Həm əsas yığma, həm də 21 yaşadək futbolçulardan ibarət komanda martda iki oyun keçirəcək. Canni de Byazinin yetirmələri bu ayın 25-də Maltada yerli komanda, 29-da isə Latviya ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. Milan Obradoviçin futbolçuları isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Bakıda Estoniya, 29-da yoldaşlıq oyununda Belarus ilə qarşlaşacaq. Bu görüşlər üçün hər iki yığmanın heyəti açıqlanıb. De Byazi sərəncamında olacaq futbolçuları ictimaiyyətə təqdim etdikdən sonra AFFA-nın rəsmi saytı Rüstəm Əhmədzadənin Milan Obradoviçin komandasının düşərgəsinə yollacağını açıqladı. Lakin serbiyalı mütəxəssis “Qarabağ”ın futbolçusunun xidmətindən faydalana bilməyəcək. Buna səbəb De Byazinin onu Obradoviçdən geri istəməsi olub. Bu məlumatı “Football-plus.az” saytına müsahibəsində 45 yaşlı məşqçi verdi:
“Gəlin, bir şeyi aydınlaşdıraq. Rüstəm bu oyunlarda bizim komandada oynamayacaq. De Byazi mənlə söhbət etdi. Bildirdi ki, onun Rüstəmə ehtiyacı var. Bu səbəbdən də hücumçu onlarla birgə olacaq. Yəni ki Rüstəm bizimlə deyil”.
Yeri gəlmişkən, Obradoviçin geniş müsahibəsi yaxın saatlarda saytımızda yer alacaq.
İLKİN SULTANLI



