Premyer-liqada 18-ci turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Keşlə" doğma azarkeşlər önündə "Sabah"ı qəbul edib - 0:1. Qonaqların baş məşqçisi Murad Musayev oyun sonrası mətbuat konfransında iştirak edib. Çalışdırıcı, görüş haqda bunları deyib:
"Bizim üçün çox önəmli qələbə idi. Axırıncı oyunlarda yaxşı futbol sərgiləyirdik, sadəcə nəticə yox idi. Son dəqiqələrdə qələbə qazanmaq həm xal, həm də mental baxımdan bizim üçün önəmli idi”.
- Elvin Camalovun durumu nə yerdədi?- Qaşı açılıb, beyin silkələnməsi var. Tibbi baxış lazımdı ki, onun hansı müddətə bizimlə olmayacağını dəqiqləşdirək.
- Zurab Oçiqava milliyətcə gürcü olsa da, Ukrayna vətəndaşıdı. Onun psixoloji durumu nə yerdədi? - Bundan əvvəlki oyunu buraxmışdı. Çünki konsentrasiya olması çətin idi. Qohumları ilə danışıb, vəziyyəti yaxşıdı. Komanda üçün çox vacib qol vurdu.
- “Keşlə” üçün bu stadionda son oyun idi və qalib gələn tərəf siz oldunuz. Bu, sizin üçün önəm idi?- Bizim üçün elə də önəmli deyildi. Özümüz haqda düşünürdük. Bizim üçün önəmli olan qələbə qazanmaq idi. “Keşlə” Şamaxıya köçür, onları bu münasibətlə təbrik edirəm. Amma biz bu haqda düşünmürdük.