“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.
Budəfəki yazıda “Sumqayıt” Futbol Akademiyasından söz açacağıq. 2019-cu ildən Azərbaycana gələn, “Sumqayıt”ın akademiyasına rəhbərlik edən Hakan Sünalla söhbətimizdə bir çox maraqlı məqama toxunduq.
- Hakan bəy, artıq 3 ilə yaxındı “Sumqayıt” Futbol Akademiyasının rəhbərisiz. Sizin rəhbərliyiniz altında bu müddət ərzində akademiyada ümumilikdə hansı işlər görülüb?
- 2019-cu ilin aprelində Sumqayıta gəlmişəm. İlk işimiz strukturu formalaşdırmaq, sistemli iş görmək oldu. Çünki həmin vaxta qədər işlər sistemli getmirdi, struktur yaxşı vəziyyətdə deyildi. Uşaqları əsasən üç yaş qrupuna böldük. Bunlar “təməl” qrup, “orta qrup” və “performans qrupu”du. Bununla yanaşı, məşqçilərin sayını artırdıq. Akademiyada 16 mütəxəssis çalışırdı. İndi bu say təxminən iki dəfə artıb. Ümumilikdə akademiyamızda 36 nəfər çalışır. Hər komandada iki məşqçi var, qruplara isə ayrıca əlaqələndirici təyin olunub. Bundan başqa, uşaqların fiziki və atletik hazırlığına nəzərat etmək üçün ayrıca mütəxəssis işə cəlb edilib. Uşaqlarla yanaşı, mütəxəssislərimizi də yetişdiririk. İlk vaxtlarda 2-3 həftə sırf həmin mütəxəssislərlə hazırlıq keçdik, çalışdıq ki, onlara öz oyun fəlsəfəmizi aşılayaq. Çalışdıq ki, məşqçilər hansı yaş qrupunda nələrə diqqət yetirmək lazım olduğunu bilsinlər. Mərhələ-mərhələ bu yolları keçdik və işimizə başladıq. Hər şey bizim üçün yaxşı gedərkən araya pandemiya girdi. Koronavirus pandemiyasından çox ziyan gördük.İlyarım işlərimizə ara verməli olduq. FİFA-dan həmin vaxt bildiriş aldıq. Məlum oldu ki, Azərbaycanda iki akademiya bu sahədə seçilib, onlardan da biri “Sumqayıt” Futbol Akademiyası olub. İşimizi dəyərləndirdilər. Səkkiz ay ərzində gördüyümüz işlərə verilən böyük qiymət idi. Nəzərə almaq lazımdı ki, biz hər şeyə sıfırdan başlamışdıq. Ondan sonra çalışdıq ki, ən vacib istiqamətlər üzrə işimizi sürətləndirək. Fərdi hazırlıqlara diqqəti artırmışıq. “İstedad proqramı” başlayıb. Seçilən futbolçulara həftəortası ayrıca ingilis dili və psixoloji məşğələlər keçirik. Bununla yanaşı, onların zəif olduqları xüsusiyyətlərin üzərində ayrıca çalışırıq. Həmin 16 futbolçunu sürətli bir şəkildə əsas və əvəzedici komanda üçün hazırlayırıq. Eyni zamanda məşqçilərimizə də həftədə iki dəfə ingilis dili dərsi keçirik. Bunda da məqsəd həmin mütəxəssislərin ingilis dilində başa düşməsi, bu vasitə ilə də internetdəki ingilis dilində olan informasiyaları mənimsəyə bilməsidi. Avropaya çıxaracağımız futbolçular da ingilis dilini bilməlidi ki, özlərini rahat hiss etsinlər, tez uyğunlaşsınlar.
- Bu müddət ərzində “Sumqayıt” Futbol Akademiyasında infrastruktur baxımından hansı dəyişikliklər olub?
- Təəssüflər ki, ilk vaxtlar forma və top baxımından ciddi nöqsanlar olduğunu görürdüm. Çalışdıq ki, bunları həll edək. Yetərli sayda top alındı, uşaqlar geyim dəstləri ilə təmin edildilər. Özüm də Almaniyadan bəzi avadanlıqları gətirdim. Bəzi xüsusi məşqlər var ki, onların topları ayı olur. Misal üçün, baş zərbələrini məşq etmək üçün ayrıca toplar var. Onları Almaniyadan şəxsən gətirmişəm. Təminat baxımından qısa müddətdə böyük inkişaf yolu keçdik. Eyni zamanda əlavə olaraq, ayrıca bir texniki meydança qurdurdum. Həmin meydançada ancaq texniki məşqlərimizi həyata keçiririk. Uşaqlar orda topa başla zərbə endirməyi, yaxud da ötürmə verməyi öyrənirlər. Artıq akademiyanın məşqçiləri və futbolçular əsas komandayla eyni markalı geyim dəstləri ilə təmin olunurlar. Etiraf etməliyik ki, stadionla bağlı bir qədər sıxıntımız var. Sumqayıt çox böyük şəhərdi. Bu boyük şəhərdə cəmi bir süni örtüklü meydançadan istifadə edə bilirik. İnşallah, gələcəkdə bu problemin həlli üçün şəhərin içində baza tikək, ayrıca meydançalar salaq. Belədə aşağı yaş qruplarını ora keçirərik. Böyük meydançalarda uşağa məşq keçmək xeyli çətindi. Təməl baza layihəsi reallaşsa, “Kapital Bank Arena”nın da yükü azalmış olacaq.
- Şimal bölgəsinə yaxın şəhərdə yerləşən “Sumqayıt” ətraf ərazilərdə olan klublar, eləcə də Sumqayıtın özündəki uşaq futbol məktəbləri ilə hansısa əlaqəli işlər aparırmı?
- Sumqayıt özü idmançılar şəhəridi. Azərbaycanın bir çox tanınmış futbolçu və idmançıları bu şəhərin yetirməsidi. Ona görə də yetərincə istedad var. Bizim də gözümüz həmin istedadların üzərindədi. Akademiyamızdakı uşaqların böyük əksəriyyəti sumqayıtlıdı. Çox az bir qism Masazır kimi yaxın qəsəbələrdən gəlirlər. Gələcəkdə geniş ərazini əhatə etməyi çox arzulayırıq. Qubaya, Qusara doğru açılaq, oralarda futbol məktəbi quraq. Belədə ordakı istedadlı uşaqları da akademiyamıza qazandırarıq. Sumqayıtdakı məktəblərlə əlaqə saxlayırıq, onlara həm forma və toplarla, həm də dərs ləvazimatları ilə dəstək olmağa çalışırıq. Bizim meydanlarda yarışlar keçirilər. Daim əlaqədəyik. Onlar da bizə futbolçu verirlər. İşbirliyini bir az daha sıxlaşdırmağa çalışacağıq.
- “Sumqayıt” futbol klubunda akademiya, əvəzedici və əsas komanda arasında əlaqələr necə qurulub?
- İşbirliyi yüksək səviyyədə qurulub, əlaqələrimiz yaxşıdı. Bu il xüsusiylə əlaqələri gücləndiririk. Mən özüm əvəzedici komandanın baş məşqçisiyəm. Ona görə də əvəzedici komandada akademiyamızdan gələn futbolçuların sayını xeyli artırmışıq. 18 futbolçunun 14-ü öz akademiyamızın yetirməsidi. Onların da əskəriyyət divizionda ilk təcrübələrini qazanırlar. Əsas məqsəd odu ki, akademiyadan həm əvəzedicilərə, həm də əsas komandaya futbolçu verə bilək. Ayxan Abbasonun rəhbərliyi altında 16 yaşlı Sənan Ağayev əsas komandamızda debüt etdi. Aleksey Baqa da akdemiyamızla maraqlanır. Gələcəkdə akademiyamızdan futbolçuları məşqlərə, oyunlara dəvət edəcək. “İstedad qrupu”ndakı 16 futbolçumuzun gələcəyinə böyük ümidlərlə baxırıq.
- Təcrübəli bir futbol adamı kimi Azərbaycanın uşaq futbolunun bugününü necə görürsüz? Problemlər və onların həlli yolları haqda nə deyərdiz?
- Bu problemləri bir neçə yerə bölmək olar. Başlayaq elə infrastrukturdan. Daha çox meydançalara, sistemli işə, düzgün struktura ehtiyac var. Hər klubun öz akademiyası olmalıdı. Avropadan çox fərqlənirik. Mən ordan gəldiyim üçün bu fərqi görürəm. Biz akademiya qurmuşuq və tezliklə bunun faydasını görəcəyik. Avropa artıq daha çox texnologiyaya meyillənir. Biz hələ fəlsəfədəyik. Texnologiya səviyyəsinə çatmamışıq. Ona görə də futbol bütün Azərbaycana yayılmalıdı. Meydança olmalı, futbolla məşğul olanların sayı artmalıdı. Amma məşqçilər də günün tələblərinə cavab verməlidi. Məqsəd günkeçirmək, təkcə maaş almaq olmamalıdı. Onlar bu işə can qoymalı, öz üzərlərinə işləməlidilər. Azərbaycanda valideynlər məşqçiləri təzyiq altında saxlayır. Gecə saat 1-də məşqçiyə zəng vuran valideyn görmüşəm. Bəzən ortaya xoşagəlməz söhbətlər, rüşvət-filan məsələləri də çıxır. Bunlar futbol adına xoş hadisələr deyil. İstedadlı uşaqlar kənarda qalır, valideyni pul verənlər oynayır. Bu da haqsızlıqdı. Belə hallara son qoyulmalıdı. Valideynlər məşqçilərin işinə müdaxilə etməməlidi. Məşqçilər də buna şərait yaratmamalıdı. Avropadan fiziki baxımından da geri qalırıq. Rəqiblərimiz onlar olanda biz “Mikki Maus”a dönürük, rəqib isə filə çevrilir. Fiziki məşqlərə diqqət yetirmək vacibdi. Futbol güləş, atletika deyil. Bu idman növünün öz qaydaları, tələbi var. Ona uyğun da bədən gücü inkişaf etməlidi. “Sumqayıt”da atletika üzrə xüsusi məşqçi var. Futbolçulara sürət və dözümlülük öyrədir. Eyni zamanda da düzgün qaçmağı bilmək lazımdı. Avropa təcrübəsini həmin məşqçiyə öyrədirik. Hazırda yüksək səviyyədə məşqlər keçir. Testlərimizin nəticəsi bunu göstərir. İl ərzində uşaqlardan 4 dəfə test götürürük, bununla sürəti və fiziki hazırlığın səviyyəsini ölçürük. Valideynlərə də göstəririk ki, onun usağı hansı vəziyyətdədi, onda inkişaf gedir, ya yox. Bir də ki, hər bir məşq prosesini videogörüntüləri çəkilməli, analitik tərəfindən təhlik edilməlidi. “Hoffenhaym”da təcrübə zamanı bunu gördüm. Hər bir uşaq komandasının öz analitiki var. Belədə məşqçi də öz işiylə məşğul olur, məşqləri daha yaxşı təşkil edə bilir. Analitiklər isə ona vacib məlumatları verir. Yaydan sonra biz də akademiyamızda bunu yaratmaq istəyirik. Xüsusən də “istedad qrupu”ndakı 16 uşaq üçün bunu etmək vacibdi. Fərdi göstəricilər mütləq təhlik edilməlidi. Hazırda akademiyamızda 250 nəfər məşq edir. Onlardan 10-u peşəkar futbolçuya çevrilsə, bizim üçün uğur sayılmalıdı. Qidalanmaya da ciddi nəzarət edilməlidi. Hələlik bizdə də belə problem var. Uşaqların məşqdən əvvəl və sonra, oyunlar ərəfəsində nə yediyini bilmirik. Düzdü, tapşırıqlarımızı veririk. Amma qidalanma üzrə ekspert olmalıdı ki, bu iş daim nəzarətdə olsun. Vücud məşq sırasında normal qidalanmalıdı ki, inkişaf etsin. Məktəb məsələsi də ağrılı yerimizdi. Uşaq həftəortası bir neçə komandada oyuna çıxanda məktəbə gedə bilmir. Belə olmamalıdı. Avropadakı akademiyaların azı 90 faizində məktəblər var. Orda həm təhsil verirlər, həm də idmanın başqa növlərini, hətta futbolu da uşaqlara öyrədirlər. Uşaqları məktəbdən ayırmaq olmaz. Mən burda eşitdim ki, sovet vaxtında belə internatlar var imiş. Almaniyanın 2014-cü ildə çempion olan millisində 90 faiz futbolçular məhz akademiyalarda yetişənlər idi. Uşaqların əsgərlik problemi də ciddi məsələdi. Bir uşaq uzun müddət məşq edir, ali məktəbə girə bilməsə, onu əsgərliyə aparırlar. İl yarımlıq fasilədən sonra onun futbola qayıtması, formasını bərpa etməsi çətin olur. Buna diqqət yetirməliyik.
İLKİN SULTANLI