıniyalı Silviya German, türk Muberra Günəş, rus Qlafira Borisova və ukraynalı Anastasiya Balabana qalib gəlməklə Avropa çempionu olub. Şəhanə Hacıyeva (48 kq) startda yunan Panaqiota Kaysopulunu məğlub etsə də, alman Maşa Balhauza, təsəlliverici görüşdə isə italyan Kiara Palankaya uduzub. 52 kq-da Ülviyyə Bayramova startda avstriyalı Liza Qrabnerə, Fəridə Səfərova isə sloveniyalı Nusa Perovnikə yenilib. Beləliklə, ilk yarış günündə yığmamız 1 “qızıl”, 3 “gümüş” və 1 “bürünc”lə komanda hesabında 2-ci pillədə qərarlaşıb. Millimiz yalnız Rusiyadan (2-0-2) geri qalır. İlk “3-lüy”ü Macarıstan (1-1-0) qapayır.
Qeyd edək ki, bu gün Vüsal Şamilov (73 kq), Niyal Əzimov (81 kq), Adil Kərimli (90 kq), Məhəmməd Abdullayev (+90 kq), Günel Bəkirzadə (57 kq) və Fidan Hüseynova (63 kq) tatamiyə çıxacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR