Sizin reklam burada

Azərbaycan “Qran-pri”si dünya çempionlarını üz-üzə qoydu

Baxış Sayı:615

Azərbaycan “Qran-pri”si dünya çempionlarını üz-üzə qoydu
Hemilton: “Fettel kişidisə, boliddən düşüb üstümə gəlməliydi”

“Formula-1” üzrə Azərbaycan “Qran-pri”sində çoxlu yaddaqalan hadisələr qeydə alındı. Təhlükəsizlik maşınının bir neçə dəfə trassa çıxması, qırmızı bayrağın dalğalandırılmasıyla yarışa 15-20 dəqiqəlik fasilə verilməsi, Luis Hemiltonla Sebastyan Fettel arasında yaşanan insident və çoxsaylı ötmələr Azərbaycan “Qran-pri”sini unudulmaz etdi. İndi əksəriyyət düşünür ki, gələn il bu yarışa tələbat daha böyük olacaq, tribunalarda boş yer qalmayacaq. İndi isə yarışda başverənlərlə bağlı pilotların və “Formula-1”ə aid başqa şəxslərin fikirləriylə tanış olaq:
Daniel Rikkyardo: “Çox dəlisov yarış oldu. Düşünürdük ki, fəxri kürsü real hədəfdi, lakin yarış qazanmaq xəyalını qurmurdum. Planlaşdırılmamış bir pit-stop etməli oldum. Bolidə bəzi detallar yapışmışdı və onlar qoparılmalı idi. Amma yarışdan əvvəl bütün pulumu qoyaraq mərcə girərdim ki, qazana bilməyəcəm. Belə yarışı keçən il də gözləyirdik, lakin onda trassa heç təhlükəsizlik avtomobili də çıxmamışdı. Hələ də qalib gəldiyimə inana bilmirəm… Sebastyan hərəkət etməmişdən əvvəl bunun nəticələrini düşünmür. Onun necə istəklə və emosionallıqla sürdüyünü bilirik. Lakin bəzən bunu müəyyən həddə saxlamalıdı. Onun idmana sevgisinə hörmət edirəm. Ancaq bəzən bu istək onun aqressivləşməsinə səbəb olur. Bəzən radioda ağzına gələni danışır. Luis yavaşlasa da, yavaşlamasa da, tempi müəyyən etmək haqqı ondadı. Lider odu və sürətlənmək üçün tez idi. 15-ci döngədən sonra restart haqda düşünmək olmaz. Sebastyan çox həyəcanlı idi”.
Valtteri Bottas: “Kimi ilə yaşadığımız yarış insidenti idi. Onun yerinə məyusam, lakin mənə pis təsir etdi. Bu gün çox çılğın yarış oldu. Pitdən çıxdıqdan sonra rəqiblərimdən bir dövrə geridə idim. Lakin yekunda fəxri kürsüdəyəm. Qarşıma keçən hamını ötməliydim və bolidin də yaxşı işləməsi ilə bunu bacardım. Bu yarış göstərdi ki, təslim olmaq olmaz. Qırmızı bayraqlar zamanı komanda bolidi daha yaxşı vəziyyətə gətirdi. Yarışın son metrlərində Strollu keçməyim yarışı mənim üçün unudulmaz etdi. Nəticədən razıyam. Komandama da dərindən təşəkkür edirəm”.
Lans Stroll: “Çox gərgin yarış idi. Komanda radioda məndən sakit olmağımı istədi. Yekunda ikinciliyi itirsəm də, əla yarış idi. Arxa təkərlərim tam yeyilmişdi və buna görə də bilirdim ki, performansımı davam etdirmək çətin olacaq. O təkərlərlə yaxşı dövrələr göstərmək çətin idi. Valtteri məndən sürətli idi. Lakin fəxri kürsüdəyəm və havada uçuram”.
Sebastyan Fettel: “Hər şey açıq idi. Ona arxadan bilərək vurmadım. Qanadıma zərər verdim. Onun bolidi az da olsa, zədələndi. Yarışımıza təsir edəcək şeylər deyildi. Bunu bir neçə dəfə etdi. Restartdan sonra da çox sürətli idi və fərqi artırdı. Problem ondadı ki, hamı sürətlənməyə hazırlaşırdı. Hemiltonun üzündən zəncirvari qəza baş verə bilərdi. Bir neçə il əvvəl Çində eynisi olmuşdu. Restartlar belə olmamalıdı. Hər şey ortadadı. Mən cəza aldımsa, o da almalı idi. Hamımız yetişkən insanlarıq. Bolidin içində emosiyalar son həddə çatır. Təkər-təkərə mübarizə istəsək də, bu, restartdan əvvəl olmamalıdı. Lakin bir-birimizə hələ də hörmət edirik. Yarışdakı insident doğru deyildi. İngiltərə premier-liqasında da hər bazar günü hakimlər fitini çalaraq, qərarlar verirlər. Bəzi oyunçular bu qərarlarla razı olsalar da, bəziləri etiraz edirlər. İdman belə şeydi. “10 saniyə dayan və get” cəzası isə çox ağır idi. Orda gözləyərkən əlinizdən heç nə gəlmir”.
