Sizin reklam burada

Harçeqani dünya çempionu oldu

Baxış Sayı:750

Harçeqani dünya çempionu oldu
Koreyanın Muju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı yekunlaşıb. Ötən sayımızda Məhəmməd Məmmədovun (63 kq) yarımfinala yüksəldiyini xəbər vermişdik. Finalın biraddımlığında iranlı Mirhaşim Hüseyniyə 6:7 hesabıyla məğlub olan gənc idmançımız bürünc medalla kifayətlənib. Beləliklə, Məmmədov ilk dəfə böyüklər arasında mundialda fəxri kürsüyə qalxıb. Son təmsilçimiz Milad Beiqi Harçeqani (80 kq) isə ümidləri doğruldub. 26 yaşlı taekvondoçu sırayla nigerli Cibo Kadri Baqna (30:9), yapon Hidenori Ebata (tam üstünlüklə), ispan Raul Martines (19:13) və dominikanlı Moyzes Hernandesə (19:10) qalib gələrək yarımfinala yüksəlib. Harçeqani finalın biraddımlığında ikiqat Avropa çempionu, əslən britaniyalı olub, daha sonra Moldova tərəfindən “milliləşdirilən” Aaron Kuku tam üstünlüklə sıradan çıxarıb. Milad finalda rus Anton Kotkova (21:3) heç bir şans tanımayaraq ilk dəfə böyüklər arasında dünya çempionu olub. Harçeqani bu növdə 3-cü dünya çempionumuzdu. Ona qədər Niyaməddin Paşayev (2001) və Radik İsayev (2015) mundialda qızıl medal qazanmışdı.
Milad qələbəsini belə şərh edib: “Uşaqlıqdan dünya çempionu olmaq xəyalıyla yaşamışam. Bu mənə qismət olmurdu. Hər dəfə bir problem olurdu. Bu dəfə arzuma çatdım. Döyüşlərin hamısı çətin keçdi. Bir az zədə problemiylə də üzləşdim. Həkim köməyindən istifadə etməli oldum. Qatıldığım hər yarışda çempion olmağa çalışıram. Bu qızıl medalı komandama, üzərimdə böyük əziyyəti olan məşqçilərə həsr edirəm. Bu titulu qazanmağı çox arzulayırdım ki, Azərbaycana sevinclə qayıdaq”.
DÇ-də qazanılan bir “qızıl” və bir “bürünc”ün yığma tarixinin analoji yarışlarda əldə etdiyi ən yüksək nəticə olduğunu da nəzərinizə çatdıraq. Millimiz komanda hesabında 7-ci yeri tutub. Təşkilatçı ölkə 5 “qızıl”, 1 “gümüş” və 4 “bürünc”lə birinci olub. Türkiyə (2-1-0) ikinci, Serbiya (2-0-0) isə üçüncü yeri tutub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR