Sizin reklam burada

Türkmənistandan təkzib gəlsə də...

Baxış Sayı:627

Türkmənistandan təkzib gəlsə də...
Toğrul dəymə-düşərdi, yoxsa federasiya günahkar?

Artıq iki-üç gündü London Olimpiadasının qalibi Toğrul Əsgərovun Türkmənistan yığmasına keçməsiylə bağlı xəbərlər mətbuatın gündəmini zəbt edib. İdmançının “feysbuk” səhifəsində saytlarda özü haqda gedən xəbərləri tez-tez paylaşması da odun üstünə yağ tökür. Sanki Əsgərov məsələnin daha da aktuallaşmasına və bu işə daha yuxarı müstəvidə baxılmasına çalışır. Toğrul bilərəkdən və ya bilməyərəkdən ictimaiyyəti iki hissəyə bölüb: onun tərəfini tutanlar və ona qarşı olanlar. Onu bu məsələdə məzlum rolunda görənləri anlamaq çətin deyil. Əlbəttə, heç kimə xoş olmaz ki, 3 il sonra sərbəst güləşçi Olimpiadada bizim yox, başqa ölkənin bayrağını ucaltsın. Necə ki Nicat Rəhimov Qazaxıstana olimpiya “qızıl”ını qazandıranda qovrula-qovrula qaldıq. Axı niyə onu-bunu “milliləşdirib”, öz dəyərlərimizə sahib çıxmırıq? Bu proses nə vaxtadək davam edəcək? Ramil Quliyevin, Nicat Rəhimovun gedişi hələ də idman başbilənlərinə dərs olmayıb?
Amma məsələyə obyektiv yanaşanda birmənalı şəkildə Güləş Federasiyasını (AGF) da qınamaq olmur. Əsgərovun Hindistanda keçirilən kommersiya xarakterli yarışda zədələnməsi “əməliyyatı öz hesabına etməlidi” fikrini ortaya çıxarıb. Onun indiyədək qazandığı mükafatlar, bahalı avtomobilinin bahalı nömrəsi müzakirəyə çıxarılıb. Hətta “gedirsə, cəhənnəmə getsin” deyənlər də var.
Məsələ ilə bağlı “apasport” Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədovun fikirlərini öyrənib. Maraqlıdı ki, qarşı tərəf Əsgərovun “milliləşdirilməsini” təkzib edib: “Toğrul Əsgərovun Türkmənistan millisinə dəvət olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sizdə olan məlumat səhvdi və bu keçid mümkün deyil. Daxili yarış keçirirdik. Turnirin nüfuzunu qaldırmaq üçün bura bir neçə tanınmış sima dəvət etmişdik. Onlar arasında Azərbaycan və İrandan olan tanınmış güləşçilər də vardı. Ölkənizdən Toğrul Əsgərovla Hacı Əliyevə dəvət göndərmişdik. Bunu qeyri-adi qarşılamaq olmaz. Bu güləşçilər Yay Olimpiya Oyunları ilə yanaşı, dünya və Avropa çempionatında öz sözlərini deyiblər. Əsgərov Olimpiadada 2 dəfə finalda güləşib, onlardan birində qızıl medal alıb. Əliyev isə Rio-2016-da mükafatçılar sırasına düşüb, dünya və Avropa çempionatının qalibi adını qazanıb”.
İki ölkənin Güləş Federasiyasının sıx əlaqəsinin olduğunu vurğulayan Xanməmmədov pəhləvanlarımızı özbaşına dəvət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bununla bağlı AGF-dən rəsmi icazə alınıb.
Ancaq indi Toğrulun şəxsi məşqçisi sayılan Elman Əsgərov fərqli fikir səsləndirib. O, “azerisport”a verdiyi açıqlamada məsələnin ciddi olduğunu bildirib: “Toğrulla Türkmənistana yollanıb yerli Güləş Federasiyasının rəsmiləriylə görüşdük. Onlar yaxşı təklif irəli sürsələr də, hələ qərarımızı verməmişik. Maliyyə ilə bağlı ciddi problemlərimiz var. Mən demək olar ki, 1 ildi maaş almıram. Bəs mənim də ailəm var axı. Toğrul əməliyyat olunmalıdı. Ancaq onunla heç kim maraqlanmır. Bu üzdən İslamiadada çıxış edə bilmədi. Türkiyədə əməliyyat olunacaq. Onun pulunu biz ödəyəcəyik? Toğrul hələ bir neçə Olimpiadada çıxış edə bilər. İkiqat olimpiya medalçısıyla maraqlanan yoxdu. Bu necə ola bilər? Belə münasibətin səbəbini bilmirəm. Bu üzdən Türkmənistana yollanıb, orda danışıqlar apardıq”.
Bu məsələylə bağlı araşdırmamızı davam etdirdik və müəyyən detalları üzə çıxardıq. Məsələ burasındadı ki, AGF-də hazırda maliyyə problemləri var. Hansı ki bu, ilk Avropa Oyunlarından sonra yaranıb. Yığmaların ölkə xaricindəki təlim-məşq toplanışları minimuma enib, mükafatlar kəsilib, maaşlar yubadılır. Son 4 ayda əməkhaqqı verilməyib. Hətta daha uzun müddətə maaş almayanlar da var. Yəni burda sırf Əsgərova biganə münasibətdən söhbət getmir. Bütün güləşçilər eyni durumdadı. Əsas narazılıq əməliyyatın yubanmasıdı ki, bu da səbəbsiz deyil. Toğrulun hələ Hindistana yollanmamış boynunda zədəsi var imiş. Sadəcə, həmin kommersiya xarakterli yarışda vəziyyətini daha da ağırlaşdırıb. Bu üzdən əməliyyata ehtiyac yaranıb. Zədə yetərincə ciddi olduğundan çox yaxşı cərrahın əməliyyat etməsinə ehtiyac var. AGF Almaniya və Türkiyəyə sorğu göndərib. Həkim axtarışları davam edərkən Əsgərovun dopinqli çıxması və gələn ilin aprelinə qədər cəzalanması qurumun tələsik qərar verməməsinə səbəb olub. Onsuz da mövcud maliyyə problemi bir az da gözləmə mövqeyi tutmalarına səbəb olub. İstənilən halda, Toğrul bu gün-sabah Türkiyədə əməliyyat olunacaq. İndi əsas məsələ geri qayıtdıqdan sonra AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyevin onunla görüşüb, bütün məsələləri müzakirə etməsidi. Ən azı federasiyanın real vəziyyətini güləşçiyə başa salmaq olar. “Dopinqlidi və ya əşi, pulu çoxdu” deyib, pəhləvanı yola vermək də olmaz. Məsələyə Gənclər və İdman Nazirliyinin qarışması məqsədəuyğun olar. Mövzunu davam etdirəcəyik.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR