Sizin reklam burada

“Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı

Baxış Sayı:651

“Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı
“O, bütün komandanı öz arxasınca apara bilmək bacarığına sahibdi”

Almaniyada yaşamasına və futbolda ilk addımlarını Avropanın ən inkişaf etmiş ölkəsində atmasına baxmayaraq, bu ilin yanvarında millimizdə çıxış etməyə razılıq verən Renat Dadaşov alman həmkarlarımızın da diqqət mərkəzində saxladığı gənc oyunçulardan biridi. Bugünlərdə istedadlı qürbətçi milli üzvü ilə bağlı “Frankfurter Rundschau” nəşrinə açıqlama verən “Ayntraxt”ın U-19 komandasının baş məşqçisi Aleksandr Şur Robert Prosineçkinin hələ də meydana çıxmaq şansı vermədiyi Renatın gələcək perspektivindən danışıb: “Dadaşov komandaya önümüzdəki çərşənbə günü təqdim olunacaq. Ancaq buna qədər bir sıra məqamlarda dəyişiklik etməlidi. Məsələn, özünə yaşayacaq ev tapmalıdı. Çünki artıq “Ayntraxt”ın akademiyasının yataqxanasında qala bilməyəcək. Əslində isə bu onun üçün yaxşı təcrübə olacaq. 18 yaşında öz ayaqları üstündə durmağı bacarmalıdı”.
Xatırladaq ki, qürbətçi futbolçumuz mayda klubu ilə müddəti 2020-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Şur Renatın üstün cəhətlərindən də bəhs edib: “Çox ciddi potensialı və üstün cəhətləri var. “Tipik forvard” anlayışına ən yaxşı uyğun gələn oyunçudu. Topla çox yaxşı rəftar edir. Rəqibin ciddi təzyiqi ilə üzləşən zaman məsuliyyəti üzərinə götürməyi, topla uzun reyd etməyi bacarır. Qapı qarşısında çox soyuqqanlıdı. Meydanda komanda yoldaşlarını “görməsi” də üstün səviyyədədi. Təsadüfi deyil ki, U-19 komandası ilə son 6 ayda 10 matçda 7 qol vurub və 3 dəfə də məhsuldar ötürmə verib. Xüsusilə də “Kayzerslautern”lə oyunda hesab 0:2 olarkən meydana çıxdı və təkbaşına matçın axarını dəyişdi. 3 ötürmə və 2 qolla komandaya 5:3 hesablı qələbə qazandırdı. O, bütün komandanı öz arxasınca apara bilmək bacarığına sahibdi. Rüdeşaymda doğulsa da, Azərbaycan əsillidi. Buna görə də tarixi vətəninin yığmasında oynamağı seçdi. Bununla belə, o, ölkənin ən yaxşı gənc qolçusu idi. Almaniyanın U-16 və U-17 yığmalarında çoxlu qollar vurmuşdu. Qardaşı Rüfət Dadaşov da Azərbaycan yığmasını seçmişdi. Renat 2003-cü ildə “Ayntraxt”da çıxış edirdi, sonradan “Leyptsiq”ə keçdi. Özü bunu yaxşı məşq şəraitinə görə etdiyini desə də, daha çox pul üçün getdiyi açıq-aşkar bəlli idi. Ancaq orda da çox duruş gətirə bilmədi. İki il sonra idman direktoru ilə mübahisə etdi. Dadaşov haqda idman prinsiplərinə və sağlamlıq qanunlarına əməl etmədiyi deyilirdi. Bu qış yenidən “Ayntraxt”a qayıtdı. İndi onda ciddi dərəcədə inkişaf hiss olunur. Böyüdü, özünü yetişdirdi, komanda yoldaşlarına özünü təsdiq etdirə bildi. Əvvəlcə bu çətin proses olsa da, sonradan hər şey yoluna düşdü. İnanıram ki, o hər gün irəli gedir”.
Şur həm də Dadaşovu qarşıda gözləyən çətinliklərdən bəhs edib: “186 sm boyu olan hücumçu üçün peşəkarlığa keçid o qədər də asan olmayacaq. Daha çox intizamlı olmalıdı. Gəncliyində istedadlı olduğunu göstərməyi bacarıbsa, indi bunu təsdiq etməlidi. Xüsusilə də əsas komandanın hücumçusu Aleks Mayerdən çox şey öyrənə bilər. O artıq öz yolunu seçib və uğur üçün nə lazım olduğunu çox yaxşı anlayır. Bir dəfə müsahibəsində demişdi ki, onun idealları Zlatan İbrahimoviç və Kərim Benzemadı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR