Dünən İngiltərə çempionatının 28-ci turunda ''Liverpul'' öz meydanında Sadio Manenin vurduğu qolla ''Vest Hem''i məğlub etdi.
Premyer-liqada ardıcıl 7-ci qələbəsini qazanan mersisaydlılar 2022-ci ildə keçirdikləri 15 rəsmi matçın heç birində uduzmayıblar. Komanda lider ''Mançester Siti''ni qarabaqara izləməkdə davam edir. Sözügedən qarşılaşmada həm də bir maraqlı rekord qeydə alındı. Vircil Van Diyk premyer-liqa çərçivəsində ''Liverpul''un heyətində meydana çıxdığı 60-cı ev matçında da məğlubiyyət acısı yaşamadı! 2017/18-in qış fasiləsində ''Sauthempton''dan transfer edilən niderlandlı müdafiəçi bu 60 ev oyunundan 52 qələbə, 8 heç-heçə ilə ayrılıb. Bu, premyer-liqanın yeni rekordudu. Əvvəlki rekord Li Şarpa məxsus idi. O, 1988-dən ''Mançester Yunayted''in şərəfini qorusa da, premyer-liqa yarandığı 1992-dən sonra bu komanda ilə turnirin ilk 59 ev oyununda məğlubiyyət acısı yaşamamışdı.