Sizin reklam burada

Alesionun qayıdışına fərqli yanaşma

Baxış Sayı:963

Fərzəliyev: “Ümid edirəm ki, bu qayıdış ölkə futzalının xeyrinə olacaq”
Əzimov: “Yenə braziliyalıları yığıb tökəcək bura”


Dünən futzal millimizin yeni baş məşqçisinin adı rəsmən açıqlandı. Qəzetimizin bir neçə gün əvvəl yazdığı kimi, yığma Joze Alesio da Silvaya tapşırıldı. Bununla da millinin və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra “yuva”ya dönür. Alesio 2014-cü ildə yığmamızdan qalmaqalla ayrılmışdı. Daha doğrusu, Jozenin Futzal Federasiyasının prezidenti Zaur Axundovla münasibətləri korlanmışdı. Sonradan özü də açıqlamasında Azərbaycan futzalının sistemsizliyindən gileylənmişdi. Cənubi amerikalı karyerasını davam etdirmək üçün Qazaxıstana yollanmışdı. Lakin müqaviləsi olan çalışdırıcı vəzifəsini özbaşına tərk etmişdi. Braziliyalı bu postu “Kayrat”da köməkçi-məşqçi vəzifəsinə dəyişmişdi. Bundan narazı qalan AFFA Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu da göndərmişdi. Buna baxmayaraq, məşqçi fəaliyyətini Qazaxıstanda davam etdirməyə nail olmuşdu.
Artıq millidə yeni Alesio erası başlayır. Görəsən, 3 il əvvəl sistemsizlikdən gileylənən braziliyalı bu dəfə nə yenilik gətirəcək? Ümumiyyətlə, Jozeli futzalımız nə vəd edir? Bu sualları yığmanın indiki və sabiq kapitanlarına verdik. Onların fikirləri ilə tanış olaq.
Alesionun qayıdışına fərqli yanaşma
Rizvan Fərzəliyev: “Alesioya yeni baş məşqçi demək dorğu deyil. O, futzalımıza yaxın, tanış simadı. Bir müddət ölkəmizdə çalışıb. Onunla birlikdə milli komandanın bir çox uğurları olub. Alesio komandaya yaxından bələd olan mütəxəssisdi. Yenidən bura qayıtması xoşdu. Ümid edirəm ki, bu qayıdış ölkə futzalının xeyrinə olacaq. Milli irəliləyəcək, uğurlar qazanacaq. Həmçinin də “Araz”. Hazırda qarşıda bizi Çempionlar Liqası gözləyir. Qrup mərhələsində mübarizə aparacağıq. Sonra isə millinin toplanışı olacaq. Fevralda Avropa çempionatında oynayacağıq. İnanıram ki, Alesionun başçılığı altında komanda uğurlarını yeniləyəcək, finala doğru addımlayacaq. Sistem məsələsindən söhbət gedirsə, bu rəhbərliyin işidi. Tərəflər razılığa gəlibsə, deməli, Alesionun da istəkləri nəzərə alınıb. O da şərtlərini irəli sürüb. Ölkənin futzal rəhbərliyi onu yaxşı tanıyır. Deyərdim ki, bu müqavilədən sonra yeni nəsə gözləmək olar”.
Ağatahir Əzimov: “Heç təyinatdan xəbərim yoxdu. Qayıdırsa, qayıtsın. Yuxarılara elə Alesio lazımdı. Onlara azərbaycanlılar lazım deyil. Alesio sistem və ya nəsə yenilik gətirəcək? Yenə braziliyalıları yığıb tökəcək bura. Başqa heç nə gözləmirəm. Ona qalsa, braziliyalılar indi də var. O, futzalçı yetişdirməyəcək. Vaxtilə Alesioya demişdilər ki, azərbaycanlılarla işləmək lazımdı. Lakin o buna razı olmadı, qaçdı “Kayrat”a. İndi qayıdıb guya azərbaycanlılarla işləyəcək? Ölkə futzalında azərbaycanlı qalıb ki? Hamını uzaqlaşdırıblar. Yerli uşaq yetişdirmək lazımdı. Yoxsa hansısa inkişafdan danışmaq doğru deyil. Lap əvvəllər sistem var idi. Alesio özü bu sistemi dağıtdı. O vaxt heç olmasa, azərbaycanlı uşaqlar var idi. 20-30 nəfər yerlilərə ümid bəsləmək olurdu. Onların hamısını bir-bir təmizlədilər. O vaxt gələndə gərək azərbaycanlılarla işləyəydi, iki-üç baziliyalı cəlb edəydi. Amma elə olmadı. Komandadan kimsə gedəndə, kimsə də gəlməlidi. Çıxardığı adamların yeri dolmalıdı. İndi isə heç kim yetişmir. Məktəblərimiz, akademiyalarımız yoxdu. Küçədən iki-üç uşaq tapırıq, ya da böyük futbolu atanları gətiririk. Bununla futzal olmur. Məktəb lazımdı. “Araz” kimi komandanın akademiyası yoxdu. Baxmayaraq ki, yaradılmasından 12-13 il keçib. İndiyə kimi klub olaraq bir oyunçu yetişdirməyib. Uğurlar hazır oyunçularla qazanılıb. Bu cür inkişaf olmur”.
ŞƏFİ ŞƏFİYEV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR