Yəqin ki, Konfrans Liqasının pley-offunun ilk matçında, “Marsel” - “Qarabağ” görüşündə başverənlər hamının yadındadı.
Tribunalarda fişənglər yandırılmış, erməni bayraqları dalğalanmış, “Artsakh is Armenia” şüarları səsləndirilmişdi. Təbii ki, buna görə fransızlar cəzalanmalı idi. Belə də oldu. Dünən UEFA oyunda baş verən hüquqi pozuntularla bağlı qərarları açıqlayıb. Nəzarət, Etika və İntizam Komitəsi yerli kluba ümumilikdə 44 min 250 avro cərimə kəsib.
Cərimənin 20 mini azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub. Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin rəmzinin nümayiş etdirilməsi "Marsel"ə bu məbləğə baha başa gəlib. Rəqib daha 14 min avronu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən ödəyəcək. 10 min 250 avro isə fişəng yandırılması ilə əlaqədar tutulacaq.
Cəzanın belə olacağını 1 həftə əvvəldən diqqətinizə çatdırmışdıq. Tanınmış vəkil Fərid Haqverdiyevin “Futbol+”ə açıqlamasını yenidən təqdim edirik:
“Marsel” - “Qarabağ” matçında yaşananlarla bağlı dünən UEFA İntizam Komitəsi 3 istiqamətdə iş açıb: qadağan olunan bannerlərin qaldırılması, təhlükləsizlik dəhlizlərinin bloklanması, pirotexniki vasitələrin yandırılması. Hər üç məsələ cəzalandırılan sanksiyadı. Burda ən vacib məsələ qadağan olunan bannerlərin qaldırılmasıdı. “Qarabağ Armenia” yazısı stadionda olmamalı idi. İkinci məqam fişənglərin yandırılmasıdı. Oyun ərzində buna şahid olduq. Üçüncüsü isə bəzi azarkeşlərin öz yerində yox, dəhlizlərə gedən pilləkənlərdə oturmasıdı. Bununla bağlı hansısa məlumat verilməyib. Mən fişənglərlə bağlı cərimənin dəyərini demək istəyirəm. Bu hadisə birinci dəfə baş verirsə, nə qədər fişəng atılıbsa, onun sayını vururlar 500 avroya. Bu ikinci dəfə baş verirsə, alınan məbləğin 50 faizi də cərimənin üzərinə gəlir. Təhlükəsizlik dəhlizlərinin bağlanmasına görə isə cərimənin məbləği 8 min avrodu. İkinci dəfə baş verirsə, 12 min avrodu. Bannerlərə görə cərimələrdə fərqlilik var. Bu xəbərdarlıqdan tutmuş, 1 milyon avroya qədər ola bilər. Bundan əlavə, tribunaların bir qismi növbəti ev matçında qapana bilər. Belə məsələlərdə xalsilmə cəzası da verilir. Amma yəqin ki, bura aid edilməyəcək. Düşünürəm ki, “Marsel” 100 min avroya qədər cəzalanacaq”.
Yəni burda qeyri-adi nəsə yoxdu. Gözlənilən idi. Amma cəza bir az çox verilə bilərdi? Sualı Fərid Haqverdiyev belə cavabladı:
“Mən şəxsən düşünmürəm ki, cərimələrin məbləği azdı. Burda tərəf kimi “Qarabağ” iştirak etmir. Hər şey UEFA nümayəndəsinin raportuna əsasən qeydə alınır. Ya da ki, intizam işi ilə bağlı təyin olunan müfəttiş olur. Onun rəyi əsas götürülür. Həmin şəxs nə qeyd edirsə, buna uyğun İntizam Komitəsi qərar verir. Bunun əsasında “Marsel” apellyasiya şikayəti verə bilər. Düşünmürəm ki, fransızlar bu addımı atsınlar. Bu cəza açıqlananda da “Marsel”in mövqeyi və müdafiəsi əsas götürülür. Mən də həmin məsələ ilə tanış deyiləm ki, sizə ətraflı məlumat verim. Amma açıqlanan məbləğdən görünür ki, fransızların ağlabatan müdafiələri olmayıb. Qısaca, “Qarabağ” bu işə müdaxilə edə bilməzdi. Ağdam təmsilçisinin işi o idi ki, məlumatı UEFA-ya yönləndirsin, şikayət etsin. Bu da baş vermişdi”.
Yekun olaraq deyə bilərik ki, UEFA-nın qərarları normaldı. Amma gəlin, fərqli prizmadan baxaq. Hər dəfə ermənilər ayrı-ayrı ölkələrin fərqli klublarında belə əclaflıqlar etdikdən sonra 50 min avro ödəyib, canları qurtacaqlar? Olmazdı ki, UEFA “Marsel”i 1 milyona yaxın cərimələsin və digər klublara bu da görk olsun? Necə olur ki, Ukraynada gedən müharibəyə görə UEFA və FIFA ruslara sanksiyalar tətbiq edir, amma ermənilərə “gözünüz üstündə qaşınız var” deyən yoxdu? Əslində hər şey özümüzdən asılıdı. “Qarabağ” 2 ilə yaxındı ki, sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun məsələsini həll edə, 70 milyonluq ölkədən cəmi 70 azarkeşi komandaya dəstək olmaq üçün apara bilməyəndə, UEFA da belə sadə cəzalarla hər şeyi yola verəcək...
İLKİN SULTANLI