Luis Hemilton: “Həftəsonu pis keçmədi. Hər halda, xallar qazana bildik. Xoşagəlməz hadisələr isə bəzən baş verir. Sebastyan ilə olan insident haqda nə deyəcəyimi bilmirəm. Bu artıq geridə qalıb. Fettel idmançıya yaraşmayan davranış sərgilədi və etdiyi çox təhlükəli idi. Bu üzdən cəzalandırıldı. Əyləclə bağlı test etmirdim. Sürətimə nəzarət edirdim və həmişə eyni yerdə yavaşlayırdım. Deməli, bolidin içində yuxuya gedib və bolidimə çırpıldı. Buna baxmayaraq, 4-cü oldu. Bu utandırıcıdı. Özünü biabır etdi. Bilmirəm, nə deyim. Fettel kişidisə, boliddən düşüb üstümə gəlməliydi. Dünyanın hər yerində “Formula-1”i izləyən gənc oğlanlar var. Onların bu hərəkəti görməsi xoş deyil. İnsanlar bu gün dördqat dünya çempionunun necə davrandığını gördülər. Ümid edirəm ki, bu hal başqa seriyalarda təkrarlanmaz. Mən yoluma davam edəcəm. Bu həftə çox güclü idik. İnkişafa davam edəcəyik. Artıq növbəti yarış haqda düşünürəm. Qalan 12 “Qran-pri”nin hamısını qazanmaq istəyirəm. Hamı hər şeyi gördü. Ötən il radioda dediklərini eşitmişdim, amma bunu edəcəyini düşünməmişdim. Məncə, artıq “Ferrari” üzərində təzyiq yarada bilmişik. Amma onlar çirkli mübarizə aparsalar, bunun cavabını alacaqlar. Çempionluğun dürüstcə qazanılmasını istəyirik. Xallar itirdik, qələbəni əldən verdik. Yenə də komandamla fəxr edirdik. Bu həftəsonu çox sürətliydik və güclü performans göstərdik. Sıralama turunda “Ferrari”dən sürətliydik və yarışı rahat birinci yerdə aparırdıq. Valtteri əla iş gördü. Bu Mühəndislər kuboku üçün əla oldu”.
Toto Volff: “Fettel hərəkətləri ilə özünü biabır etdi. Boliddə emosiyalar yüksək səviyyədə olur. Burda Sebastyanı müdafiə etmək fikrim yoxdu. Sadəcə, demək istəyirəm ki, Luis əyləclə bağlı test etmədi. Məlumatlarda bunu gördük. Təhlükəsizlik avtomobili 150 metr irəlidə idi. Bu səhv dəyərləndirmədi. Ona bilərəkdən vurduğunu da düşünə bilmirəm. Buna görə də onunla şəxsən danışıb, qəza haqdakı düşüncələrini dinləmək istəyirəm. Bir sürücü bunu əsəbi halda və bilərəkdən edirsə, cəzanın ölçüsünü düşünməliyik. O, 4 qat dünya çempionudu və gənclərə nümunə olmalıdı. Lider sürücü tempi idarə edə bilər. Təhlükəsizlik avtomobili hardasa 150 metr qabaqda idi və o an sürətlənməsi mümkünsüz idi. Məlumatlarda da dayanma olmadığı görünür. Hemilton döngədən sonra ayağını qazdan çəkdi. Sebastyan da ona vurdu”.
Ceki Stüart: “Bu hərəkətdən sonra Fettelin imici zədələndi. Lakin hadisənim başlamasına səbəb Luisin əlverişsiz yerdə birdən yavaşlaması idi. Bu, Sebastyanı şoka saldı və “nə edirsən” demək üçün Hemiltonun yanına gəldi. Daha sonra isə özünü ona çırpdı. Bunun bəhanəsi yoxdu. Birini hədəf göstərmək və ya günahlandırmaq asandı. Lakin hadisəni başladanda da günah olur. Luisi pis vəziyyətə qoymaq istəməsəm də, vəziyyət belə idi. Hemilton Fettelin əyləclərinə çox güc saldı və arxadan çırpılmamaq mümkünsüz idi. Heç kim ayağını qazdan belə çəkməyib. Böyük ehtimalla, onları təəccübləndirmək istəyirdi. Amma sürprizin sonu pis oldu. Məncə, FİA bu mövzuda bir standart təyin etməlidi. Hər yarışa fərqli stüard gətirirlər. Halbuki keçmiş “Formula-1” sürücülərindən birini seçib, normal maaş ilə işlətsələr, problem olmayacaq. İki, ya da üçillik proqram olmalıdı. Beləliklə, hamının məlumatı olar. Təqaüdə çıxmış birisini tapmaq çətin deyil. Bunun hesabına cəzalar daha sabit olacaq”.
Fernando Alonso: “Normal şəraitdə bu yarışı qazanmalıydım, çünki birinci təhlükəsizlik avtomobilindən sonra yarışı qazanan Rikkyardonun arxasındaydım. Hemilton başlıq problemi yaşadı, Fettel cəza aldı, “Fors-İndiya”lılar yarışdan çıxmışdılar. Kimi mübarizəni dayandırmışdı. Beləliklə, avtomotik 2-ci və ya 3-cü olmalıydım. Qələbə uğrunda mübarizə aparmalıydıq, amma heyf ki, o gücdə deyildik. Hər şey bizim xeyrimizə oldu. Daha yaxşı nəticələr qazana bilərdik, lakin mühərrikimiz zəif olduğuna görə yerimizi qoruya bilmədik. Düşünürdük ki, Bakıda xal qazanmaq mümkünsüzdü. Buna görə də 2 xala çox sevinirik”.
Kevin Maqnussen: “Çox xoşbəxtəm. Yeddinci yer düşündüyümdən əla nəticə oldu. Bu il bizim üçün ən çətin trass sayılan Bakı Şəhər Halqasında bu nəticəni əldə etmək gözəldi. Buna görə də sevincliyəm. Bolid bütün həftəsonu ərzində güclü idi. Əyləclə bağlı problemlər var idi. Sadəcə, bu trassın quruluşu bizim üçün əlverişli deyil və rəqabətədavamlı ola bilmirik. Buna görə də 7-ci yer əla nəticədi. Bir ara 3-cü yerdə olanda həyəcanlandım. Yarışın gedişindən isə həzz aldım”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR