Təcrübəli argentinalı forvard Qonsalo İquayn Argentina mətbuatına diqqətçəkən açıqlamalar verib.
Daha öncə ''Real'', ''Napoli'', ''Yuventus'', ''Milan'', ''Çelsi'' kimi klublarda top qovan, 2020-dən bu yana ''İnter Mayami''nin şərəfini qoruyan 34 yaşlı forvard karyerasını bitirdikdən sonra futboldan uzaqlaşacağını bildirib:
''İnsanlar heç təsəvvürlərinə də gətirmirlər, futbolçu olmaq nə deməkdi. Bizim də valideynlərimiz var, bizim də həyatımızda çətinliklər, acı çəkdiyimiz vaxtlar olur. Karyeramı nöqtələdikdən sonra birmənalı şəkildə futboldan uzaq olacam. Karyeramda nəyə istəyirdimsə hamısına artıqlaması ilə nail olmuşam. Gözləntilərimi çox aşmışam. Mənə verdiklərinə görə futbola təşəkkür edirəm. Peşəkar karyeramın son gününə qədər bu oyundan zövq alacam. Amma sonra heç topa yaxın da durmayacam. Çünki futbol çox çirkli dünyadı! Karyeramı bitirdikdən sonra bu dünyanın içində yer almaq istəmirəm. Futbola yeni başlayanlar hər şeyin əla olduğunu düşünür və sevinirlər. Amma bu sahə ilə yaxından tanış olduqdan sonra pislik, qısqanclıq və paxıllıqla qarşılaşırsan. Mənim üçün artıq həyatda ən vacib olan şey var. Həyat yoldaşımı və qızımı nəzərdə tuturam. Özümü yenidən bu şarın içinə salmaq istəmirəm''.