Sizin reklam burada

Məğlubiyyət və “sülh”

Baxış Sayı:844

Məğlubiyyət və “sülh”
Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatı sona yaxınlaşır. Şənbə günü 7-ci turun oyunları keçirilib. Bu tur Qafqaz derbisiylə əlamətdar olub. Belə ki, yığmamız Gürcüstanla münasibətləri aydınlaşdırıb. Əvvəlcə Günay Məmmədzadə (2368) Leyla Cavaxişviliylə (2447) heç-heçə edib. Daha sonra Gülnar Məmmədova (2362) Nino Batsiaşviliylə (2468) “sülh”ə razılaşıb. Ülviyyə Fətəliyeva (2341) Salome Meliaya (2393) uduzub. Gürcülərlə görüşdən 1 xalla ayrılmaq mümkün idi. Təəssüf ki, Zeynəb Məmmədyarova (2289) Nana Caqnidzeylə (2533) qarşılaşmanın 22-ci gedişində aşkar üstün vəziyyətdən yararlana bilməyib. Səhv gedişlərdən sonra təşəbbüsü əldən verən təcrübəli şahmatçımız 73-cü gedişdə təslim olub. Beləliklə, millimiz qonşu ölkəyə 1:3 hesabıyla uduzub. Rusiya Polşanı (3,5:0,5), Ukrayna isə Misiri (2,5:1,5) üstələyib. Çin – Hindistan və Vyetnam – ABŞ oyunları 2:2 hesabıyla bitib.
Dünən isə 8-ci turun partiyaları baş tutub. Fikrət Sideifzadənin yetirmələri ABŞ-la üz-üzə gəlib. Məmmədzadə Yekaterina Nemtsova (2313), Məmmədova isə Cennifer Yu (2319) ilə heç-heçə edib. Məmmədyarova Sabina Foysora (2331) uduzsa da, Fətəliyeva Akşita Qortiyə (2240) qalib gəlib. Yekunda komandalar hərəyə 1 xal (2:2) qazanıb. Gürcüstan Ukraynanı (2,5:1,5), Rusiya Misiri (3,5:0,5), Çin Polşanı (3:1), Hindistan isə Vyetnamı (2,5:1,5) məyus edib.
Xal durumu: Rusiya – 14, Ukrayna – 12, Çin – 11, Gürcüstan, Hindistan – 10, Polşa – 7, ABŞ – 6, Vyetnam, AZƏRBAYCAN – 5, Misir – 0.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR